Niftəliyev E.
Oktyabrın 23-də
Azərbaycanın Avstriyadakı səfirliyində bu
ölkənin tanınmış incəsənət xadimi,
kinoaktyor Hans Mozerin xatirə lövhəsinin
açılışı münasibətilə rəsmi
qəbul keçirilmişdir.
Hans Mozer (əsl adı Jan Jülye, 1880-1964) 100-dən
artıq bədii filmdə bir-birindən əvəzsiz rollar
yaratmaqla yanaşı xalq mahnılarının da gözəl
ifaçısı olmuşdur. Ölümündən 43 il
ötməsinə baxmayaraq, özünəməxsus Vyana
ləhcəsində danışan H.Mozerin filmləri həm
yaşlı, həm də gənc nəsil
tərəfindən çox sevilir. H. Mozerə məxsus
olmuş və ömrünün son 30 ilini keçirdiyi
evdə hazırda Azərbaycan səfirliyi yerləşir.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin
müavini Elçin Əfəndiyev, Avstriya federal iqtisadiyyat
və əmək naziri Martin Bartenştayn, Avstriya Xarici
İşlər Nazirliyi mədəniyyət siyasəti
departamentinin baş direktoru Emil Briks, Avstriyanın
Azərbaycandakı səfiri Marius Kalliqaris, səfirliyin
yerləşdiyi Hitsinq rayonunun icra hakimiyyəti
başçısı Haynts Qerster, Avstriya hökumətinin
və burada akkreditə olunmuş diplomatik korpusun
nümayəndələri, Avstriyada yaşayan
həmyerlilərimiz, incəsənət xadimləri iştirak
etmişlər.
Səfir Fuad İsmayılov tədbiri giriş sözü
ilə açaraq, H.Mozer haqqında və binanın 5 il
öncə Azərbaycan hökuməti tərəfindən
səfirlik üçün alınmasının
tarixçəsi barədə danışmış,
Azərbaycan hökuməti adından vyanalılara
hədiyyə edilən bu xatirə lövhəsinin
ölkələrimiz arasındakı dostluq
əlaqələrini daha da möhkəmləndirəcəyini
qeyd etmişdir.
Baş nazirin müavini Elçin Əfəndiyev
mərasimdə təbrik nitqi söyləmiş, Prezident
İlham Əliyevin səmimi təbriklərini mərasim
iştirakçılarına çatdırmışdır.
H.Mozerin filmlərini hələ 50-ci illərdə ilk
dəfə seyr etdiyini bildirən natiq o zaman Azərbaycanın
müstəqil bir dövlət olacağını və onun
Vyanadakı səfirliyinin H.Mozerin evində
yerləşəcəyini təsəvvürünə
belə gətirmədiyini dedi. E.Əfəndiyev xatirə
lövhəsinin açılışının zəngin
mədəniyyət və tarixə malik Azərbaycan və
Avstriya arasında əlaqələrin yüksək
səviyyədə inkişafına sübut olduğunu
bildirmişdir.
Daha sonra Avstriya federal iqtisadiyyat və əmək naziri Martin
Bartenştayn və Avstriya XİN mədəniyyət
siyasəti departamentinin baş direktoru Emil Briks
çıxış edərək, Avstriya hökuməti
və Vyana sakinləri adından Azərbaycan
tərəfinə təşəkkürlərini
bildirmişlər.
Baş nazirin müavini E.Əfəndiyev və nazir
M.Bartenştayn tədbir iştirakçılarının
alqışları altında xatirə lövhəsi
üzərindəki ağ örtüyü
götürdülər.
Lövhə üzərində aşağıdakı yazı
həkk olunmuşdur: “Bu binada tanınmış və
sevilən xalq aktyoru HANS MOZER (əsl adı Jan Jülye
1880-1964) yaşamışdır. Azərbaycan
Respublikasının Avstriyadakı səfirliyi
tərəfindən Vyana sakinlərinə hədiyyə
olunur.”
Rəsmi hissə bitdikdən sonra Baş nazirin müavini
E.Əfəndiyev bir neçə həftə öncə
Azərbaycanda səfərdə olmuş nazir M.Bartenştayn
ilə söhbət etdi. Nazir M.Bartenştayn Azərbaycana
səfərinin uğurlu keçdiyini və Prezident İlham
Əliyevlə görüşündən böyük
təəsüratla geri döndüyünü bildirdi.
Daha sonra E.Əfəndiyev Avstriyanın ORF, Puls TV
telekanallarına, Vyana Radiosuna, Avstriya Mətbuat Agentliyi və
digər mətbu orqanlarına müsahibələr verdi.
Rəsmi hissədən sonra tədbirin bədii hissəsi
musiqi proqramı ilə davam etmişdir.
Tədbirin bədii hissəsində əvvəlcə Hans
Mozerlə 10 bədii filmdə çəkilmiş
Avstriyanın tanınmış incəsənət xadimi
Valtraud Haas bir neçə musiqi parçası ifa etmiş və
H.Mozerlə bağlı xatirələrindən
danışmışdır.
Vyananın Musiqi və Təsviri İncəsənət
Universitetinin prorektoru Volfqanq Klos Şubertin “Arpeccione”
sonatasının birinci hissəsinin Bakı Musiqi
Akademiyasının pianoçusu Kəmalə Neymanovanın
müşayiəti ilə səsləndirmişdir.
Sonda böyük Azərbaycan bəstəkarı
Ü.Hacıbəyovun “Arşın mal alan” operettasını
ötən il Vyana Kamera Operasında
səhnələşdirən rejissor və bəstəkar
Maykl Şnakın müşayiəti ilə tamaşada
oynamış artistlər operettadan bir neçə
parçanı Azərbaycan dilində ifa etmişlər.
Tədbir Avstriyanın aparıcı mətbuat orqanları
və televiziya kanalları vasitəsilə (ORF, Puls TV)
geniş işıqlandırılmışdır.
Xalq qəzeti.- 2007.- 25 oktyabr.- S.8.