Hüseynova İ.
İnformasiya texnologiyalarının inkişafı
dövlət siyasətinin prioritet istiqamətinə
çevrilmişdir
Qloballaşma
əsrində informasiya və kommunikasiya texnologiyaları,
mütərəqqi yenilikləri özündə ehtiva
edən çoxşaxəli innovasiya sistemləri hər bir
dövlətin ümumi inkişaf səviyyəsindən və
potensialından xəbər verən, sosial-iqtisadi,
mədəni-intellektual yüksəlişi təmin edən
vacib meyarlardan birinə çevrilmişdir. İqtisadi
tərəqqi, demokratikləşmə və insan
hüquqlarının etibarlı təminatı
baxımından özünün yüksək inkişaf
mərhələsinə çatmış dövlətlərin
bu nailiyyətləri eyni zamanda informasiya iqtisadiyyatına
əsaslanan mütərəqqi biliklər
nəticəsində əldə etdiyi danılmaz
həqiqətdir. Təcrübə göstərir ki, iqtisadi
inkişaf strategiyasını elmi-texniki əsaslar
üzərində qurmaqla innovasiya inkişafını
dövlət quruculuğu prosesinin mühüm təminatı
sayan, hər zaman proqressiv ənənələrə istinad
edən dövlətlər milli tərəqqiyə olur,
dünya arenasında özünəlayiq yer tuturlar.
Müasir dövrdə hər bir xalqın, dövlətin
gələcək taleyini təkcə onun malik olduğu
zəngin təbii sərvətlər deyil, həm də
elmi-mədəni və intellektual imkanları, bütün
bunların da fövqündə dayanan insan kapitalı
müəyyənləşdirir. Funksional imkanları elm və
təhsilin ictimai həyatın ən müxtəlif
sahələrində tətbiqi yolu ilə
gerçəkləşdirilən bu əvəzsiz kapital
hazırkı mərhələdə fərd və ictimai
toplumların, geniş mənada, xalqların gələcək
inkişafının, yaşayış səviyyəsinin,
habelə qazandığı nailiyyətlərin rəhni kimi
çıxış edir. Müstəqil Azərbaycan
dövləti də qloballaşan dünyanın
bərabərhüquqlu subyekti kimi, öz inkişafını,
sadəcə, təbii sərvətlərin gətirdiyi
dividendlərə bağlamır və mövcud
resurslarını sırf insan faktorunun prioritetə
çevrilməsi yönümündə qurur.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev hələ respublikaya rəhbərliyinin birinci
dövründə cəmiyyətin bütün sferalarında
inkişafın məhz elmi əsaslara
söykənməsinə çalışmış,
sənayenin ayrı-ayrı sahələrində elmi-texniki
tərəqqinin ən son nailiyyətlərindən istifadə
olunması, intellektual resursların artırılmasının
vacibliyini önə çəkmişdir. Ulu öndər
məhz bu zərurətdən çıxış
edərək Azərbaycanın intellektual potensialının
gücləndirilməsinə, ölkənin gələcək
inkişafının elmi əsaslar üzərində
qurulmasına çalışmış, bir neçə on
ildən sonra dövlət müstəqilliyini elan
edəcək Azərbaycan üçün layiqli
vətəndaşların yetişdirilməsi işinə
xüsusi diqqət yetirmişdir. Həmin dövrdə humanitar
və fundamental elm sahələrində böyük
irəliləyiş əldə edilmiş, elm və
təhsildə qazanılan uğurların iqtisadiyyatın
ən müxtəlif sferalarında tətbiqi uğurlu
nəticələrə gətirib
çıxarmışdır. Cəmiyyət inkişaf
prosesinin elmi-intellektual əsaslar üzərində qurulmuş
yeni innovasion mərhələsinə qədəm qoymuş,
Azərbaycanda yüksək ixtisaslı kadrlar hazırlayan
yeni-yeni ali və orta ixtisas məktəbləri
açılmışdır.
