Sarıyeva İ.
Yolumuzu M.Ş.Vazeh
adına kitabxanadan saldıq
Azərbaycanda ilk kitabxananı
xalqımızın böyük oğlu, dövlət və
ədəbiyyat xadimi, həkim, yazıçı Nəriman
Nərimanov yaradıb. Xalq arasında «Nərimanov
qiraətxanası» kimi tanınan bu kitabxana ölkəmizdə
yüzlərlə kitabxananın fəaliyyətə
başlamasında başlıca rol oynayıb. Vaxtilə
Azərbaycanda kitabxanaçılıq mədəniyyəti
yüksək inkişaf edərək, insanların
maariflənməsində
böyük iş görsə də, son on, son on beş
ildə, demək olar ki, bu sahə özünün ən
ağır dövrünü yaşayıb. Əldə
etdiyimiz məlumata görə, Mədəniyyət və
Turizm Nazirliyinin Kitabxana sektoru mütəxəssislərinin bu
sahədə apardığı araşdırma zamanı
aşkara çıxarılıb ki, paytaxtın bəzi
kitabxanaları da daxil olmaqla, bölgələrdə və
ucqar kəndlərdə fəaliyyət göstərən
kitabxanaların əksəriyyətinin işi
yarıtmazdır.
Paytaxtda olan
kitabxanaların çoxu əvvəllər təmirsiz binalarda
fəaliyyət göstərir, buradakı
ədəbiyyatların çoxu isə Sovet ideologiyasından
miras qaldığından, oxucular ona maraq göstərmirdi.
Oxucu tələbatını ödəməli olan yeni
ədəbiyyatlara gəldikdə isə, son illər
nəşr olunan keyfiyyətli ədəbiyyat, demək olar ki,
kitabxanalarımızın çoxunda yox
dərəcəsində idi, Bəzi kitabxana
mütəxəsissləri, oxucuların kitabxanadan uzaq
düşməsinin əsas səbəbi kimi, onların
çox zaman burada istədiyi ədəbiyyatı tapa bilməməsini
göstərir.
Amma son bir ildə
Azərbaycanın kitabxana siyasətində
nəzərəçarpacaq dərəcədə
müsbət dəyişikliklər var. Nazirliyin
təşəbbüsü ilə, demək olar ki, təmirsiz
vəziyyətdə olan kitabxanalar təmir edilib, kitabxana
fondları yeni ədəbiyyatla zənginləşdirilib, kompüterlə
təmin edilib.
Qeyd edək ki, paytaxt
kitabxanaları Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin balansındadır.
Bakıda
fəaliyyət göstərən kitabxanaları daim
diqqətdə saxladığımızı və onların
uğur və qayğıları barədə yazılar hazırladığımızı
bizi ardıcıl izləyən oxucularımızın
əksəriyyəti çox yaxşı bilir. Kitabxananın
xalqın maariflənməsi, onun tarixi və
ədəbiyyatının cəmiyyətə
aşılanması sahəsində rolu əvəzsizdir.
Nə yazıq ki, son illər kitabxanaların çoxu oxucu
nəfəsinə həsrət qalıb.
Bu səbəbdən
qərara gəldik ki, müəyyən fasilədən sonra
yenidən paytaxt kitabxanaları haqda silsilə yazılar yazaq,
bu sahədəki problem və uğurları oxuculara təqdim
edək. Beləliklə, ilk olaraq yolumuzu Yasamal rayonu Mirzə
Şəfı Vazeh adına kütləvi kitabxanadan saldıq.
Biz kitabxanaya çatar-çatmaz, uzaqdan diqqətimizi
binanın çöl hissəsində aparılan təmir
işi cəlb etdi. Kitabxana işçilərilə
söhbətimiz zamanı məlum oldu ki, burada BŞİH
tərəfindən, kosmetik də olsa, təmir işlərinə
başlanılıb. Belə ki, kitabxananın uzun
illərdən bəri təmir edilməyən köhnə
pəncərələri dəyişdirilərək plastik
pəncərə ilə əvəz edilib. Kitabxanadan
aldığımız məlumata görə, otaqların da
təmiri gözlənilir.
İlk olaraq
kitabxananın içərisi, oxu zalındakı
səliqə-sahman, rəflərin zənginliyi diqqətimizi
cəlb etdi.
