Rzalı R.
Beynəlxalq Kulinariya bayramı qeyd olundu
Ötən gün
dünyanın yüzdən çox ölkəsi ilə
bərabər Azərbaycan kulinarları da Beynəlxalq
Kulinariya bayramını qeyd etdilər. Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyi ilə keçirilən
bayram mərasimində ölkəmizdə fəaliyyət
göstərən xarici ölkələrin
səfirliklərinin, beynəlxalq qurumların
nümayəndələri və restoranlarda işləyən
əcnəbi aşpazlar iştirak edirdilər. Milli
mətbəximizə heyranlıqlarını
gizlətməyən əcnəbi aşpaz ustalar
meyvələr və bostan bitkiləri üzərində
işlənmiş fantaziyalara heyranlıqla tamaşa
edirdilər. Fidan Vəliyeva və Emin Qurbanovun qarpız,
yemiş, balqabaq və başqa bitkilər üzərində
yaratdıqları qəhrəman və göldə
üzən sonalar obrazları bayram sərgisinin bəzəyi
idi.
Bayram mərasimini mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev açaraq ilk dəfə dövlət
səviyyəsində qeyd olunan kulinariya bayramı
münasibətilə milli kulinarlarırmızı təbrik
etdi və nümayişə çıxarılan əl
işlərinə heyranlığını bildirdi. Nazir
məşhur aşpaz usta Şahhüseyn Kərimovun 60 illik
yubileyini də diqqətə çəkərək ona
nazirliyin hədiyyəsini təqdim etdi. Ə.Qarayev qeyd etdi ki,
üzümüzə gələn Novruz bayramında Milli
Kulinariya Mərkəzinin rəhbərliyi ilə şimal
bölgəsində kulinariya festivalı keçiriləcək.
Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov
tədbirə toplaşanlara dərin
minnətdarlığını bildirdi və dünyanın
yüzə qədər ölkəsində
müsabiqələrdən qızıl medallarla dönən
yerli ustalarımızın əl qabiliyyətindən
danışdı. Sonra onun ideyası əsasında Rasimə
Əhmədovanın quruluşunda ilk dəfə
"İncilər" ansamblı tərəfindən
hazırlanmış "Yuxayayanlar" etnoqrafik mətbəx
rəqsi ifa olundu. Bu, mətbəx mədəniyyəti
silsiləsindən hazırlanan ilk milli rəqs idi.
T.Əmiraslanov bildirdi ki, bu yönümdə bir sıra
rəqslərin hazırlanması istiqamətində iş
gedir.
Bayram mərasiminin bədii hissəsində milli rəqslərimiz
ifa olundu, mahnılar səsləndirildi.
Azərbaycan.-2007.-21 oktyabr.-S.8.