Azərbaycana rəhbərliyinin ikinci dövründə də
ümummilli liderimiz insan kapitalının
yüksəlişinə xidmət edən bütün
zəruri tədbirləri həyata keçirmiş,
hələ ötən əsrin 70-80-ci illərində
respublikada formalaşdırmış zəngin intellektual
potensiala istinad edərək özünün
mükəmməl elm və təhsil konsepsiyasını
irəli sürmüş, milli tərəqqi baxımından
strateji əhəmiyyət daşıyan bu sahələrin
problemlərini diqqət mərkəzində
saxlamışdır. Sivil dünya gerçəklikləri
ilə çuğlaşan maarifçilik kursunun həyata
keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq
olunması yolu ilə təhsil sisteminin müasirləşdirilməsi,
bir ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövründə bu sahədə özünü
göstərən obyektiv problemlərin tam aradan
qaldırılması son 14 ildə Azərbaycanda həyata
keçirilən dövlət siyasətinin ayrılmaz
tərkib hissəsinə çevrilmişdir. Ümummilli
liderimiz Heydər Əliyev bu sahənin ardıcıl və
sistemli surətdə inkişafına xüsusi diqqət
yetirmiş, nəticədə ötən müddətdə
rabitə və informasiya texnologiyalarının
fəaliyyəti üçün zəruri hüquqi-normativ
baza formalaşdırılmış, maddi-texniki təminat
müasir tələblərə
uyğunlaşdırılmışdır. Ulu öndərin
2003-cü il 17 fevral tarixdə imzaladığı
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)" müasir informasiya
texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində
strateji vəzifələri
müəyyənləşdirmişdir. İlk dəfə
olaraq məhz bu sənəddə dövlətin innovasiya
inkişafında elmin rolu önə çəkilmiş,
elmtutumlu yeni texnologiyaların inkişafı
məsələsi zəruri tələb kimi əksini
tapmışdır.
Azərbaycanın bütün strateji sahələr
üzrə inkişaf təmayüllərini ilk gündən
düzgün müəyyənləşdirərək
ötən 4 ildə misilsiz uğurlara imza atmış
Prezident İlham Əliyev əsası ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi
inkişaf strategiyasını yeni dövrün tələbləri
səviyyəsində davam etdirir. "İnkişaf etmiş
ölkələrin təcrübəsinə nəzər salsaq
görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz
deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm
bu olmalıdır, həm də, əlbəttə ki, təbii
ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox
qabaqcıl, müasir ölkəyə
çevirəcəkdir" deyən dövlət
başçısının
müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf
strategiyasının mahiyyətində dayanıqlı və
sabit inkişaf edən iqtisadi sistemin
formalaşdırılması məqsədi dayanır. Bu
siyasət neftdən asılılığı azaltmaqla
ölkədə iqtisadi inkişaf sürətini sabit
saxlamağa imkan verən fundamental əsasların
yaradılmasını nəzərdə tutur.
Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə
olunan vəsaitlərin böyük qisminin insan kapitalına
yönəldilməsini təmin etmək istiqamətində
yeritdiyi məqsədyönlü siyasət inkişaf etmiş
dövlətlərin təcrübəsində
özünü tam doğrultmuşdur. Bu gün Uzaq
Şərqin zəngin təbii sərvətləri olmayan bir
sıra dövlətlərinin, konkret desək, Yaponiyanın,
Cənubi Koreyanın timsalında əminliklə demək olar
ki, elm və təhsil, yüksək ixtisaslı kadr
potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi,
mədəni-intellektual yüksəlişinin əsas
təminatı qismində çıxış edir.
İntellektual potensial əhəmiyyətinə və
gətirdiyi dividendlərə görə indi hətta
zəngin təbii sərvətləri də
üstələyir. Müasir dünyada rəqabətə tab
gətirmək üçün ilk növbədə
təhsilə, zəngin biliklərə, informasiya
texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq
lazımdır.
Yeni əsrdə mütərəqqi texnologiyaların rolu
artır, iqtisadi artımın xarakteri dəyişir,
"ictimai tərəqqi" anlayışı və onun
meyarları barədə yeni baxışlar meydana
çıxır, bazarların qloballaşması prosesi
baş verir. Belə şəraitdə müstəqil
Azərbaycan dövləti dünya iqtisadiyyatının
strategiyasına uyğun olaraq özünün innovasiya
siyasətini həyata keçirməlidir. İnnovasiya
dedikdə, ümumən cəmiyyətdə elmi-texniki
tərəqqinin gerçəkləşdirilməsi aləti
kimi özünü göstərən yeniləşmə
prosesi başa düşülür. Bu mühüm prosesdə
elmi-texniki tərəqqinin yenilikləri nəzərə
alınır, müasir elmi tədqiqatların
aparılmasına diqqət artırılır. İstehsal
və sosial sahələrdə elmi-texniki tərəqqinin nailiyyətlərindən
istifadə etmək istiqamətində investisiya
fəaliyyətinin bir forması da məhz innovasiyadır.
İnnovasiya fəaliyyəti dedikdə, fundamental tədqiqat
işlərinin maliyyələşdirilməsi
nəzərdə tutulur.
Bu gün Azərbaycan sənayesi və sahibkarı istehsal
sahələrinin yeni texnologiyalarla silahlanması,
köhnəlmiş texnologiyanın daha məhsuldar texnika
ilə əvəz edilməsi zərurəti ilə
qarşılaşır. Müstəqilliyin ilk illərində
maliyyə çatışmazlıqları üzündən
büdcədən innovasiya sferasına, xüsusilə elmi
tədqiqat və təcrübə-konstruktor
işlərinə ayrılan vəsait bir necə dəfə
azalmışdır. Mütəxəssislərin
proqnozlarına görə, hazırda maddi istehsal
sahələrinin yeni texnika və texnologiya əsasında
modelləşdirilməsi üçün Azərbaycana 22
milyard dollara yaxın vəsait tələb olunur. Beləliklə,
iqtisadi sistemin transformasiyasında, milli iqtisadiyyatın
formalaşması və inkişafında innovasiya amili
həlledici rol oynamağa başlamışdır.
