Əbülfəs Qarayev kulinarları sevindirdi

 

"Nazirlər Kabinetinə artıq müraciət etmişik

“Hökumət Evi”ndə Azərbaycan Kulinariya Mərkəzinə yer ayrılacaq"

 

Ötən həftənin sonu incəsənətimizin orijinal sahələrindən olan kulinariya aləmində önəmli hadisə oldu. Azərbaycanda Beynəlxalq Kulinariya Günü rəsmi şəkildə qeyd olundu. Muğam klubunda Tahir Əmiraslonovun rəhbərliyi ilə Azərbaycan Kulinariya Mərkəzi geniş sərgi keçirdi.

Mərasimdə ilk söz Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevə verildi. Nazir Azərbaycan kulinarlarını bayram münasibətilə təbrik etdi: "Nazirlər Kabinetinə artıq müraciət etmişik. "Hökumət Evi"ndə Azərbaycan Kulinariya Mərkəzinə yer ayrılacaq. Sevindirici faktordur ki, hər il oktyabrın 20- kulinarların bayramı keçiriləcək. Azərbaycanın çox zəngin qədim mətbəxi var. bu qədim incəsənətimizi qorumalıyıq".

Nazirin çıxışından sonra Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov çıxış etdi: "Biz 2004-cü ildən rəsmi şəkildə müraciət edərək Beynəlxalq Kulinariya Gününün qeyd olunmasını xahiş etmişdik. Nəhayət ki, dövlət səviyyəsində bu günün qeyd olunmasına göstəriş verildi. Biz nazirliyə minnətdarlığımızı çatdırırıq".

Xatırladaq ki, yaxın zamanlarda "Azərbaycan Milli Kulinariya ensiklopediyası" çap olunacaq. Mərasimdə o da qeyd olundu ki, Kulinariya Mərkəzi Azərbaycanın qədim milli mətbəxini sübut edən arxiv materialları ilə yanaşı, milli mətbəx alətlərimizi qoruyub saxlayır, Bəzi materiallar isə kompüterdə saxlanılır. Binanın, texniki avadanlıqların olmaması əldə olan materialların itib-batmasına səbəb olur. Kulinariya Mərkəzi nazirin çıxışından sonra ümid edir ki, onlar məkanla təmin olunacaqlar.

Xatırladaq ki, oktyabrın 20- həmçinin tanınmış usta Şahhüseyn Kərimovun da 60 illik yaradıcılıq gecəsi keçirildi.

Mərasimdə isə müxtəlif səpkili əl işləri, təamlardan hazırlanan kompozisiyalar təqdim olundu. Daha çox isə balqabaqdan, nardan, çuğundurdan hazırlanan kompozisiyalar diqqət çəkirdi.

 

Şərq.- 2007.- 23 oktyabr.- S. 14.