Mirzəbəyli İ.
London
Azərbaycan Cəmiyyəti Britaniya paytaxtında milli musiqimizi
səsləndirmişdir
Azərbaycan-Böyük
Britaniya Gənclər Cəmiyyətindən redaksiyamıza
daxil olan məlumatda bildirilir ki, bu təşkilat Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının paytaxtında fəaliyyət
göstərən London Azərbaycan Cəmiyyəti ilə
əhatəli əməkdaşlıq edir. Dost
ölkədəki gənclər
təşkilatımızın növbəti tədbiri
Azərbaycan milli musiqisi ilə bağlı olmuşdur. Qeyd
edək ki, bədnam qonşularımızın maddi və
qeyri-maddi mədəniyyət nümunələrimizə sahib
çıxmaq istədiyi, daha doğrusu, oğurladığı
bir vaxtda belə tədbirlərin çox böyük
əhəmiyyəti vardır.
Məlumatda bildirilir ki, Londondakı Puşkin Evində London
Azərbaycan Cəmiyyətinin
təşkilatçılığı ilə Azərbaycan
xalq musiqisi aləti olan kamançanın mahir qərbli
ifaçısı Cefri Verbokun konserti keçirilmişdir.
Konsertdə Cefri Verbok milli musiqi alətlərimiz —
kamança, ud və tarda Azərbaycan muğamlarını
yüksək ustalıqla ifa etmişdir. Tədbirdə
Azərbaycanın Birləşmiş Krallıqdakı
fövqəladə və səlahiyyətli səfiri
Fəxrəddin Qurbanov, Britaniya ictimaiyyətinin və bu
ölkədəki Azərbaycan icmasının
nümayəndələri iştirak etmişlər.
Amerikalı Cefri Verbok kamançada olduqca mürəkkəb
Azərbaycan musiqilərini ustalıqla səsləndirən
azsaylı əcnəbi ifaçılardan biridir. Altı
yaşından musiqi təhsili almağa başlamış Verbok
14 yaşında ilk musiqisini bəstələmişdir. O, 12
ildən çox bir müddətdə Azərbaycan musiqisinin
dahi bilicisi kimi tanınan Zevulon Avşalomovdan dərs
almışdır. Dünya Musiqi İnstitutundan verilən
məlumata görə, cənab Avşalomov Cefri Verboku ona
mükafat kimi göndərilmiş bir şagird və malik
olduğu biliyin həqiqi varisi adlandırmışdır.
İncə və səlis ifası ilə tanınan
məşhur kaman ustası ABŞ, Avropa və Orta Şərq
ölkələrində, eləcə də Azərbaycan
radiosu və televiziyasında konsertlər vermiş, misilsiz
muğam musiqi ənənələrini dünya
tamaşaçısına təqdim etmişdir.
2001-ci ildə Verbok Azərbaycan Dövlət Musiqi
Akademiyası tərəfindən
mükafatlandırılmış, 2002-ci ildə isə
Smitsonia İnstitutunun İpək Yolu Festivalında
Azərbaycan proqramının rəsmi aparıcısı
və təmsilçisi seçilmişdir. Bu gün də
Azərbaycan muğamı üzrə peşəkar
mütəxəssis kimi tanınan Verbok dünyanın bir
çox yerlərində bu mövzuda məruzələr
söyləyir və konsertlərlə çıxış
edir.
Qeyd edək ki, tədbirin təşkilatçısı London
Azərbaycan Cəmiyyəti Azərbaycanı dünyada
tanıtmaq məqsədilə ingilis dilində “Visions of
Azerbaijan” jurnalını nəşr etdirərək dünyanın
aparıcı kitabxana, elmi və mədəni
mərkəzlərinə yayır. Cəmiyyət
həmçinin Qarabağ münaqişəsinə dair
həqiqətləri beynəlxalq ictimaiyyətə
çatdırmaq məqsədilə www.karabakh.co.uk
saytını təsis etmiş və xarici
müəlliflərin məqalələrindən ibarət
“Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi – beynəlxalq baxış” və
“Xocalı faciəsi – beynəlxalq baxış” adlı
kitabları nəşr edərək dünya ictimaiyyətinə
təqdim etmişdir.
Xalq qəzeti.- 2007.- 28 oktyabr.- S..4.