Təsadüfi deyildir ki, Azərbaycanın son illər artan
maliyyə imkanları innovasiya texnologiyalarının
inkişafına xidmət edən təhsil və elm
sahələrinə diqqətin artırılması ilə
müşahidə olunur.
Hazırda cəmiyyətin inkişafı bilavasitə
insanın fəaliyyəti, onun əməyinin
məhsuldarlıgı ilə əlaqəli oldugundan insana
qoyulan investisiya - insan kapitalı xüsusi əhəmiyyət
kəsb edir. İnsan kapitalı təhsil, elm, səhiyyə,
mədəniyyət, incəsənət, informasiya
xidmətinə əsaslanmaqla formalaşır. İnsan
kapitalı kompleks sahələri əhatə etməklə,
istər iqtisadi, istər sosial, istərsə də
siyasi-hüquqi sahəyə geniş təsir imkanlarına
malikdir.
Təcrübə göstərir ki, insan potensialının
formalaşdırılması sahəsində əsas
ağırlıq məhz təhsil sisteminin üzərinə
düşür. Burada söhbət təkcə ali təhsil
sistemindən deyil, təhsilin bütün
növlərindən (əsas orta, orta ümumtəhsil, texniki
peşə, otra ixtisas, ali təhsil) gedir. Elm və təhsil
əhalinin həyat səviyyəsinin
yüksəldilməsinin, insan inkişafı indeksinin
mühüm amillərindən biri olmaqla ölkənin
sosial-iqtisadi inkişafının
sürətlənməsinə hərtərəfli təsir
göstərir. Bu baxımdan indiki bazar iqtisadiyyatı
şəraitində Azərbaycanda dövlətin innovasiya
inkişafında elm və təhsil sisteminin rolu hədsiz
dərəcədə artmışdır.
Son illər sosial-iqtisadi inkişaf prosesinin
sürətlənməsi ilə əlaqədar
respublikamızın beynəlxalq aləmə
çıxışına geniş imkanlar yaranmışdır.
Lakin bu imkanların gerçəkləşdirilməsi hər
şeydən əvvəl ölkədə elmin və
təhsilin inkişaf səviyyəsindən, yeni texnika və
texnologiyaların tətbiqindən, yeni elmi biliklərin,
ixtisasların mənimsənilməsindən
asılıdır. Yalnız bu halda Azərbaycanın sivil
dünyaya inteqrasiyasına və dünya miqyasında
nüfuzunun artmasına nail olmaq mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev məhz bu reallıqdan
çıxış edərək dövlətə
rəhbərlik fəaliyyətinin ilk günlərindən elmi
sahədə böyük yüksəlişin təmin
olunmasını başlıca prioritetlərdən biri kimi
müəyyənləşdirmişdir. Elmin, təhsilin
inkişafı üçün dövlət
büdcəsində nəzərdə tutulan vəsaitlərin
ildən-ilə artırılması, müəllimlərin
əmək haqlarında, tələbə, magistr və
aspirantların təqaüdlərində özünü
göstərən əsaslı artımlar, habelə məktəblərin
dərsliklərlə pulsuz təminatı dövlət
rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət
və qayğısının bariz ifadəsidir. Dövlət
başçısı xüsusi vurğulayır ki,
"elmə qoyulan sərmayə xalqın intellektual
sabahına xidmət edir".
Demokratik idealların daha da möhkəmlənməsi,
elmi-texniki tərəqqinin geniş vüsət alması insan
amilinin inkişafını vacib məsələlərdən
biri kimi önə çıxarır. Azərbaycan Prezidenti
İlham Əliyevin ötən 4 ildə həyata
keçirdiyi siyasətin mahiyyətində də məhz insan
amili dayanmışdır. Elm müəssisələrinin,
məktəblərin kompüterləşdirilməsi,
gənclərin virtual dünyaya
çıxışının təmin edilməsi,
onların informasiya texnologiyaları ilə işləmək
vərdişlərinə yiyələnmələri
üçün atılan məqsədyönlü addımlar
Azərbaycanda insan kapitalının inkişafı
baxımından böyük əhəmiyyət
daşıyır. Dövlət başçısı
informasiya-kommunikasiya texnologiyalarının inkişaf
etdirilməsi yolu ilə respublikanın zəngin iqtisadi potensialının
insan kapitalı ilə əvəzlənməsini son
dərəcə vacib sayır. Bu baxımdan Azərbaycan
Prezidentinin 21 avqust 2005-ci il tarixli sərəncamla
təsdiqlədiyi "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı (2005-2007-ci
illər) Proqramı", əslində, tarixi bir
qərardır. Ölkəmizdə təhsilin keyfiyyətinin
artırılmasına, milli təhsilimizin dünya təhsil
sisteminə inteqrasiyasına imkan yaradan, Azərbaycan
əhalisini informasiyalı cəmiyyətin üzvlərinə
çevirən bu proqram artıq uğurlu
nəticələrini göstərir.
