Bakıda Rusiya
fotorəssamlarının "Moskva gəzintisi" adlı sərgisi açılmışdır
Bakıda Moskva
Mədəniyyəti Günləri
çərçivəsində oktyabrın 3-də Səttar
Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Rusiya
fotorəssamlarının "Moskva gəzintisi" adlı
sərgisi açılmışdır.
Mədəniyyət
və Turizm Nazirliyinin, Moskva Hökuməti
Mədəniyyət Departamentinin və Mərkəzi Sərgi
Salonunun təşkilatçılığı ilə
keçirilən tədbirdə 10-na yaxın
fotorəssamın 60-dan artıq əsəri nümayiş
etdirilir.
Sərgidə Rusiyada
və MDB ölkələrində ən qocaman agentliklərdən
biri İTAR-TASS-ın fotoxronikasındakı işlər
təqdim olunur. Müxtəlif janrlarda işlənilməsinə
baxmayaraq fotoların mövzusu birdir. Onlarda Moskvanın
təkrarolunmaz, özünəməxsus memarlığına,
təbiətinə və sakinlərinə olan sevgi öz
əksini tapmışdır. Bakılılar bu əsərlər
vasitəsilə Rusiya paytaxtının müasir siması ilə
də tanış olmaq imkanı qazanmışlar.
Azərbaycan və Rusiya
paytaxtları arasında sıx mədəni
əlaqələrin mövcud olduğunu vurğulayan Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev Bakıda Moskva
Mədəniyyəti Günlərinin keçirilməsini
2007-ci ilin əhəmiyyətli hadisələrindən biri kimi
dəyərləndirmişdir. Ötən il Rusiyada
Azərbaycan İlinin uğurla keçirildiyini diqqətə
çatdıran nazir, bu tədbirin də onun davamı olduğunu
bildirmişdir. Demişdir ki, ölkələrimiz arasında
mədəni əlaqələrin möhkəmləndirilməsində
və genişləndirilməsində belə
tədbirlərin əhəmiyyəti böyükdür.
Sonra sərgiyə baxış keçirilmişdir.
Respublika.-2007.- 4 oktyabr.- S. 8.