Dünya informasiya
agentliklərinin ikinci qurultayı başa
çatmışdır
AzərTAc-ın
müxbiri xəbər verir ki, oktyabrın 26-da
İspaniyanın Estepona şəhərində dünya
informasiya agentliklərinin ikinci qurultayı öz işini davam
etdirmişdir.
Səhər iclasını İtaliyanın nüfuzlu
ANSA informasiya agentliyinin baş direktorunun müavini Culio Pekora
açmışdır. Agentliyin proqram rəhbərləri
Stefani Querillo və Simon Günter yeni texnologiyaların
inkişafına həsr olunmuş proqramlarını təqdim
etmişlər.
Sonra iclas İspaniyanın EFE agentliyinin baş direktoru Lola
Alvaresin sədrliyi ilə davam etmişdir.
"İnnoveyşn" beynəlxalq media-konsaltinq qrupunun
məsləhətçi-direktoru Klaudio Epsent informasiya
agentliklərinin gələcəyi və kütləvi
informasiya vasitələrinin inkişaf meyilləri
barədə məlumatla çıxış etmişdir.
Qurultay çərçivəsində keçirilən
fotosərgidə dünya informasiya agentliklərinin
fotomüxbirlərinin işləri təqdim olunmuşdur.
AzərTAc-ın foto ustalarının üç işi
qurultay iştirakçıları tərəfindən
böyük maraqla qarşılanmış, Osman Kərimovun
fotosu birinci mükafata layiq görülmüşdür.
Qurultayın bağlanış mərasimində İspaniya
Senatının sədri Fransisko Xavyer Roxo Qarsia iştirak
etmişdir.
Elə həmin gün qurultay çərçivəsində
AzərTAc-ın da üzv olduğu Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı Ölkələri
Milli İnformasiya Agentlikləri Assosiasiyasına (BSANNA) daxil olan
xəbər agentliklərinin rəhbərlərinin iclası
keçirilmişdir. Tədbirdə əvvəlki iclasdan
keçən dövr ərzində görülmüş
işlər müzakirə olunmuş və
təşkilatın növbəti iclasını gələn
ilin iyun ayında Bolqarıstanda keçirmək barədə
qərar qəbul edilmişdir.
Xalq qəzəti.- 2007.- 27 oktyabr.- S.5.