Dövlət başçısı İlham Əliyevin
xüsusi diqqət yetirdiyi sahələrdən biri də
Azərbaycanda informasiya- kommunikasiya texnologiyalarının
sürətli yüksəlişinin təmin edilməsi,
respublikamızın bu sahədə əlverişli tranzit ölkəyə
və regional mərkəzə çevrilməsidir. Cənab
İlham Əliyev Prezident seçildikdən sonra ilk xarici səfərə
BMT-nin himayəsi altında Cenevrədə təşkil
edilmiş İnformasiya cəmiyyəti üzrə dünya
sammitində iştirakla başlamışdır. Prezident
İlham Əliyevin həmin sammitdə qeyd etdiyi kimi,
respublikamızın Cənubi Qafqazda bu sahədə liderlik
etməsi kifayət qədər ciddi zəminə
əsaslanır. Azərbaycan neftdən qazanılan
gəlirlərin qeyri-neft sektoruna, o cümlədən
rabitə-informasiya texnologiyalarının inkişafına
yönəltməyi son dərəcə vacib sayır.
Dövlət başçısının apardığı
siyasətin məqsədi respublikamızı regionda
rabitə-informasiya texnologiyaları sahəsində tranzit
və mərkəzi ölkəyə çevirməkdir.
Azərbaycanın yaxın illərdə informasiya ixrac edən
ölkələrdən birinə çevrilməsi də
aparılan islahatların başlıca qayəsini
təşkil edir. Azərbaycan fibrooptik kanalların
keçdiyi əlverişli coğrafi məkanda yerləşir
və bu baxımdan respublikanın Şərqlə Qərb
arasında əlverişli informasiya tranziti məkanına
çevrilməsi ehtimalı kifayət qədər
yüksəkdir.
Azərbaycan Prezidentinin 24 noyabr 2003-cü il tarixli
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında"
fərmanında və 11 fevral 2004-cü il tarixli
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda bir sıra
sahələrlə yanaşı, informasiya
texnologiyalarının inkişafına da xüsusi diqqət
ayrılmışdır. Əsas məqsəd Azərbaycanda
XXI əsrin tələblərinə cavab verə bilən
müasir informasiya infrastrukturunun, habelə iqtisadiyyatda prioritet
yer tutan informasiya və kommunikasiya məhsulları sektorunun
yaradılmasıdır.
Dövlət başçısının 22 oktyabr 2005-ci il
tarixli fərmanı ilə "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı(Elektron Azərbaycan)"nın imzalanması
rabitə və informasiya texnologiyalarının
hökumətin fəaliyyətində geniş tətbiqinə
imkan yaradan təkmil konsepsiyadır. Proqramda nəzərdə
tutulmuş tədbirlər nəticəsində 2008-ci ildə
Azərbaycan informasiya texnologiyalarının inkişafı
sahəsində ümumdünya orta
göstəricilərinə çatacaq, bu sektorun
inkişafına 150 milyon ABŞ dolları
yönəldiləcəkdir. İnformasiya
texnologiyalarının geniş tətbiqinə xidmət
edən sözügedən dövlət proqramının
imzalanması, şübhəsiz, ölkənin sosial-iqtisadi
inkişaf strategiyasından irəli gəlir. Bütün
sahələrdə inkişaf edən Azərbaycanda idarəetmənin
müasir texnologiyalar əsasında qurulması vacibdir.
Dövlət proqramı eyni zamanda "rəqəmsal
uçurum"un, yəni informasiya uçurumu
təhlükəsinin aradan qaldırılmasına xidmət
edir. Yəni paytaxtda və digər iri
şəhərlərdə müasir texnologiyalar
sürətlə inkişaf etdiyi halda, rayonlarda bu proses
yubanır. Bu baxımdan, regionlarda rəqəmsal sistemin
tətbiqi, internetin, müasir rabitə və kommunikasiya
texnologiyalarının inkişafı olduqca vacibdir. Bu, təkcə
sosial-iqtisadi deyil, həm də mədəni-intellektual
inkişafa, insan kapitalının inkişafına, innovasiya
layihələrinin stimullaşdırılmasına xidmət
edir.
