Qəlbin dərinliklərindən
süzülüb gələn ecazkar musiqi
Bakılılara
əfsanəvi opera müğənnisi, dünya
şöhrətli tenor Xose Karrerasın möhtəşəm
sənəti ilə görüşmək səadəti
nəsib olmuşdur. Bu görüş oktyabrın
20-də Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının səhnəsində baş tutmuşdur.
AzərTAc xəbər verir ki, İspaniyanın məşhur
tenoru səhnədə görünəndə salon əsl
sənət xiridarları sayılan bakılıların
gurultulu alqışlarından lərzəyə gəldi.
İki hissədən ibarət konsertin proqramına İtaliya
və İspaniya bəstəkarlarının klassik
əsərləri daxil edilmişdi. Birinci bölmədə
Skarlatti, Kosta, Tosti və Terendellinin, ikinci bölmədə
isə Hardel, Albeniz, Qranados, Morera, Ribas və
başqalarının əsərləri səsləndi.
Avropanın ən mahir pianoçularından biri sayılan
Lorenso Bavacın müşayiəti ilə ifa olunan hər bir
opera ariyasında, yaxud romansda Xose Karrerasın səsinə
məxsus təbii lirizm çağlayırdı.
Müğənni məhz belə ifa tərzi ilə
salondakıları son dərəcə təsirləndirdi.
Yəqin, buna görə müğənninin qəlbinin
dərinliklərindən süzülüb gələn hər
bir ecazkar musiqi əsəri gurultulu alqışlarla, salonun
coşğun reaksiyası ilə müşayiət olunurdu.
Bakılılar, həqiqətən, yaxşı musiqini
qəlbən duyan əsl sərraflardır və
peşəkar ifanı qiymətləndirməyi bacarırlar.
Təsadüfi deyildir ki, Xose Karreras bir gün əvvəl
keçirdiyi mətbuat konfransında bildirmişdi ki, bu, onun
Bakıya birinci səfəridir. Lakin Azərbaycanın
zəngin musiqi ənənələrindən xəbərdar
olduğu, burada musiqiyə necə həssas
yanaşıldığını hiss etdiyi üçün
paytaxtımıza təkrar-təkrar gəlməyə
hazırdır. Ölkəmiz də dünyanın artıq
bütün aparıcı səhnələrini fəth
etmiş böyük maestronu təkrar-təkrar qəbul
etməyə hazırdır.
Bu əlamətdar konsert gecəsində teatrın foyesində
İsveçrənin məşhur "Chopard"
firmasının zinət əşyalarından ibarət
kolleksiya nümayiş etdirilirdi. Hazırda bu firmanın
Bakıda mağazası açılmışdır. Onun
açılış mərasimində Xose Karreras da
iştirak etmişdir.
Bu bənzərsiz zinət əşyalarının göz
qamaşdıran gözəlliyi məşhur ispanın
böyük sənəti ilə vəhdət təşkil
edirdi.
Azərbaycan.-2007.- 21 oktyabr.- S.3.