Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Prezident Sarayında Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bu yaxınlarda Tacikistana səfərini məmnunluqla xatırlatdı. Azərbaycan və Tacikistan prezidentlərinin qarşılıqlı səfərlər zamanı mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəldiklərini deyən Prezident İlham Əliyev ölkəmizdə Tacikistanın mədəniyyət günlərinin başlanmasının iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Mirzoşoxrux Asrorov ölkəmizə səfəri çərçivəsində iki ölkə rəhbərinin irəli sürdükləri təşəbbüslərin və əldə etdikləri razılıqların həyata keçirilməsi barədə Azərbaycanın mədəniyyət və turizm naziri ilə müzakirələr apardığını bildirdi. O, Azərbaycanda Tacikistanın mədəniyyət günlərinin təşkilinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyini vurğuladı.

 

Azərbaycan.- 2007.- 19 oktyabr.- S. 2.