2005-ci il noyabrın 16-18-də Tunisdə İnformasiya
cəmiyyəti üzrə sammitin 2-ci fazası
keçirilmişdir. Azərbaycan bu sammitə xüsusi
fəallıqla hazırlaşmış, respublikamız sammitin
təşkilat komitəsinin üzvü və sponsorlarından
biri olmuşdur. Bu sammitdə "İnformasiya-kommunikasiya
texnologiyalarının cəmiyyətin
demokratikləşməsində və insan
hüquqlarının qorunmasında rolu" XXI əsrin yeni
çağırışı elan olunmuşdur. Həmin
tezisin əsas müəlliflərindən biri də məhz
Azərbaycandır.
"BAKUTEL-2006" Beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgi-konfransının
açılışı mərasimində çıxış
edən dövlət başçısı cənab İlham
Əliyev bu sahənin ölkəmiz üçün strateji
əhəmiyyət kəsb etdiyini bir daha
vurğulamışdır: "EBizim gənc nəslimiz
bilikli, dünyada gedən proseslərə bələd
olmalıdır, izləməlidir. Ən qabaqcıl
texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə,
ölkənin inkişafı məhz bu istiqamətdə davam
etməlidir. Dünyada uğur qazanmış, inkişaf
etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik
ki, o inkişafın, tərəqqinin əsas
səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik,
məhz savad, yeni texnologiyalar - bütün bunlar
ölkəyə uğur, rifah gətirir, inkişaf,
müasirlik gətirir".
Hazırda dövlət səviyyəsində həyata
keçirilən siyasətin başlıca mahiyyəti
ixtisaslı kadr ehtiyatını daim
təkmilləşdirmək, ən başlıcası
innovasiya sistemlərindən bəhrələnərək
İKT infrastrukturunun iqtisadi bazasını durmadan
yüksəltməkdir. Azərbaycan Respublikası hələ
Cenevrə sammitində bəyan etdiyi prinsiplərə sadiq
qalaraq informasiya cəmiyyətinin qurulması
istiqamətində dövlət səviyyəsində
məqsədyönlü işlər aparır. "Elektron
imza və elektron sənəd haqqında", "Elektron
ticarət haqqında", "İnformasiya əldə
etmək haqqında" və "Telekommunikasiya
haqqında", "Poçt rabitəsi haqqında" kimi
mühüm qanunlar, "Azərbaycan Respublikasında
telekommunikasiya sahəsinə dair siyasət planı",
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya və kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya" və "Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı (Elektron Azərbaycan)" qəbul edilmişdir.
Dövlət proqramı və göstərilən qanunlar
rabitə və informasiya texnologiyaları sahəsi üzrə
geniş islahatların aparılmasını,
tənzimləmə prosedurunun
təkmilləşdirilməsini, telekommunikasiya
şəbəkələrində geniş
modernləşmə işlərinin aparılmasını
təmin edir. Və ən mühüm amil ondan ibarətdir ki,
iqtisadiyyatın bu sektorunda, informasiya və kommunikasiya
texnologiyaları bazarında açıq rəqabət
üçün əlverişli mühit yaratmağa geniş
imkanlar açır.
Son zamanlar dünyanın ən böyük kommunikasiya
şirkətləri Azərbaycana böyük maraq
göstərirlər. İri şirkətlərin
rəhbərlərinin respublikamıza səfərləri
və 2007-ci ilin yanvar ayında Davosda keçirilmiş
ənənəvi iqtisadi forumda dünyanın aparıcı
informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin
("Microsoft", "Cisco" və "İntel")
prezidentlərinin təşəbbüsü ilə Prezident
İlham Əliyevlə görüşlər bir daha
göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların
diqqət mərkəzindədir və bu imkanlardan
səmərəli istifadə etmək lazımdır.
Bütün bunların nəticəsidir ki, Azərbaycan
2006-2007-ci illər üçün qabaqcıl
informasiya-kommunikasiya və innovasiya texnologiyalarından
istifadə səviyyəsinə görə 122 qabaqcıl
ölkə arasında 71-ci yeri tutmuşdur. Azərbaycan bu
cədvəldə Rusiyadan sonrakı sıranı tutaraq bir
çox nüfuzlu ölkələri, o cümlədən
Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan, Moldova
kimi ölkələri arxada qoymuşdur. Müqayisə
üçün bildirmək lazımdır ki, 2004-2005-ci illər
üçün respublikamız heç 140 ölkə
arasına da düşməmişdi.
