Reklamlar Azərbaycan dilini bərbad hala qoyub

 

Hacıəmi Atakişiyev: Azərbaycanda reklam sahəsinə nəzarət etmək üçün Reklam Şurası yaradılmalıdır

 

Azərbaycanda mal və xidmətlərin çeşidi genişləndikcə rəqabət də artır. Hər kəs öz məhsulunu və xidmətini reklam etməyə, bu yolla da gəlirini artırmağa çalışır. Ancaq reklamlar heç də həmişə gözlənilən effekti vermir. Bunun əsas səbəblərindən biri isə reklamların anlaşılmaz, yad, Azərbaycan dilinin qrammatikasına uyğun olmayan şəkildə təqdimatıdır. Televiziya və radiolarda nümayiş olunan çarxlarda, eləcə də çap məhsulları üzərindəki reklam mətnlərində rast gəlinən söz və ifadələr, həmçinin, cümlələr nəinki dilimizin qaydalarına uyğun gəlmir, bəzən ümumiyyətlə başa düşülmür. "Vaniş inadcıl ləkələri də təmizləyir", "Baunti"- cənnət həzzidir", "İstər yerdə, istər göydə, onsuz da qayıdacaqsan" kimi reklam mətnləri qrammatik baxımdan nə qədər qüsurludursa, "Həzz anların gününün əla başlanğıcı", "Əldə olunan nəticə 5 dəfə iridir" kimi cümlələr bir o qədər anlaşılmazdır. Azərbaycan Reklamçılar İttifaqının prezidenti Haçıəmi Atakişiyev də bu fikirdədir ki, dilin qaydalarının pozulması halları yalnız radio və televiziyada nümayiş olunan reklamlar deyil, küçə reklamları üçün də xarakterikdir. H.Atakişiyevin "APA-Economics"ə bildirdiyinə görə, Azərbaycanda nəinki reklamlar, hətta reklam agentlikləri də bərbad vəziyyətdədir. Bunun əsas səbəblərindən biri isə reklam sahəsində təsadüfi adamların çalışmasıdır. ARİ prezidenti hesab edir ki, Azərbaycanda bu kimi problemlərin həlli və reklam sahəsinə nəzarət etmək üçün Reklam Şurası yaradılmalıdır. Bunun üçün isə ilk növbədə "Reklam haqqında" qanuna dəyişiklik edilməlidir: "Reklam Şurası dizayner, dilçi və jurnalistlərdən təşkil olunmalı, hazırlayacağı xüsusi proqram əsasında bu sahəni tənzimləməlidir. Şura "Reklam haqqında" qanuna dəyişikliyin edilməsini gözləmədən də reklam sahəsini bu proqram əsasında tənzimləyə bilər". Bununla bağlı təklifləri artıq Milli Məclisə təqdim etdiklərini deyən H.Atakişiyev bildirib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra belə bir qurumun fəaliyyət göstərməsi daha da aktuallaşacaq. Onun sözlərinə görə, artıq Ukrayna, Rusiya və Gürcüstan kimi ölkələrdə Reklam Şurası fəaliyyət göstərir. Bundan əlavə, H.Atakişiyev hesab edir ki, reklamları yerləşdirmə səlahiyyəti bələdiyyələrə verilməlidir: "Bu, reklam sahəsindəki monopoliyanı aradan qaldırar. Paytaxtdakı reklamların dilinə nəzarət etmək üçün isə Bakı şəhər İcra Hakimiyyətinin Reklam Departamentində ictimai əsaslarla yazıçı, jurnalist və digər mütəxəssislərdən ibarət şuranın yaradılması müsbət nəticə verər". Reklamlarda uşaq əməyindən istifadəyə gəldikdə, H.Atakişiyev bildirib ki, Azərbaycan qanunvericiliyində uşaqların reklamlara çəkilməsi ilə bağlı məsələ əksini tapmayıb. Ancaq Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra həm bu, həm də digər məsələlərlə bağlı qanunvericiliyində dəyişikliyin edilməsi zərurəti yaranacaq. Reklam sahəsində iki ildir fəaliyyət göstərən "Qlobus İnternational" agentliyinin baş meneceri Orxan Mehdiyev də hesab edir ki, bütün məsələlərdən əvvəl reklamların dilinə fikir vermək lazımdır. Baş menecer fəaliyyət göstərdikləri müddətdə "Qlobus İnternational" agentliyinin reklamlarında dillə bağlı problemin olmadığını da söyləyib. "Kommet" reklam şirkətinin meneceri Rüfət Məlikov isə bildirib ki, onlarda reklamların dilinə nəzarət edən xüsusi mütəxəssislər var. Həmin mütəxəssislər əcnəbi dildə olan reklam mətnini Azərbaycan dilinə tərcümə edir, Azərbaycan dilində mətnləri isə dövlət dilinin qayda-qanunlarına uyğun formada tərtib edirlər. Milli Televiziya və Radio Şurasından isə reklamların dili ilə bağlı konkret fikir söyləməyə tələsmirlər. Şura üzvü Qafar Cəbiyev "APA-Economics"ə hazırda reklamların dili ilə bağlı monitorinq apardıqlarını, bu araşdırmalar yekunlaşdıqdan sonra qəti fikir söyləyə biləcəklərini söyləyib. Azərbaycanda reklam bazarına, o cümlədən reklamların dilinə nəzarət edən dövlət orqanı olan İqtisadi İnkişaf Nazirliyindən isə "APA-Economics"ə bildirilib ki, reklamların Azərbaycan dilinin qaydalarına tam cavab verdiyini söyləmək düzgün olmazdı. Ancaq reklamlar, əsasən, dilimizin qaydalarına uyğun hazırlanır və bu sahədə elə də ciddi problem yoxdur. Nazirlik Azərbaycanın reklam bazarında monopoliyanın olduğunu da inkar edir.

 

525-ci qəzet.- 2007.- 19 oktyabr.- S.2.