Elbəy Mirzə Həsən oğlu Rzaquliyev
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 2007-ci il sentyabrın 15-də ömrünün 82-ci ilində vəfat etmişdir.
Elbəy Rzaquliyev 1926-cı il iyun ayının 17-də Bakıda anadan olmuşdur. O, 1946-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş, 1946-1953-cü illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdır.
Əmək fəaliyyətinə 1953-cü ildə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi başlayan Elbəy Rzaquliyev tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bir sıra filmlərə bədii tərtibat vermişdir. O, həmin dövrdən etibarən kino rəssamlığı sahəsində qazandığı uğurlarla yanaşı, boyakarlığın müxtəlif janrlarında mövzu və ideya həlli baxımından olduqca maraqlı lövhələr yaratmışdır. Fərdi yaradıcılıq üslubu ilə seçilən rəssam qısa müddətdə Azərbaycan incəsənətinin inkişafında xidmətləri olan bacarıqlı fırça ustasına çevrilmişdir. Milli təsviri sənətin inkişafında mühüm rol oynamış Elbəy Rzaquliyevin boyakarlıq və qrafika əsərləri ölkəmizin rəssamlıq tarixinə həmişəlik daxil olmuşdur.
Təbiətin gözəlliklərinin təşviri, doğma yurda məhəbbət və əməyin romantikası Elbəy Rzaquliyevin ilham mənbəyi və yaradıcılığının əsas qayələrindəndir. Rəssamın rəng palitrasının zənginliyi və böyük ümumiləşdirmə gücü ilə səciyyələnən tabloları nikbin ruh, yüksək humanizm və bəşəri duyğular aşılayan gözəl sənət nümunələridir. Böyük sənətkarın fırçasının məhsulu olan bu şəkillərdə personajların xarakteri və mənəvi dünyası ustalıqla açılmışdır. Rəssamın xalqımızın tanınmış şəxsiyyətlərini və əmək adamlarını tərənnüm edən lövhələri sənətsevərlərin rəğbətini qazanmış və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun əsərləri böyük emosional təsir qüvvəsinə malik olub müasirlərinin estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır.
Elbəy Rzaquliyevin çəkdiyi tablolar müasir Azərbaycan boyakarlığı və qrafika sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərdə uğurla nümayiş etdirilmişdir. Xaricə çoxsaylı səyahətlərindən sonra səfər etdiyi ölkələrin həyatından bəhs edən silsilə rəsmlərindən ibarət sərgilər Azərbaycan incəsənətinə şöhrət gətirmişdir.
Tanınmış fırça ustasının yaradıcılığı Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yer tutur. Rəssamların bir neçə nəsli onun zəngin sənət təcrübəsindən faydalanmışdır.
Elbəy Rzaquliyevin yaradıcılıq fəaliyyəti daim diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Rəssamın müstəqil respublikamızın ali mükafatına - "Şöhrət" ordeninə layiq görülməsi onun sənətinə göstərilən qayğı və ehtiramın parlaq ifadəsidir.
Böyük sənətkar və gözəl insan Elbəy Mirzə Həsən oğlu Rzaquliyevin xatirəsi onu tanıyanlarm qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!
İlham Əliyev, Artur
Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin
Əfəndiyev, Mahmud Kərimov, Hacıbala Abutalıbov, Fatma
Abdullazadə, Əbülfəs Qarayev, Fərhad Xəlilov,
Tahir Salahov, Ömər Eldarov, Böyükağa
Mirzəzadə, Toğrul Nərimanbəyov,
Oqtay Sadıxzadə,
Tokay Məmmədov, Nadir Əbdürrəhmanov, Kamil
Nəcəfzadə
Azərbaycan.- 2007.- 18 sentyabr.- S. 6.