Amma
təəssüflər olsun ki, kitabxana M.Ş.Vazehin
adını daşısa da, onunla bağlı guşədə
müəllifi olduğu əsərlər və
barəsində yazılanlar azlıq təşkil edir. Burada,
Vazehdən daha çox, müasir şair və yazıçıların
kitabları düzülüb. Kitabxana müdiri bildirdi ki, Vazehlə
bağlı ədəbiyyat çox olmadığından,
stendə onun əsərlərilə yanaşı, başqa
şair və yazıçıların da əsərləri
qoyulub.
Kitabxana müdiri
Naminə Ömərovanın bildirdiyinə görə,
M.Ş.Vazeh adına kütləvi kitabxana 1978-ci ildə
yaradılıb. Uzun illər paytaxt sakinlərinə xidmət
edən və həmişə oxucu tələbatını
ödəməyə çalışan kitabxananın fondunda
34104 min nüsxə kitab var. Heç zaman oxucu
qıtlığı çəkmədiklərini bildirən
kitabxana müdiri oxucularının 3500 nəfər
təşkil etdiyini dedi. Naminə xanımın dediyinə
görə, kitabxananın rusdilli və Azərbaycandilli
oxucular və qiraət şöbəsi var ki, onlar da hər
gün səhər saat 10:00-dan, axşam 18:00-ə
qədər oxucuların ixtiyarındadır. Bu kitabxanadakı
ədəbiyyatların tam oxucuların
tələbatını
ödəyib-ödəməməsinə gəldikdə,
kitabxana əməkdaşlarının bildirdiyinə
görə, həmişə oxucu tələbatını
ödəmək olmur, çünki elə ədəbiyyatlar
var ki, bu kitabxanada yoxdur: «Təbii ki, həmişə oxucu
tələbatını ödəmək olmur. Bəzən
elə olur ki, onların tələb etdiyi kitab bizdə olmur.
Əvvəllər belə idi ki, bizim öz pulumuz olurdu, gedib o
kitabları alıb gətirirdik. İndi isə belə deyil.
Prezidentimizə son illər müxtəlif
ədəbiyyatların latın qrafikası ilə nəşr
olunması barədə sərəncam verdiyinə və bu kitabların
çap olunub kitabxanalara paylanmasına görə
təşəkkür edirik. Hələ kitabxanamızın
fondu tam dəyişməsə də, hesab edirik ki, yaxın
illərdə buna tam nail olacağıq. Çətinliyə
gəldikdə isə, əsas çətinliklərimizdən
biri odur ki, bizdə rusdilli oxucular üçün
ədəbiyyat qıtlığı var. Bizdə rus dilində
rus yazıçılarının və rusdilli Azərbaycan
yazıçılarının yeni kitabları yoxdur. Çox
zaman rusdilli oxucular bu kitablarla maraqlanır».
Son illər prezidentin
sərəncamı ilə nəşr olunan latın
qrafikalı ədəbiyyatlara qədər kitabxanaya elə
də çox kitab verilmədiyini deyən kitabxana
işçilərinin bildirdiyinə görə, kitabxana
2006-cı ildə 223 nüsxə, 67 adda latın qrafikası
ilə nəşr olunan ədəbiyyat alıb. 2007-ci ildə
isə bu kitabxanaya Prezident Aparatı 170, M.F.Axundov adına
Milli Kitabxana isə 21 ədəd latın əlifbası
ilə çap olunan kitab verib.
Qeyd edək ki, bir
neçə ildir, Milli Kitabxana kompüterlə təmin edilib,
oxuculara internet xidməti göstərir. Digər
kitabxanalarında kompüter sisteminə keçməsi
məsələsi gündəmdədir. Sözügedən
kitabxana əməkdaşları da bunu arzulayır: «Bizim
kitabxanada da kompüter sisteminə keçilsə yaxşı
olar. Kataloqları kompüterdə hazırlayarıq. Bu bizim
üçün də rahat olar».
Bizi səmimiyyət
və mehribanlıqla qarşılayan kitabxana müdiri və
işçilərilə sağollaşıb
ayrılırıq. Dünyada muzey, arxiv və kitabxana
işçilərinin fədai olduğunu bir daha anlayırıq.
Doğrudan da, bu sənət sahibləri olduqca cəfakeş,
fədakardır. Axı hansı sənət sahibi 50 manat
maaşa işləyər? Ümid edirik ki, hökumət bu
fədakar insanların əməyini qiymətləndirib,
onları normal əməkhaqqı ilə təmin
edəcək.
Bakı xəbər.- 2007.- 9 oktyabr.- S. 15.