Azərbaycan və Tacikistan Mədəniyyət nazirlərinin görüşü

 

AzərTAc xəbər verir ki, oktyabrın 17-də Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tacikistanlı həmkarı Mirzoşoxrux Asrorovla görüşmüşdür. Nazirlər iki ölkənin mədəni həyatında vəziyyət barədə fikir mübadiləsi aparmış, bu ilin mart ayında Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı imzalanmış saziş çərçivəsində görülməsi nəzərdə tutulan birgə işləri müzakirə etmişlər.

Ə.Qarayev demişdir ki, ölkəmizdə Tacikistan mədəniyyəti günləri ilk dəfə keçirilir. Bununla əlaqədar geniş əhatəli tədbirlər nəzərdə tutulur. Oktyabrın 18-20-də 90 nəfərlik nümayəndə heyəti Ağsu, Gəncə və Yevlağa səfər edəcəkdir. Kitabxana fondlarının qarşılıqlı əlaqəsi, turizm əlaqələri, Tacikistan üçün turizm sahəsində kadrlar hazırlanması və başqa məsələlərin həlli ilə əlaqədar görülməli işlər konkretləşdiriləcəkdir.

Ə.Qarayev bildirmişdir ki, hər iki ölkənin müstəqillik əldə etməsindən sonrakı təşəkkül dövründə mədəni əlaqələr bir növ, ikinci plana keçmişdi. . Lakin indi bizim vəziyyətimiz humahitar münasibətləri tənzimləməyə və daha da möhkamlətməyə imkan verir. Zaman bizi bir birimizə yabançı etməmişdir. Mənim bildiyimə görə, Tacikistan məktəblərində Nizami Gəncəvinin yaradıcılığını öyrənirlər. AzTV və "Lider" telekanalları kabel televiziyası vasitəsilə Tacikistana, Tacikistanın iki telekanalı isə Azərbaycana yayımlanır. Lakin bunlar azdır. Biz bu sahədə daha da irəliləməliyik.

M.Asrorov demişdir ki, xalqlarımız arasında önəmli münasibətlərin, dostluğun dərin tarixi kökləri var. Bu ənənələri, xüsusən, ədəbiyyatın incəsənətin təbliğini davam etdirmək lazımdır. Tacikistanda Azərbaycanın iqtisadi nailiyyətləri barədə kifayət qədər məlumat vardır taciklər bu uğurları yüksək qiymətləndrirlər. Bu isə mədəniyyətlərin qarşılıqlı əlaqəsi kimi mühüm sahəyə müraciət etməyə imkan verir.

Sonda görüş iştirakçıları bir-birinə xatirə hədiyyələri təqdim etmişlər.

 

Azərbaycan.- 2007.- 18 oktyabr.- S. 8.