Xose Karreras:  Mən Azərbaycana təkrar-təkrar gəlməyə hazıram

 

AzərTAc xəbər verir ki, dünya şöhrətli opera müğənnisi Xose Karrerasın konserti Bakının mədəni həyatında unudulmaz hadisə olacaqdır. İspaniyanın əfsanəvi tenoru oktyabrın 20-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində çıxış edəcəkdir.
Bakılılar milyonlarla insanın pərəstiş etdiyi müğənni ilə görüşə bir aydan çoxdur - paytaxtın küçələrində konsert barədə afişalar görünməyə başlayandan bəri hazırlaşırlar. Lakin, sən demə, Karrerasın özü də Bakı tamaşaçısı ilə görüşü səbirsizliklə gözləyirmiş. Dünya operasının ulduzu bunu konsert ərəfəsində "Hyatt Regency" hotelində keçirilən mətbuat konfransında özü etiraf etdi.
Müğənni dedi ki, Bakıya ilk dəfədir gəlir. Lakin indi bura təkrar-təkrar gəlməyə hazıram. Azərbaycan zəngin musiqi ənənələri olan ölkədir. Belə ənənələri qoruyub saxlamaq lazımdır. Bu, mənə də aiddir.
Onun sözlərinə görə, "İtaldizain Group"un təşkil etdiyi iki hissədən ibarət konsertin proqramına XVIII-XX əsrlər İtaliya və İspaniya bəstəkarlarının klassik əsərləri daxildir. Müğənnini uzun illərdir əməkdaşlıq etdiyi, Avropanın ən yaxşı pianoçularından biri sayılan Lorenso Bovajo müşayiət edəcəkdir.
Əfsanəvi tenorun Bakıya səfərinin daha bir məqsədi İsveçrənin məşhur "Chopard" firmasının mağazasının açılışı mərasimində iştirak etməkdir. Müəyyən mənada bu, Leykemiya ilə Beynəlxalq Mübarizə Fondunun təsisçisi olan Karrerasın geniş xeyriyyəçilik fəaliyyəti ilə bağlıdır. Vaxtilə bu dəhşətli xəstəlikdən əziyyət çəkmiş məşhur tenor dünyada minlərlə belə xəstənin şəfa tapması üçün əlindən gələni əsirgəmir. Xose Karreras mətbuat konfransında bildirdi ki, "Chopard"ın Bakıdakı mağazasında zinət əşyalarının, aksessuarların və ətriyyatın satışından əldə ediləcək gəlirin bir hissəsi Leykemiya ilə Beynəlxalq Mübarizə Fonduna keçiriləcəkdir.

 

Azərbaycan.- 2007.- 20 oktyabr.- S.6.