Sarıyeva İ.

 

Milli Kitabxanada təmir getmir

 

Kərim Tahirov: “Ancaq alqışlamaq olar”

 

Məlum olduğu kimi, 2006-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə Bakı və Bakıətrafı kəndlərdə fəaliyyət göstərən 15 kitabxananın əsaslı şəkildə təmir və rekonstruksiya edilməsi, müasir avadanlıqla təmin olunması ilə bağlı işlər görülür.

Bakı Şəhər Mədəniyyət və Turiznn idarəsinin kitabxana şöbəsindən aldığımız məlumata görə, artıq bir neçə kitabxana yüksək səviyyədə təmir edilərək təhvil verilib. Bu kitabxanaların bəziləri isə müasir texniki avadanlıqla təchiz edilib.

Bu kitabxanalar arasında Bakıətrafı kəndlərdən Qala, Buzovna, Mərdəkan, o cümlədən də Binəqədi, Qaradağ rayonu kitabxanalarının adını çəkmək olar.

Qeyd edək ki, Ənvər Məmmədxanlı adına Kütləvi Kitabxana da daxil olmaqla, paytaxt kitabxanalarında hələ təmir işləri aparılmır. İdarə əməkdaşının sözünə görə, yaxın gələcəkdə paytaxt kitabxanalarının da əsaslı təmiri gözlənilir. Məlumat üçün bildirək ki, artıq qismən də olsa, M.Ş.Vazeh adına Kütləvi Kitabxanada təmir işləri aparılır. Mətbuatın yazdığına görə, M.F.Axundov adına Milli Kitabxanada da təmir işləri gedir.

Bir müddət əvvəl  ölkə başçısının sərəncamı ilə Azərbaycanda kitabxana işinin yenidən qurulması üçün Azərbaycan Respublikası 2007-2011-ci il Kitabxana informasiya Sahəsinin İnkişafı və Modernləşdirilməsilə bağlı Dövlət Proqramı qəbul olunub.

Sözügedən Dövlət Proqramını yüksək qiymətləndirdiyini deyən Milli Kitabxananın direktoru Kərim Tahirov bizimlə söhbətində rəhbərlik etdiyi kitabxanada təmir işlərinin getmədiyini bildirdi. K.Tahirovun dediyinə görə, burada təmir işləri çoxdan başa çatıb. Paytaxt və bölgələrdə kitabxanaların müasir standartlara cavab verməli olduğunu bildirən kitabxana direktoru hesab edir ki, bunun üçün hökumət lazımi şərait yaradır: «Dövlətin kitabxana işinə göstərdiyi qayğı göz qabağındadır. Belə bir proqramın dövlət səviyyəsində qəbul olunması o deməkdir ki, bizim kitabxanalarımız dünyanın ən gözəl, modern kitabxanaları səviyyəsində olacaq. Hörmətli prezidentimizin qərarı ilə bizim kitabxana iki-üç il ərzində dünyanın ən modern kitabxanaları səviyyəsinə çatacaq. Bunu ancaq alqışlamaq olar».

K.Tahirov bildirdi ki, kitabxanalara  göstərilən bu qayğı oxucuların sayının artmasına böyük təkan verib. Kitabxana direktorunun sözlərinə görə, əvvəllər Milli Kitabxananın 20-25 min oxucusu var idisə, indi bu rəqəm 50 min nəfər təşkil edir. «Əlbəttə, şərait varsa, yeni ədəbiyyat, kitab varsa, oxucular da yeni informasiya ardınca kitabxanalara üz tutur. Bizdə virtual kitabxananın, elektron kataloqun mövcud olması internet vasitəsilə kitabxanamıza daxil olanların sayını artırıb. Bu rəqəm, artıq 30 min nəfərə çatıb».

Son bir ildə intensiv olaraq kitabxanaların təmirinə, onların maddi-texniki bazasının yaxşılaşdırılmasına gəlincə, K.Tahirov hesab edir ki, bu, hökumətin kitabxana sahəsinə diqqətinin təzahürüdür: «Digər tərəfdən, bizim hörmətli nazirimizin ilk olaraq kitabxana muzeylərdən başlaması da sevindirici haldır. Bu adam, bir ziyalı kimi, kitabxana və muzeyin mədəniyyətin inkişafında, onların xalqımızın maariflənməsində oynadığı rolu qiymətləndirir. Şübhəsiz ki, bunların hamısı nazirin təklifilə həyata keçirilir. Təsəvvür edin ki, son 8 ayda ölkə başçısı mədəniyyətə dair 12 sərəncam verib. Amma kitabxana sahəsində də xüsusi sərəncamın qəbul edilməsi, 100 cildlik yeni kitabların nəşrilə bağlı sərəncam qəbul etməsi, təbii ki, kitabxana işinin inkişafına müsbət təsir göstərir».

Kitabxana işçilərinin əməkhaqqının qənaətbəxş olmaması məsələsinə gəldikdə isə, K.Tahirov bildirdi ki, təkcə bu il kitabxana işçilərinin, xüsusən də Milli Kitabxananın əməkdaşlarının maaşı iki dəfə artıb və yenidən artırılması gözlənilir.

 

Bakı xəbər.- 2007.- 10 oktyabr.- S. 16.