İKT-nin cəmiyyətə, sosial-iqtisadi, siyasi,
mədəni inkişafa təsiri XXI əsrin yeni
insanını, insanlar arasında münasibətləri və
yeni istehsal vasitələrini formalaşdırır. İKT
yeni sosial-iqtisadi formasiyanın - informasiya cəmiyyətinin
yaranması və formalaşmasının əsasını,
bünövrəsini qoyur. İKT sahəsində lider olmaq
və iqtisadi inkişafı təmin etmək üçün
informasiya cəmiyyətini səciyyələndirən
informasiya və kommunikasiya, habelə innovasiya texnologiyalarının
ilk mərhələdə istifadəçisinə, daha sonra
isə istehsalçısına çevrilmək son
dərəcə zərurətdir. Azərbaycan Prezidenti
İlham Əliyev də məhz bu reallıqdan
çıxış edərək bildirir ki, respublikamızda
İKT sahəsinin neftdən gələn gəlirləri əvəzləməsi
üçün geniş potensial mövcuddur.
Hökumət səviyyəsində regional innovasiya
zonasının yaradılması layihəsinin
müzakirələrə çıxarılması, ilk
növbədə, kiçik və orta innovasion sahibkarlıq
üçün texnoparkların yaradılmasını,
elektron avadanlıq və proqram təminatının
istehsalı və ixracatı üzrə regional bazanın
yaradılmasını nəzərdə tutur. Təkliflər
zərfində yerli və xarici şirkətlərin informasiya
texnologiyaları avadanlıqları istehsalı
üçün yeni müəssisələr yaratması,
rabitə xidmətləri çeşidlərinin
artırılması üstünlük təşkil edir.
Layihənin həyata keçirilməsi üçün
Azərbaycan ABŞ-ın tanınmış "Hamelton"
şirkətinin təcrübəsindən yararlanmaq
niyyətindədir. Bundan əlavə, Dubay və Malayziya
təcrübəsi nəzərdən keçirilir. Layihə
tətbiq olunarkən təkcə Azərbaycan bazarı deyil,
region dövlətlərinin İKT bölmələri
nəzərə alınacaq. Yaxın illərdə
Azərbaycanda bu bazarın satış dövriyyəsinin 4
milyard dollara çatdırılması
planlaşdırılır. Bu göstərici hökuməti
qane etmədiyindən istehsal məhsullarının
Türkiyə, Qazaxıstan, Gürcüstan, Özbəkistan,
İran və digər dövlətlərə ixracı
nəzərdə tutulur. Hesablamalara
görə, bu regionda İKT-nin dövriyyəsi 65 milyard dollar
təşkil edir. Azərbaycan hətta bir neçə
ildən sonra həmin texnologiyaların bazarını bir
qədər də genişləndirməklə dövriyyəni
160 milyard dollara çatdırmağı
planlaşdırır. Regional innovasiya zonalarının
gəlir gətirməsi təxminən 2015-2018-ci illərə
təsadüf edəcəkdir. Nəzərdə tutulan
layihələr həyata keçiriləcəyi
təqdirdə 2015-ci ildən başlayaraq İKT sektorundan
əldə edilən gəlirlər neft gəlirlərini
üstələyə bilər.
İKT sahəsində regional lider olmağın başlıca
şərtlərindən biri də məhz ölkədə
güclü elm və təhsil sisteminin
formalaşdırılmasıdır. Elm və təhsil olmadan
hər hansı innovasiya layihəsindən, mütərəqqi
yeniliklərin istehsalatda tətbiqindən danışmaq
yersizdir. Dövlət başçısı müasir
qloballaşma əsrində dünya elminə, təhsilinə
inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin
xaricdə təhsil almasına da xüsusi əhəmiyyət
verir. Çünki İKT sahəsində güc sahibi olmaq
üçün yeni tipli intellektual insanların - yeni
kadrların mövcudluğu və ya yetişdirilməsi olduqca
vacibdir. İnformasiya cəmiyyətinin
tələblərinə görə, daha az təhsil
görən və istər əqli, istərsə də fiziki
cəhətdən az bacarığa sahib insanlara ehtiyac duyulmur.
Bu tip cəmiyyət hərtərəfli, bacarıqlı,
yüksək təhsilli, qərarlı və daha çox imkan
tələb edən insanların hazırlanmasına
şərait yaradır. Elmi biliklərin tətbiqi innovasiya
layihələrinin yaranmasını təmin edir,
məhsuldarlıq artır, məsrəflər
düşür və bu müsbət tendensiya əmək
haqlarının yüksəlməsində də öz
əksini tapır. Bu da, öz növbəsində,
insanların hüquqi, siyasi və sosial haqlarının
möhkəmlənməsi ilə nəticələnir.
Prezident İlham Əliyevin bu yöndə həyata
keçirdiyi siyasətin əsas məqsədlərinə
İKT sahəsində hüquqi əsasların
yaradılması, insan amilinin inkişafı,
vətəndaşların məlumat almaq, onu yaymaq və
istifadə etmək hüquqlarının
genişlənməsi, şəffaf
özünüidarəetmənin təmini, elektron
hökumətin, elektron ticarətin formalaşması,
ölkənin iqtisadi, sosial və intellektual rotensialının
möhkəmləndirilməsi, informasiya və biliklərə
əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın
qurulması kimi fundamental məsələlər daxildir. Eyni
zamanda, informasiya və bilik bazarının yaradılması,
tarixi, ədəbi-mədəni irsin saxlanması, müasir
informasiya-kommunikasiya infrastrukturunun
formalaşdırılması, informasiya
təhlükəsizliyinin təmini, qlobal informasiya
fəzasına inteqrasiya, milli İKT məhsullarının
istehsalı, ölkənin elektron geriliyinin aradan
qaldırılması və digər vacib
məsələlər cənab İlham Əliyevin
müəyyənləşdirdiyi strateji istiqamətlərdir.
