Heydər Əliyev Fondu
"BibliObraz-2007" beynəlxalq festivalıında
Azərbaycanı ləyaqətlə təmsil etmişdir
AzərTAc-ın
xüsusi müxbiri xəbər verir ki, Rusiyanın birinci
xanımı Lyudmila Putinanın himayəsi ilə Rus Dilinin
İnkişafı Mərkəzi tərəfindən Moskvada
təşkil edilmiş "BibliObraz-2007" beynəlxalq
festivalı oktyabrın 11-də başa çatmışdır.
Bu forum Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyeva tərəfindən fəal
dəstəklənmişdir.
Bu il festivalda dünyanın 22 ölkəsini, o
cümlədən Azərbaycan, Avstriya, Bolqarıstan, Almaniya,
Hindistan, Qırğızıstan, Slovakiya, ABŞ və
Estoniyanı və Avropanın, Asiyanın digər
ölkələrini təmsil edən iştirakçılar
toplaşmışdı. Hər bir ölkə tematik
ekspozisiyalardan ibarət stendlərini, fərdi
proqramlarını, interaktiv diskussiyalarını,
yaradıcılıq emalatxanalarını, tanınmış
yazıçılar və incəsənət xadimləri
ilə görüşləri təqdim etmişdi.
Ölkəmiz Heydər Əliyev Fondunun bilavasitə
iştirakı ilə əlvan və rəngarəng proqram
hazırlamış, Azərbaycanın tarixini, bu
gününü, zəngin mədəniyyətini
hərtərəfli təmsil etmişdir. Festival
iştirakçılarının etirafına görə,
"Azərbaycan" stendi ən maraqlı və zəngin
stend idi. Burada Azərbaycan ədəbiyyatı klassiklərinin
əsərləri, Heydər Əliyev Fondunun köməyi
ilə nəşr edilmiş yeni kitablar, multimedia məhsulları
ilə yanaşı, əl işi olan gəlinciklər,
qədim məişət əşyaları, nadir milli
çalğı alətləri və milli geyimlər də
nümayiş etdirilirdi.
Festival çərçivəsində gənc və
istedadlı rejissor Lalə Axundovanın "Dost" filminin
təqdimatı da olmuşdur. Bir oğlanın dayça
ilə dostluğundan bəhs edən bu film Moskva
məktəblərinin şagirdlərindən ibarət olan
auditoriya tərəfindən böyük maraqla
qarşılanmışdır. L.Axundova uşaqlara öz
yaradıcılığı barədə
danışmış, müasir dünyada ədəbiyyatın
və incəsənətin rolu barədə fikirlərini
bölüşmüşdür. Təqdimat başa
çatandan sonra iştirakçılara - "Dost" fiminin
DVD versiyası paylanmışdır.
Azərbaycan Dövlət Pantomim Teatrı artistlərinin
çıxışı çox böyük marağa
səbəb olmuşdur. Artistlər məşhur
"Məlikməmməd" nağılından
fraqmentlər göstərmişlər. Festivalın az qala,
bütün iştirakçıları bu tamaşaya
baxmağa gəlmişdilər. Nağıl
qəhrəmanlarının Heydər Əliyev Fondunun
sifarişi ilə tikilmiş kostyumları Moskvadakı
Azərbaycan etnik-mədəni komponentli 157 nömrəli
məktəbə bağışlanacaqdır.
Təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda
da məşhur olan yazıçılar Kamal Abdulla və
Çingiz Abdullayevlə görüş festival
iştirakçıları üçün əsl bayram oldu.
Çingiz Abdullayevin "BibliObraz-2007" festivalı
çərçivəsində təşkil edilmiş ustad
dərsi intellektual diskussiyaya çevrildi. Bu
görüşdə müasir ədəbiyyatın ən
aktual problemləri barədə söhbət getdi.
Ç.Abdullayev ölkələr və xalqlar arasında
mədəni dialoqun qorunub saxlanması və
genişlənməsinin, mədəni məkanın
böyüməsinin zəruriliyini, bu cür festivallar və
mədəni tədbirlər keçirilməsinin böyük
əhəmiyyətini vurğuladı. O bildirdi ki, müasir
Azərbaycan ədəbiyyatının və
incəsənətinin yazıçı Kamal Abdulla, rejissor
Rüstəm İbrahimbəyov, səfir Polad
Bülbüloğlu kimi görkəmli
nümayəndələri iki ölkə arasında
əlaqələndirici rolu oynayır, Azərbaycanla
Rusiyanın mədəni əlaqələrinin
inkişafına bilavasitə kömək edirlər.
Ç.Abdullayev dedi ki, Prezident sarıdan Azərbaycanın
bəxti gətirmişdir, çünki İlham Əliyev
geniş dünyagörüşünə malik, humanitar
sahəyə böyük əhəmiyyət verən siyasətçidir.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
"BibliObraz-2007" festivalında iştirak etmək
üçün vaxt tapıb Moskvaya gəldiyinə
görə minnətdarlığını bildirdi. O,
həmçinin Azərbaycanın bu festivalda ləyaqətlə
təmsil olunması üçün imkan yaratmış
Heydər Əliyev Fonduna təşəkkür etdi.
Azərbaycanın tanınmış rəssamları Elmira
Abbaslı və Qalina Çurilovanın
yaradıcılığı festival
iştirakçılarının böyük marağına
səbəb olmuşdur. Onlar məktəb kukla teatrları
üçün kuklalar hazırlanması və ipək
üzərində naxışçəkmə üzrə
"Nağılvarı atəşfəşanlıq"
adlı ustad dərsi keçmişlər. Rəssam
Nüsrət Hacıyevin "Rəngbərəng
yağış" adlı ustad dərsi isə
"Məlikməmməd" nağılının
motivləri əsasında təşkil edilmişdi.
Tanınmış musiqiçi Həsənağa Sadıqovun
rəhbərlik etdiyi ansamblın çıxışı
xüsusi ovqat doğururdu. Festival günlərində bu
kollektivin ifasında gözəl xalq melodiyaları
səslənmişdir.
Azərbaycan.- 2007.- 12 oktyabr.- S.3.