Heydər Əliyev
parkının açılışı
Azərbaycan Prezidenti
İlham Əliyev oktyabrın 23-də Qobustan rayonunun
Mərəzə qəsəbəsində xalqımızın
ümummilli lideri Heydər Əliyevin adını daşıyan
parkın təntənəli açılış
mərasimində iştirak etmişdir.
Buraya toplaşan minlərlə sakin dövlətimizin
başçısını və xanımını
böyük hörmət və ehtiramla qarşıladı.
Prezidentə məlumat verildi ki, ərazisi 5 hektar olan parkda
istirahət zonası yaradılmış, müasir üslubda musiqili
rəngli fəvvarələr, süni bulaqlar qurulmuş,
çoxlu oturacaq qoyulmuşdur. Ərazidə
çəmənlik salınmış, gül kolları
və ağaclar əkilmişdir. Uşaqlar üçün
yelləncəklər, idman qurğuları var. Parkın
ərazisində Yeni Azərbaycan Partiyası rayon
təşkilatının qərargahı, uşaq və
incəsənət mərkəzi, nikah binası tikilmişdir.
Ulu öndər Heydər Əliyevin heykəli bu istirahət
guşəsinə xüsusi görkəm verir. Postamentlə
birlikdə hündürlüyü 6,1 metr olan, qranitdən
və tuncdan hazırlanmış abidənin müəllifi
xalq rəssamı, akademik Ömər Eldarovdur.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva
parkla tanış oldular, ulu öndərin abidəsini
ziyarət edərək gül dəstələri qoydular.
Sonra dövlətimizin başçısı parkın
ərazisində yerləşən Heydər Əliyev
muzeyinə gəldi. Muzeyin açılışını
bildirən lenti kəsdi, ümummilli liderimizin həyat və
fəaliyyətinin bütün dövrlərini əks
etdirən fotostendlərə maraqla baxdı. Burada ulu
öndərə həsr olunmuş kitablar, müxtəlif
sənədlər də toplanmışdır. Bildirildi ki,
rayon orta məktəblərində təhsil alan
şagirdlər, eləcə də sakinlər muzeyə
gələrək ulu öndərin zəngin irsini
öyrənəcək, onun fəaliyyətinə dair videofilmlərə
baxacaqlar. Prezident İlham Əliyev muzeylə
tanışlıqdan sonra fəxri qonaqlar kitabına
ürək sözlərini yazdı.
Sonra parkda rayon ictimaiyyətinin nümayəndələri
ilə görüş keçirildi.
Prezident İlham Əliyev görüşdə nitq
söylədi.
Azərbaycan.- 2007.- 24 oktyabr.- S.2.