Tanrıverdiyev Y.
Gəncədə İnformasiya
Texnologiyaları və Telekommunikasiyaya dair III Beynəlxalq
Konfrans
başa çatmısdır
Gəncə
şəhərində keçirilən informasiya texnologiyaları
və telekommunikasiyaya dair III beynəlxalq elmi-praktik konfrans
öz işini mütəşəkkilliklə başa
çatdırmışdır. Üç gün davam
edən konfransda dünyanın müxtəlif
ölkələrindən olan və informasiya texnologiyaları
və telekommunikasiya sahəsində çalışan
alimlərin əldə etdikləri ən son nailiyyətlər
barədə birgə müzakirələr
aparılmış, ən aktual problemlər üzrə
diskussiyalar keçirilmişdir.
Beynəlxalq elmi-praktik
konfransın Milli Təşkilat Komitəsinin sədri, professor
Telman Məlikov bizimlə söhbətində konfransın
gedişi, birgə müzakirələrdən sonra əldə
olunmuş nəticələr barədə daha ətraflı
məlumat verdi:
- XXI əsri sözün əsl mənasında informasiya əsri adlandırırlar. Ona görə də informasiya texnologiyaları və telekommunikasiya sahəsində aparılan tədqiqat işləri və onların nəticələri dünyanın bütün ölkələrində bu sahədə elmi axtarışlar aparan alimlərin daim diqqət mərkəzindədir. Ona görə də bu sahədə axtarışlar aparan elm adamları özlərinin əldə etdikləri nailiyyətləri birlikdə təhlil etməyi günün tələbi kimi dəyərləndirirlər. Çünki əlaqəli fəaliyyət axtarışların nəticələrinin daha da yüksəldilməsində çox böyük səmərə verir. İnformasiya texnologiyaları və telekommunikasiyaya dair beynəlxalq elmi-praktiki konfransların keçirilməsi bu zərurətdən yaranmışdır. Sevindirici haldır ki, konfransın Beynəlxalq Proqram Komitəsinin sədri dahi həmyerlimiz, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan dünya şöhrətli alim, professor Lütfi Zadədir. Bir qədər irəli gedərək deyim ki, III beynəlxalq konfransda Lütfi Zadə iştirak etməli idi, lakin xəstə olduğu üçün Gəncəyə gələ bilmədi. Onun konfrans iştirakçılarına məktubu tədbirin böyük beynəlxalq əhəmiyyət daşıdığına daha parlaq misaldır.
Konfransda respublikamızın alimləri ilə yanaşı, Rusiya Federasiyasının, Türkiyənin, Gürcüstanın və bir sıra digər ölkələrin alimləri, BMT-nin Proqram Layihəsinin elektron hökumət proqramının nümayəndələri və mütəxəssislər iştirak edirdi. İnformasiya texnologiyaları və telekommunikasiya sahəsində sanballı elmi axtarışlar aparan və böyük nailiyyətlər əldə etmiş Rusiya Federasiyasının Beynəlxalq Sistemli Tədqiqatlar Akademiyasının prezidenti, akademik İqor Doluxanovun, akademik Fyodr Paşşenkonun, türkiyəli alim Levent Emengülün adlarını xüsusilə qeyd etmək istəyirəm.
Konfransda iştirak edən alimlər informasiya texnologiyaları və telekommunikasiya sahəsində əldə edilmiş ən son nailiyyətlər barədə ətraflı fikir və təcrübə mübadiləsi etdilər. Təhsil, sənaye, informasiya texnologiyaları və telekommunikasiya, eləcə də süni intellekt sistemlərinin ən aktual problemləri üzrə işgüzar və səmərəli diskussiyalar keçdi.
Konfransda müzakirə üçün informasiya texnologiyaları və telekommunikasiyaya həsr olunan xeyli sayda elmi məruzə təqdim olunmuşdu. Beynəlxalq Proqram Komitəsi çox ciddi seçim etmişdi. Özü də seçim zamanı praktiki aspektlərə xüsusi önəm verilmişdi. 3 gün ərzində 70-dən artıq elmi məruzə dinlənildi. Dinləmə sözü bəlkə də plenar sessiyalardakı müzakirə mühitini tam əks etdirmir. Texniki sessiya və dəyirmi masalardakı sərbəst müzakirə və dinləmələr göstərdi ki, informasiya texnologiyaları və telekommunikasiya sahəsində ayrı-ayrı ölkələrdə çox böyük nailiyyətlər əldə edilib. Gəncə müzakirələrinin səmərəsi o oldu ki, nailiyyətlər birlikdə müzakirə edildi, qarşılıqlı fikir və təcrübə mübadiləsinə xüsusi önəm verildi. Müzakirəyə təqdim edilən məruzələrin elmi əhəmiyyətini nəzərə alaraq və onların beynəlxalq miqyasda tətbiqinə kömək göstərmək məqsədilə proqrama daxil olan bütün məruzələrin nəşr edilərək iştirakçılara paylanması qərara alındı.
Belə mötəbər elmi məclisdə respublikamız daha böyük nümayəndə heyəti ilə təmsil olunmuşdu. Aydın məsələdir ki, onların elmi axtarışlarında ölkəmizdəki informasiya texnologiyaları və telekommunikasiya mühiti əsas yer tutur. Biz dünya alimlərinin diqqətini əldə etdiyimiz nailiyyətlərə yönəltdik. Mövzular da geniş və çoxsahəli idi. Azərbaycanda yeni informasiya texnologiyaları şəbəkəsinin yaradılması, elektron hökumətin qurulması, regional innovasiya texnologiyalarının yaradılması, habelə bu sahədəki islahatlar iştirakçıların böyük marağına səbəb oldu. İnformasiya-kommunikasiya texnologiyaları və ali təhsil məsələsi də böyük diqqət çəkdi.
Bir məsələni
də qeyd etmək istəyirəm ki, Gəncə
şəhəri artıq beynəlxalq tədbirlərin
keçirilməsi mərkəzinə çevrilməsi
üçün hərtərəfli şəraitə
malikdir. Hazırda Gəncədə Azərbaycan Milli Elmlər
Akademiyasının Gəncə Regional Elmi Mərkəzi, 4 ali
məktəb və 4 kollec fəaliyyət göstərir.
Şəhərimizdəki tarix-mədəniyyət
abidələri və qədimiliyi saxlamaqla həyata
keçirilən yenidənqurma işləri qonaqlarımızda
xoş təəssüratlar oyatdı. Dahi söz ustası
Nizami Gəncəvi və müasiri Məhsəti
Gəncəvinin, doğma torpağını canından
artıq sevən Cavad xanın vətəni Gəncənin
görkəmi, əsrarəngiz təbiəti onların yaddaşında əbədi
yaşayacaq.
Respublika.- 2007.- 16 oktyabr.- S. 6.