Rzalı R.

 

Milli mətbəximiz ölkələri dolaşır

 

20 oktyabr Ümumdünya Kulinariya Günüdür


Hər xalqın özünəməxsus tarixi, ədəbiyyatı, folkloru, milli adət-ənənəsi olduğu kimi, özünəməxsus mətbəxi də mövcuddur. Ümumdünya Kulinariya Təşkilatı da yarandığı gündən məhz bu amala xidmət edir, hər bir millətin kulinar mütəxəssislərinə süfrə və mətbəx mədəniyyətini nümayiş etdirmək imkanları yaradır. Bu beynəlxaq qurum hər zaman kulinariya yarışmalarını sülh, barış, dostluq və əməkdaşlıq devizi altında keçirir.
Xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği ilə məşğul olan Azərbaycan Milli Kulinariya Mərkəzi 1991-ci ildə yaradılıb. 1992-ci ildən isə Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvüdür. Ölkəmiz keçmiş SSRİ ərazisindən və Türk dünyasından bu quruma qəbul edilən ilk dövlət olub. 1993-cü ildə Azərbaycan komandası ilk dəfə Maltada keçirilən Dünya kulinariya çempionatına qoşulub və qızıl medalla vətənə dönüb. Çünki Milli Kulinariya Mərkəzi yarandığı gündən aparıcı kulinarları, bişir-düşürü, səliqə-sahmanı və bu sahədə yaradıcılıq fantaziyası olan mütəxəssisləri ətrafında birləşdirib.
Qatıldığı bütün yarışlarda birinciliyi əldən verməyən milli kulinariya ustalarımız dünyanın bir neçə ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyəti nümayiş etdirdilər. Hətta Malta Prezidenti Qvide de Marko, İngiltərə şahzadəsi Anna azərbaycanlı kulinarların əl qabiliyyətinə heyran qalmış, onları qəbul etmiş, mükafatlandırmışdılar. Kulinariya özü də bir yaradıcılıqdır. Ölkəmiz 1998-ci ildən YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının da üzvüdür.
Xalqımızın mətbəx mədəniyyətinin hərtərəfli tədqiqi ilə məşğul olan Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov yerli komandası ilə dəfələrlə Dünya kulinariya konqreslərində, Avropa konfranslarında fəal iştirak etmiş, UKTB-nin egidası altında Malta, Koreya, Sinqapur, Rusiya, Almaniya, Avstriya, Norveç, İngiltərə, Çexiya, Malayziya, Amerika və başqa ölkələrdə keçirilən kulinariya çempionatı və olimpiadalarında onlarca qızıl, gümüş, bürünc medallar və bir sıra mükafatlar qazanmışdır. Rusiya, Fransa, Avstriya, Almaniya, Özbəkistan və başqa ölkələrdə Azərbaycan mətbəx mədəniyyəti günləri keçirilib. Hətta bir sıra beynəlxalq yarışlarda azərbaycanlı mütəxəssislər hakim kimi çıxış etmişlər.
Azərbaycanın mətbəx tarixinə, mədəniyyətinə də qısqanclıqla yanaşan bədnam qonşularımız bir neçə beynəlxalq yarışlarda xalqımıza məxsus xörəkləri, şirniyyatları və süfrə bəzəmə ənənələrini öz adlarına çıxaraq erməni mətbəxi kimi dünyaya tanıtmaq istəmişdilər. Lakin həmin yarışlara qatılan, bəzən də həmin tədbirlərdə münsif kimi çıxış edən AMKM mütəxəssisləri tezliklə bunun qarşısını almış, onlara beynəlxalq səviyyədə verilən cavab və etiraz çıxışları xarici ölkə mətbuatında dərc olunmuşdur. Nəticədə erməni jurnalistləri və bu sahənin alim və mütəxəssisləri bəzi dünya yarışlarından təcrid edilmişlər. AMKM-nin səyi nəticəsində Ermənistan dövləti dünyada keçirilən kulinariya olimpiadalarına, çempionatlarına və elmi konfranslara dəvət edilmir, Ümumdünya Kulinariya Təşkilatları Birliyinə yaxın buraxılmır.
Azərbaycan Milli Kulinariya Mərkəzinin milli komanda daxilində hazırladığı mütəxəssislər respublikanın aparıcı müəssisələrində, həmçinin xarici ölkələrdə çalışırlar. Dəfələrlə ölkədə gənc kulinarların respublika müsabiqəsi, evdar qadınların mətbəx çempionatları, barmenlərin müsabiqəsi keçirilmiş, gənclərin təcrübə toplamasına kömək göstərilmişdir.
Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-ni Ümumdünya Kulinariya Günü kimi elan edilməsi haqda qərar qəbul edib. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bildirdi ki, dünya kulinariya məktəbində öz yeri, nüfuzu olan Azərbaycan zəngin maddi mədəniyyətimizə aid olan kulinariya bayramına sülh, dostluq, barış və birlik devizi altında qoşulur.

 Azərbaycan.- 2007.- 20 oktyabr.- S.8.