Hacızadə A.
Anar Ələkbərov: Biz istədiyimizə nail olduq
Moskvada "BibliObraz-2007"
beynəlxalq festivalı başa çatmışdır
Moskvada "BibliObraz-2007" beynəlxalq festivalı başa
çatmışdır. Heydər Əliyev Fondu bu
festivalda fəal iştirak etmişdir.
Fondun icraçı direktoru Anar Ələkbərov
festivalın yekunlarını şərh edərək
bildirmişdir ki, Azərbaycanın bu festivalda iştirakı
"ölkəmizin qələbələrindən biri"
olmuşdur. O demişdir:
- Heydər Əliyev Fondunun dəstəyi sayəsində
festivalda nəfis nəşrlər, suvenirlər, milli musiqi
alətləri təqdim olunmuşdu. Bütün
iştirakçıların ümumi rəyinə görə,
Azərbaycanın stendi ən gözəl və zəngin stend
idi. İştirakçı ölkələrin çoxu
artıq bu tədbirin gedişində bizim təcrübəmizi
mənimsəyərək, öz stendlərinin
tərtibatını dəyişməyə, onlara yeni
materiallar və eksponatlar əlavə etməyə
başlamışdı. Bu, bizim üçün çox
xoşdur.
Azərbaycandan festivala gətirilmiş 15 min nüsxəyə
yaxın kitab təkcə Moskvanın deyil, Rusiya regionlarının
da məktəblərinə və kitabxanalarına
hədiyyə ediləcəkdir. Oktyabrın 12-də
Moskvadakı 157 nömrəli Azərbaycan etnik-mədəni
komponentli məktəbin yubileyi keçiriləcəkdir. Fond
bu məktəbə çoxlu kitab verməyi
planlaşdırır. Hesab edirəm ki,
təşəbbüsü davam etdirmək, bu qəbildən
olan festivallarda iştirak edən bütün
təşkilatlara kömək etmək lazımdır.
Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva
bu dəstəyi davam etdirəcəkdir. Bu
vəzifələrin reallaşdırılması
üçün Heydər Əliyev Fondunun Moskvadakı
nümayəndəliyi artıq fəaliyyətdədir.
Nümayəndəliyin rəhbəri Leyla xanım
Əliyevadır.
Anar Ələkbərov daha sonra bildirmişdir ki, Azərbaycanın
birinci xanımı festivalda təqdim edilmiş stenddən
və mədəni proqramdan çox razı
qalmışdır. Məxsusi olaraq "BibliObraz"
festivalı üçün bir neçə nəşr
hazırlamış və rus dilinə tərcümə
etdirmiş ölkələrdən biri də biz olduq. Biz
"BibliObraz" loqotipi ilə bir sıra nəşrlər
buraxmış yeganə ölkəyik. Həm də festival
münasibətilə hədiyyə nəşrləri,
təqvimlər və başqa əşyalar hazırlamış
yeganə ölkəyik.
Fondun icraçı direktorunun fikrincə, festival
iştirakçılarının "Azərbaycan"
stendinə böyük maraq göstərməsi heç
də təsadüfi deyildi. Stenddə nümayiş
etdirilən eksponatlar arasında uşaqlar və
yeniyetmələr üçün nəşrlər,
eləcə də müxtəlif fiziki qüsurları olan -
kor, zəif görən və ağır eşidən
uşaqların kitabla ünsiyyətdə olmasına
kömək edən xüsusi avadanlıqlar da vardır.
A.Ələkbərov demişdir: "Biz istədiyimizin
hamısına nail olduq və ölkəmizi
ləyaqətlə təmsil etdik".
Azərbaycan.- 2007.- 12 oktyabr.- S.3.