Filarmoniyada rəsmi açılış mərasimi

 

Oktyabrın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ölkəmizdə Tacikistan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi olmuşdur. Filarmoniyanın səhnəsində S.Ayni adına Tacikistan Dövlət Opera və Balet Teatrının solistləri və xoru, habelə “Zebo” və “Qulrez” xoreoqrafiya ansamblları çıxış etmişdir.
Konsertdən əvvəl Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorov çıxış etmişlər.
Ə.Qarayev mədəniyyət günlərində iştirak etmək üçün gəlmiş nümayəndə heyətini salamlayaraq demişdir ki, sonuncu dəfə Bakıda belə tədbir 1960-cı illərin ortalarında keçirilmişdir. O vaxtdan bəri biz paytaxtımızda Tacikistan mədəniyyəti ilə təmasda olmamışıq. Ona görə də xatırlatmaq lazımdır ki, Azərbaycanda Tacikistan mədəniyyəti günlərinin, gələn il isə Tacikistanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi bilavasitə dövlət başçılarının - prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun təşəbbüsüdür.
M.Asrorov vurğulamışdır ki, nümayəndə heyətinin üzvləri Azərbaycana gəldikləri andan həmkarlarının diqqət və qayğısı ilə əhatə olunmuşlar. Onlar ümid edirlər ki, təqdim edəcəkləri proqramlar Azərbaycan tamaşaçı və dinləyicilərinin ürəyincə olacaqdır.
Konsertin proloqunda Lahuti adına Dram Teatrının aktyorlarının ifasında ədəbiyyatlarımızın klassiklərinin - Rudəkinin, Nizaminin, Xucəndinin, Firdovsinin obrazları vasitəsilə “Dünyaya müraciət” səslənmişdir.

Xalq qəzeti.- 2007.- 18 oktyabr.- S.9.