Heydər Əliyev Muzeyinin açılışı

 

Oktyabrın 24- Yevlax şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.


Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin açılışında iştirak edirdilər


Dövlətimizin başçısı muzeyin yerləşdiyi Heydər Əliyev xiyabanına gəldi. Prezident İlham Əliyevə xiyabanda aparılmış genişləndirmə-abadlıq işləri barədə məlumat verildi. Xiyaban tamamilə yeni görkəm almışdır. Yeni quraşdırılmış musiqili rəngli fəvvarələr xiyabana xüsusi gözəllik verir.
Prezident İlham Əliyev muzeyin qarşısında qoyulmuş xatirə daşına baxdı. Daşın üzərində: “Heydər Əliyev xiyabanı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev tərəfindən Yevlax sakinlərinin istifadəsinə verilmişdir” sözləri yazılmışdır.
Sonra Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu. İkimərtəbəli binanın birinci mərtəbəsində qonaq otağı, kompyuter, iş otaqları, konfrans salonu, inzibati otaqlar, kitabxana yerləşir. İkinci mərtəbədə isə ulu öndərin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər nümayiş etdirilir. Burada Heydər Əliyevin 1982-ci və 1998-ci illərdə Yevlax rayonuna səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotolar diqqəti cəlb edir.
Heydər Əliyev Fondu tərəfindən muzeyə ulu öndərə həsr edilmiş kitablar hədiyyə olunmuşdur.
Muzeylə tanışlıqdan sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.
* * *
Sonra Prezident İlham Əliyev Nizami parkına baxdı. Sakinlərin mədəni istirahəti üçün burada gözəl şərait yaradılmışdır. Dahi şairin “Xəmsə”sindəki obrazların rəmzi heykəlcikləri qoyulmuş parkda mütəmadi olaraq maraqlı tamaşalar göstərilir.


Xalq qəzeti.- 2007.- 25 oktyabr.- S.2.