Əsədov B.
Postsovet məkanında elmi
kitab probleminin həllinə
Azərbaycan fəal kömək
edir
Milli Elmlər
Akademiyası Mərkəzi
Elmi Kitabxanasının
direktoru Aybəniz Əliyeva-Kəngərli və
kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova Moskva şəhərində
keçirilən "Postsovet
məkanında elmi kitab" mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər. Konfrans Rusiya Elmlər
Akademiyalarının Beynəlxalq
Assosiasiyasının himayəsi
altında MDB dövlətləri
İcra Hakimiyyətinin
dəstəyi ilə baş tutub. Tədbirə Rusiyadan, digər MDB dövlətlərindən,
eyni zamanda Avstriyadan, Bolqarıstandan,
ABŞ-dan iki yüz nəfərdən çox alim və mütəxəssis
qatılıb, yüzdən
artıq məruzə
dinlənilib.
Konfransın birinci günündə filologiya elmləri doktoru A.Əliyeva-Kəngərlinin
və F.Hüseynovanın
"Azərbaycan MEA-nın
elmi tədqiqatlarının
informasiya təminatında
Mərkəzi Elmi Kitabxananın nəşriyyat
fəaliyyətinin rolu"
mövzusunda məruzələri
iştirakçıların böyük marağına
səbəb olub. Digər məruzələrdə
elmi kitabın nəşrləri və yayılması problemləri
ilə bağlı məsələlər qoyulub,
elmi nəşrlərin
qloballaşma şəraitində
tədqiqatlarda və təcrübədə əhəmiyyətli
rolundan danışılıb,
bu sahədə aparılan işlərin daha da gücləndirilməsinin
vacibliyi vurğulanıb.
Konfransda
elmi nəşrlərin
kitabxanalarda mövcudluğuna,
postsovet məkanında
elmi kitabın azad və səmərəli
yayılmasına mane olan
iqtisadi-siyasi əngəllərin
aradan qaldırılması
məsələləri də
müzakirə edilib.
Konfransın ikinci günü seksiyalar üzrə keçirilib. Azərbaycan nümayəndələri "Elmi kitabxanaların fəaliyyəti, elmi-biblioqrafik
ehtiyatlar, beynəlxalq
kitab mübadiləsi"
seksiyasının işində
iştirak ediblər.
A.Əliyeva-Kəngərli Rusiya Elmlər
Akademiyalarının Beynəlxalq
Assosiasiyası nəzdində
fəaliyyət göstərən
Kitab nəşri üzrə şuranın iclasına da qatılıb. Burada elmi
kitabın nəşri,
yayılması, digər
məsələlər və
problemlərlə bağlı
çıxışlar edilib,
müzakirələr aparılıb
və bir sıra təkliflər irəli sürülüb.
Nəticədə "Rusiya
Elmlər Akademiyalarının
Beynəlxalq Assosiasiyası
nəzdində fəaliyyət
göstərən Kitab
nəşri üzrə
şuranın iş proqramı" hazırlanıb.
Həmin
proqrama əsasən bir sıra tədbirlər
həyata keçirilməsi
nəzərdə tutulur.
Bu tədbirlər elmi
kitabın nəşri
sahəsi üzrə
MDB dövlətlərinin informasiya
fəzasının formalaşdırılması,
postsovet məkanında
elmi kitabın nəşrinin, yayılmasının
təkmilləşdirilməsi və inkişafı, kitab mübadiləsi, elmi kitabın nəşri və yayılması sahəsində
qarşılıqlı əlaqələrin
güzəştli şərtlər
üzrə qurulması,
elmlər akademiyalarının
və elmi kitabxanaların marağında
olan Kitab Nəşri üzrə Şuranın elmi-nəşriyyat
fəaliyyətinin inkişafı
məsələlərini əhatə
edəcək.
Mərkəzi Elmi Kitabxana "AMEA elmi tədqiqatlarının
informasiya təminatında
Mərkəzi Elmi Kitabxananın nəşriyyat
fəaliyyətinin rolu"
mövzusunda məruzəni
konfransa təqdim edib. Məruzədə göstərilib ki,
müasir kitabxanaların
fəaliyyətinin əsas
istiqaməti elmi tədqiqatların informasiya
təminatıdır, bu
informasiyanın həmin
tədqiqatların aktuallığına
və səviyyəsinə
müəyyən dərəcədə
təsiri olur. Lazımi informasiyanı, ehtiyatları
alimlərə məhz
elmi kitabxanalar təqdim edirlər. Mərkəzi Elmi Kitabxana
hər zaman Milli Elmlər Akademiyasının tarixi, elmi həyatı, ümumiyyətlə, respublikamızla
bağlı fundamental elmi-biblioqrafik
əsərlərin hazırlanmasına
və nəşrinə
ciddi diqqət yetirir. 80 illik
fəaliyyəti dövründə
kitabxana 300-dən artıq
biblioqrafik vəsait hazırlayıb və çap edib. Bu nəşrlər alimlərə gərəkli
informasiyanı çatdırmaqla
Azərbaycanda elmin öyrənilməsi və
gələcək inkişafı
yolunda əhəmiyyətli
rol oynayıb.
Məruzədə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Azərbaycanda kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılması
haqqında" sərəncamı
xüsusi vurğulanıb. Həmin sərəncama
əsasən Mərkəzi
Elmi Kitabxana üçün müasir
standartlara cavab verən yeni bina tikiləcək. Bu isə kitabxananın
maddi-texniki bazasının
yaxşılaşdırılmasına və fəaliyyətinin bütün istiqamətlərinin,
o cümlədən Milli
Elmlər Akademiyasında
aparılan elmi tədqiqatların informasiya
təminatının genişləndirilməsinə
və gücləndirilməsinə
böyük imkanlar yaradacaq.
Azərbaycan.- 2007.- 6 oktyabr.- S. 6.