Hacızadə A.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvada "BibliObraz-2007" Beynəlxalq festivalının işində iştirak etmişdir

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyeva "BibliObraz-2007" Beynəlxalq festivalının təntənəli açılış mərasimində iştirak etmişlər. Moskvada təşkil edilmiş bu forum Rusiyanın birinci xanımı Lyudmila Putinanın himayəsi ilə keçirilir.
Lyudmila Putina təntənəli mərasimi açaraq bildirmişdir ki, festivalın əsas məqsədi məktəb kitabxanalarının və kitabxanaçıların statusunu yüksəltmək, məktəbliləri kitabxanalara cəlb etmək, kütləvi informasiya vasitələrinin təsiri ilə ikinci plana keçmiş kitabla məktəbliləri yenidən qovuşdurmaqdan ibarətdir. Bu layihə uşaqlar üçün və onların tərbiyəsi üçün çox əhəmiyyətlidir. L.Putina demişdir: "Bu gün bu möhtəşəm layihə beynəlxalq tədbirə çevrilmişdir". "BibliObraz-2007" festivalının açılışı "Bir-birimizi kəşf edirik" adlı beynəlxalq aksiya çərçivəsində nəşr olunmuş ədəbi məcmuələrin təqdimatı ilə davam etdirilmişdir. Bu aksiya çərçivəsində Azərbaycan, rus və bolqar yazıçılarının Heydər Əliyev Fondu tərəfindən çap edilmiş əsərlərindən ibarət məcmuə tədbir iştirakçılarına təqdim olunmuşdur.
İlk söz Mehriban xanım Əliyevaya verilmişdir. O, belə bir forumun təşkil edilməsinə görə Lyudmila Putinaya və festivalın iştirakçılarına təşəkkürünü bildirmişdir. M.Əliyeva təbrik çıxışında demişdir: "İlk növbədə, "BibliObraz-2007" Beynəlxalq festivalında iştirak etməyə dəvətinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu festivala maraq ilbəil artır. Bu da təbiidir, çünki festival bizim hamımızı narahat edən problemlərə toxunur. Bu festival gənc oxucunu onun ehtiyac duyduğu ədəbiyyatla təmin etmək üçün gözəl imkanlar yaradır. Naşirlər, tərcüməçilər və yazıçılar üçün də yeni imkanlar açılır. Festival rusdilli mədəni məkanın genişləndirilməsinə və qorunub saxlanmasına kömək edir. Mən bu festival çərçivəsində keçirilən "Bir-birimizi kəşf edirik" aksiyasını xüsusi vurğulamaq istəyirəm. Bu aksiya bütün gənc oxucuların və bizim hamımızın da bir-birimizi daha yaxşı tanımağımıza kömək edir. Tanımaq isə başa düşmək və hörmət etmək deməkdir".
Mərasimdə Almaniyanın sabiq federal kanslerinin xanımı Doris Şröder-Kepf, Qırğızıstan Prezidentinin xanımı Tatyana Bakiyeva və başqaları da çıxış etmişlər.
Sonra Azərbaycanın birinci xanımı və digər ölkələrin prezidentlərinin xanımları festivalın iştirakçı ölkələrini təmsil edən milli geyimli uşaqların hər birinə elə səhnədəcə üzərində xatirə sözləri yazılmış "Bir-birimizi kəşf edirik" məcmuəsini hədiyyə etmişlər. Uşaqlar "Bir-birimizi kəşf edirik" ədəbi məcmuələrinə daxil olmuş əsərlərdən kiçik fraqmentləri müxtəlif dillərdə oxumuşlar, o cümlədən Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın "Tarixi gündəlik" əsərindən fraqment səslənmişdir.
Mehriban xanım Əliyeva və Lyudmila Aleksandrovna Putina Moskvadakı Azərbaycan etnik-mədəni komponentli 157 nömrəli məktəbin şagirdlərinin ifasında "Azərbaycan milli geyimləri rus rəssamı Q.Q.Qaqarinin gözü ilə" adlı tamaşaya baxmışlar. Tamaşanın ikinci hissəsində isə Azərbaycanın və Rusiyanın birinci xanımları Azərbaycan xalq çalğı alətlərinin tarixindən bəhs edən "Azərbaycana musiqili səyahət"in şahidi olmuşlar. Adi qələmlərin köməyi ilə nəlbəkilərlə ifa edilən Azərbaycan təranələri böyük heyrət doğurmuş və gurultulu alqışlarla qarşılanmışdır. Tamaşa başa çatandan sonra Mehriban xanım Əliyeva tanınmış Azərbaycan rəssamı Elmira Abbaslının əl işi olan gəlinciyi Lyudmila Putinaya hədiyyə etmişdir.
Azərbaycan və Rusiya prezidentlərinin xanımları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Azərbaycan" stendinin ekspozisiyası ilə də tanış olmuşlar. Stenddə Azərbaycan ədəbiyyatı klassiklərinin rus dilində və başqa dillərdə nəşr edilmiş əsərləri, Heydər Əliyev Fondunun buraxdığı yeni kitablar, o cümlədən XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin kitabları, Azərbaycan mədəniyyətinə və Qarabağ probleminə həsr olunmuş DVD və CD-lər, əl işi olan gəlinciklər, miniatürlər, mini-xalçalar, musiqi alətləri, mis qablar və başqa eksponatlar nümayiş etdirilirdi. Mehriban xanım Əliyeva nəfis poliqrafik tərtibatlı "Bir-birimizi kəşf edirik" məcmuəsinin Azərbaycan nəşrini Lyudmila Putinaya bağışlamışdır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun xətti ilə Moskvaya gətirilmiş 10 min nüsxədən çox kitab, suvenirlər və digər kitab məhsulları Fondun Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə yönəlmiş fəaliyyətinə əyani sübutdur.
Elə həmin gün axşam Mehriban Əliyeva festivalın təşkilat komitəsinin sədri Lyudmila Putinanın birinci ledilərin şərəfinə Kreml sarayında təşkil etdiyi qəbulda iştirak etmişdir. "BibliObraz-2007" festivalının işində 22 ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Avstriya, Hindistan və başqa ölkələrin nümayəndə heyətləri iştirak edir.
Festival oktyabrın 11-dək davam edəcəkdir.

Azərbaycan.- 2007.- 10 oktyabr.- S.2.