Yusifli R.

 

Azərbaycan-Türkiyə mədəni əlaqələrində və turizmin inkişafında yeni mərhələ

 

Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, mədəni, elmi və" digər bir çox sahələr üzrə əməkdaşlıq əlaqələri son illər daha da genişlənib. Xatırladaq ki, bu əlaqələrin təməli "Biz bir millət iki dövlətik" kəlamını söyləyən ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Son illər iki qardaş dövlət arasında yaradılmış əlaqələr möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir. Hazırda ölkələrimiz arasındakı ticarət dövriyyəsi milyonlarla dollar civarında ölçülür, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin layihəsi əfsanədən reallığa çevrilmişdir, bizdə yeni olan yerli özünüidarəetmə qurumları - bələdiyyələr türkiyəli həmkarlarının təcrübəsindən bəhrələnirlər. Bu cür misalları başqa sahələrdə də çəkmək olar.

Azərbaycan və Türkiyə arasında mədəni və turizm əlaqələrinin genişlənməsi istiqamətində əlaqələrin yeni təzahürləri son vaxtlar xüsusilə müşahidə olunmaqdadır. Azərbaycanın tanınmış mühacir şairi Almas İldırımın anadan olmasının 100 illik yubileyində iştirak etmək üçün ölkəmizə gəlmiş qonaqlar arasında Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Ərtoğrul Günayın olması xüsusi dəyərləndirilməlidir. Qeyd edək ki, bu günlərdə respublikamızda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri – şair Almas İldırımın 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bununla bağlı dövlət başçısı İlham Əliyev hələ 16 aprel 2007-ci il tarixdə Almas İldırımın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev türkiyəli qonaqların ölkəmizə səfəri çərçivəsində həmkarı Ərtoğrul Günayla görüşmüş, iki ölkə arasında mədəniyyət və turizm sahəsində bir sıra uğurlu addımlar atıldığını qeyd etməklə yanaşı, bəzi məsələlərdən təəssüfləndiyini də gizlətməmişdir. Nazir qeyd etmişdir ki, bir çox ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirildiyi halda, indiyədək belə bir tədbir qardaş Türkiyədə olmamışdır. Bu istiqamətdə qarşılıqlı tədbirin gerçəkləşdirilməsi münasibətilə 2008-ci ildə "Babalarımızın zəfər yolu" adlı layihənin birgə həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Çünki gələn il Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycanı xarici müdaxiləçilərdən, xüsusilə erməni qaniçənlərindən təmizlənməsinin 90 ili tamam olur.

Türkiyəli nazir Ərtoğrul Günay isə bildirmişdir ki, səfərin əsas məqsədi şair Almas İldırımın yubileyində iştirak etmək olsa da, qardaş ölkələr arasında istər mədəni, istərsə də turizm sahəsində əlaqələrin daha da genişləndirilməsi ilə bağlı bəzi məsələlər də ətraflı müzakirə ediləcəkdir.

Nəzərə çatdıraq ki, Türkiyədə turizm sektorunun inkişafında yükşək nailiyyətlər qazanılır. Belə ki, qardaş dövlətin turizm istirahət düşərgələri xarici vətəndaşların diqqətini xüsusilə cəlb edir ki, bu da ölkə büdcəsinə xeyli vəsait daxil olması deməkdir. Azərbaycanda da turizmin inkişafı üçün potensial imkanlar mövcuddur və ildən-ilə turist axınının həcmi də böyüyür.

Dövlət başçısı İlham Əliyevin Prezident Sarayında Türkiyənin Mədəniyyət və Turizm naziri Ərtoğrul Günayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi, Azərbaycan və Türkiyə xalqlarının qədim tarixi və mədəni köklərə malik olduğu, mədəniyyət sahəsində əlaqələrimizin daha da möhkəmləndirilməsinin vacibliyi önə çəkilib. Turizm sahəsində Türkiyənin böyük təcrübəyə malik olduğunu vurğulayan ölkə rəhbəri Azərbaycanda da zəngin turizm potensialının olduğunu və bu istiqamətdə mühüm işlərin görüldüyünü bildirib.

Türkiyəli qonaqların şair Almas İldırımın 100 illik yubileyi münasibətilə, eləcə də bu səfər çərçivəsində keçirilən digər görüşləri Türkiyə-Azərbaycan mədəni əlaqələrinin və turizmin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

 

Respublika.- 2007.- 7 oktyabr.- S. 2.