Dövlət başçısı hesab edir ki, informasiya
cəmiyyəti fərdi biliklərin "internet
mühitinin" köməyi ilə ictimailəşməsi,
kollektiv təfəkkürün formalaşması
üçün misilsiz imkanlar yaradır. İnformasiya
cəmiyyəti, eyni zamanda, yeni növ iqtisadiyyatı - ali
əmtəə forması olan biliklərə və
informasiyalara əsaslanan iqtisadiyyatı formalaşdırır.
Prezident İlham Əliyev daim vurğulayır ki,
ölkələrarası inteqrativ münasibətlərin
meydana gəlməsi və inkişafında informasiya
cəmiyyəti müstəsna əhəmiyyətə malikdir.
Yüksək səviyyədə hazırlanmış kadr
potensialı elmi-texniki, sosial-iqtisadi inkişafda
əhəmiyyətli rol oynayır. Nəzərə almaq
lazımdır ki, ixtisaslı kadrların əməyi
intellektual əmək hesab olunur. İntellektual əmək işçisi
isə hər hansı müəssisə və ya
təşkilatın ən vacib və dəyərli resursu
sayılır. Çünki intellektual əmək və ya
ixtisaslı kadrların əməyi, onların bilik və
bacarığı başlıca istehsal resursu kimi meydana
çıxır. Ona görə də müasir dövrdə
yeni iqtisadi anlayış - "bilik iqtisadiyyatı" və
ya "biliklərə əsaslanan iqtisadiyyat"
anlayışları meydana gəlmişdir.
Müasir bazar iqtisadiyyatı şəraitində təhsilin
keyfiyyətini artırmaqla dövlətin iqtisadi və
mənəvi dəyərlərinin qorunmasına, inkişaf
etdirilməsinə, respublikamızda əmək qabiliyyətli
əhalinin tam və səmərəli
məşğulluğunun təminatına nail olmaq olar. Bunun
üçün, ilk növbədə, respublika
vətəndaşlarının ümumi inkişaf
səviyyəsinin, intellektual potensialının,
peşə-ixtisas dərəcəsinin və təhsil
səviyyəsinin artırılması vacibdir. Çünki
hər bir insanın mütəxəssis kimi
yetişdirilməsi, formalaşdırılması və
cəmiyyətdə rolunun artırılmasına qısa vaxta
nail olmaq mümkün deyil. Buna görə də yüksək
həyat səviyyəsinə nail olmaq üçün hər
kəsin təhsilin yüksək pillələrində
təhsil almasına münbit şərait
yaradılmalıdır.
Pezident İlham Əliyev bütün bunları
nəzərə alaraq hələ ötən il test
imtahanlarında yüksək bal toplamış magistr
tələbələrin xaricdə təhsil almasına
maliyyə vəsaiti ayrılması üçün ARDNŞ
rəhbərliyinə göstəriş vermişdir. Bunda
məqsəd, şübhəsiz, bütün
sahələrdə sürətlə inkişaf edən
ölkə üçün yüksək səviyyəli
kadrların hazırlanmasıdır. Azərbaycan Prezidentinin 19
oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsil almasına dair
Dövlət Proqramı haqqında" sərəncamı
isə bu sahədə həyata keçirilən dövlət
siyasətində ardıcıllığın və
sistemliliyin təmin olunması baxımından
təqdirəlayiqdir. Sərəncamda göstərilir ki, XX
əsrin 70-80-ci illərində minlərlə Azərbaycan
gənci respublikadan kənarda yerləşən nüfuzlu ali
məktəblərdə müxtəlif ixtisaslar üzrə
təhsil alaraq ölkəmizin iqtisadi, mədəni və elmi
potensialının gücləndirilməsinə öz layiqli
töhfələrini vermişlər. Azərbaycan
Respublikası müstəqilliyini əldə etdikdən sonra
azərbaycanlı gənclərin dünyanın
müxtəlif ali məktəblərinə
göndərilmə siyasəti formalaşmağa
başlamışdır. Hazırda azərbaycanlı
tələbələr həm dövlət, həm də
müxtəlif fondlar hesabına bir sıra
dövlətlərin nüfuzlu ali məktəblərində
yüksək təhsil alırlar. Bu sərəncam
əsasında "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" hazırlanaraq
Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli
sərəncamı ilə təsdiq olunmuşdur. Dövlət
proqramına müvafiq olaraq xarici ölkələrin təhsil
müəssisələrində bakalavr dərəcəsi
alacaq gənclərin seçimi ilə əlaqədar
müsabiqə elan edilmişdir.
Dövlət başçısının 5 sentyabr 2007-ci il
tarixli "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nın 2007-2008-ci
tədris ilində maliyyələşdirilməsi
haqqında" sərəncamına əsasən, 2007-2008-ci
tədris ilində Azərbaycan gənclərinin Amerika
Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya,
Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə
və digər ölkələrdə təhsil
almalarını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının 2007-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə 2,2 milyon manat məbləğində
vəsait ayrılmışdır. Eyni zamanda, namizədliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil
üzrə Komissiya tərəfindən təsdiq olunmuş
xaricdə təhsil almağa göndərilən
vətəndaşlarla xüsusi müqavilə bağlamaq
səlahiyyəti Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə verilmişdir.
Azərbaycan Prezidentinin 4 sentyabr 2007-ci il tarixli "Ən
yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" sərəncamı da məhz bu ali
məqsəddən qaynaqlanır. Sərəncamda
vurğulanır ki, Azərbaycan iqtisadiyyatının
inkişaf strategiyası, ölkəmizdə informasiya cəmiyyətinin
bərqərar olması zərurəti və müasir elmi
texnologiyaların mənimsənilməsi ilə bağlı
məsələlər təhsil sisteminin keyfiyyətcə
yaxşılaşdırılmasını, məzmunca
müasirləşdirilməsini tələb edir. Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və
kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
(2005-2007-ci illər)"nın təsdiq edilməsi
haqqında" 2004-cü il 21 avqust tarixli
sərəncamının icrası ilə bağlı
araşdırmalar göstərir ki, ölkənin bir sıra
ümumtəhsil məktəblərində günün
tələblərinə cavab verən innovativ təhsil
üsullarının inkişaf etdirilməsi üçün
kifayət qədər müasir təhsil mühiti
formalaşmışdır. Belə bir sərəncamın
imzalanması da məhz gənc nəslə fundamental
biliklərin əsaslarını yeni üsullarla
aşılayan, Azərbaycan dili, ədəbiyyatı və
tarixinin, xarici dillərin tədrisində nailiyyətlər
qazanan, informasiya texnologiyalarının
mənimsədilməsi, şagirdlərin
vətənpərvərlik ruhunda tərbiyəsi işində
yüksək nəticələr əldə edən
ümumtəhsil məktəblərinin və
müəllimlərin fəaliyyətini
qiymətləndirmək məqsədi daşıyır.
Sərəncama əsasən, müasir təlim
texnologiyaları və üsulları üzrə kompleks
tədbirləri (innovativ təhsil proqramlarını)
həyata keçirən, keyfiyyət göstəriciləri
ilə fərqlənən ümumtəhsil məktəbləri
üçün 2007-2008-ci tədris ilindən başlayaraq
hər dəfə olmaqla müsabiqə əsasında 50 manat
ən yaxşı ümumtəhsil məktəbinin hər
birinə innovativ təhsil üsullarının inkişaf
etdirilməsi üçün 10000 manat və 100 ən
yaxşı müəllimin hər birinə 5000 manat
məbləğində birdəfəlik mükafat təsis
olunacaqdır. Bundan başqa, sərəncamla Nazirlər
Kabinetinə bir ay müddətində "ən yaxşı
ümumtəhsil məktəbi" və "ən
yaxşı müəllim" innovativ təhsil proqramları
üzrə müsabiqələrin keçirilməsi və
ümumtəhsil məktəblərinə ayrılmış
vəsaitlərin istifadə edilməsi istiqamətləri
barədə qaydaların layihəsini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim
etmək tapşırığı verilmişdir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda
həyata keçirilən milli layihələr hər bir
insanın həyatının keyfiyyətcə
yüksəldilməsində böyük rol oynayır.
Dövlət qabaqcıl texnologiyalardan istifadə və bu
texnologiyaların sənayedə tətbiqi ilə bağlı
inkişaf istiqamətlərini dəstəkləyir. Bu
mənada gerçəkləşdirilən milli
layihələr insana, onun həyatının keyfiyyətinin
yüksəldilməsinə yönəldilmiş
sərmayələrdir. Milli layihələrin
özünəməxsus xüsusiyyəti eyni zamanda onların
innovasiyayönümlü olmasındadır. Bütün bunlar
isə dövlətin innovasiya sistemlərinin inkişafında
elm və təhsilin müstəsna rolunun
gücləndirilməsinə xidmət edən islahatların
bundan sonra da davam etdiriləcəyinə ciddi əsaslar
yaradır.
Azərbaycan.- 2007.- 26 oktyabr.-
S.4.