Mövsümova S.
"Bizdə təsviri
sənət kütləyə açıq deyil"
Orxan Hüseynov: “Media
ola bilər ki, rəssamlara çox diqqət yetirmir”
Bu gün demək olar
ki, dünyanın müxtəlif salonlarında Azərbaycan
rəssamlarının fərdi sərgiləri təşkil
olunur. Sevindirici haldır ki, son dövrlərdə gənc
rəssamlarımızın yaradıcılığı
əvvəlki illərə nisbətən daha çox
diqqət çəkir. Müsahibim bu günlərdə
Venetsiya festivalından qayıdan gənc rəssam Orxan
Hüseynov da məsələ ilə bağlı fikirlərlə
şərik çıxır:
"Rəssamlar arasında elə şəxsiyyətlər var ki, artıq kumir adını qazanıb. Onlar da publikaya işləyir. Ancaq bizdə təsviri sənət bir qədər qapalıdır. Kütləyə açıq deyil, populyarlığı o qədər də yaxşı səviyyədə deyil. Media ola bilər ki, rəssamlara çox diqqət yetirmir. Bəlkə rəssamlar da bu münasibətə biganə yanaşır. Şəxsən mənim kumirim yoxdur. Uşaqlıqda rəssam ailəsində böyümüşəm. Evimizdə atamın rəssam dostlarının əsərləri asılıb. Azərbaycanda kütlə təsviri sənəti yoxdur. Bunu məsuliyyətlə deyə bilərəm. Çünki, kütlə sərgiyə getmir. Ola bilər ki, müasir incəsənətdə kütlə marağı var, amma rəssamlığa bu o qədər də şamil edilmir. Misal üçün hansısa fərdi sərgi açılır, bura ictimai xadimlər, ziyalılar, müəyyən qrup insanlar təşrif buyurur. Belə çıxır ki, rəssamlar da hardasa kütləyə işləmirlər".
Rəssamların narazı olduqları məsələlərdən biri də onların əsərlərinin satış məqsədi ilə sərgilənməməsidir: " Fəxrlə demək olar ki, Azərbaycan rəssamlığı mədəniyyətimizin muğam sahəsi kimi o qədər tanınır ki, vaxtilə dünyada Venetsiya, Polşa, Moskva rəssamlıq məktəbi kimi bu gün də Qərb mütəxəssisləri Əzim Əzimzadə məktəbinin mövcudluğunu qəbul edirlər. Şübhəsiz Azərbaycan rəssamları öz imkanlarını kifayət qədər göstəriblər. Bəlkə də Avropanın çox az ölkələri var ki, Azərbaycan rəssamları öz əsərlərini nümayiş etdirməsinlər".
O.Hüseynov hesab edir ki, mədəniyyət əsasən Bakıda formalaşır, Azərbaycan əyaləti isə fəal deyil. Amma bunu bizim nöqsanımız olduğu kimi, həm də problemimiz kimi qəbul edən rəssam sənətin bir yerdə cəmlənməsini yaxşı hal saymır: "Ümumiyyətlə, mənim əsərlərim əyalətdə sərgilənməyib. Hansısa bir rayonda fərdi sərgim olmayıb".
Onun dediyinə görə, ən çox tamaşaçı qarşısında imtahan verdiyi ölkə Türkiyə olub. Rəssamlar təkcə əsərlərini nümayiş etdirməyib.
Eyni zamanda Türkiyənin mədəni həyatı ilə çox yaxın təmasda olublar. Türkiyə Qərb və Şərqin kəsişməsində yerləşdiyindən sözsüz ki, müxtəlif rəssamlıq cərəyanları özünə yer tapa bilib. Azərbaycan rəssamlığı Türkiyə mühitində maraqlı görünür. Burada Məzahir Afşarın keramik əsərləri, Fikrət Həşimovun və Əbülfəz Fərəcoğlunun rəngkarlıq əsərləri, Görüş Babayevin heykəltəraşlıq əsərləri, Orxan və atası Arif Hüseynovların qrafik əsərləri nümayiş etdirilib.
O.Hüseynovun Bakıda "Bakı XX əsrin əvvəli" adlanan ilk sərgisi 1999-cu ildə açılıb: " Rəssam ailəsində doğulduğum üçün uşaqlıqdan emalatxanalarda olmuşam. Rəssam insanlara təsir edən vizual formalar yaratmalıdır. Mən etnik mövzularla işləməyi sevirəm. Qədim azərbaycanlılar mövzusunda ilk sərgim uğurlu oldu. Siyasi ideyaları göstərməyə can atmıram. Məni daha çox insanlar maraqlandırır. Qarabağ mövzusunda işlərim var. Azərbaycan dünyanın ən ucuz sənət bazarı olan yerdir. İstər istirahət, istərsə də ziyarət məqsədilə ölkəmizə gələn əcnəbilər buradan əliboş getmirlər''.
Bu yaxınlarda Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə Venetsiyada bizim on iki gənc rəssam
öz əsərlərini
nümayiş etdirdi.
"Dünyanın ən
tanınmış rəssamları
orada öz pavilyonlarını açmışdı. Azərbaycan pavilyonu ilk dəfə idi ki, orada
iştirak edirdi. Mən də iştirakçılardan biri
idim. Oktyabr ayına kimi bizim pavilyon açıqdır. İndiyədək
bizə məlumat verirlər ki, ora çoxlu sayda əcnəbilər gəlir. Bilmirdik ki, Azərbaycan sənəti xaricdə bu səviyyədədir".
Müasir incəsənətdə
yeni istiqamətlər
var. Rəssamlar həm videodan, həm də kompüter texnologiyalarından,
heykəltəraşlar isə
sintetik materiallardan istifadə edirlər. Orxan isə çəkdiyi Bakı tarixi, qədim Azərbaycan mövzularını
öz üslubumda işləyir.
"Əgər fərqlənə
bilmişəmsə, bu mənim nailiyyətimdir. Rəssamlıqda
qərbləşmə meyli yoxdur. Çində,
Vyetnamda da gözəl rəssamlar tanınmağa başlayıb.
Qərb rəssamlığı
termini artıq silinib. Müasir İran incəsənəti
çox maraqlıdır".
Dediyinə görə,
Azərbaycanda da yaxşı perspektiv vəd eləyən gənclər var". Sənət
yoldaşlarım Rəşid
Ələkbərov, Çingiz
Babayev, Səbinə Şıxlinski, Rauf Xəlilov və başqalarının gələcəyinə
inanıram. Onların
hər biri incəsənətimizi başqa
ölkələrdə layiqincə
təmsil etməyə
qadirdir. Mən isə Venesiyada iştirakımla arzularıma
qismən də olsa çatmışam".
Paritet.- 2007.- 4-5 sentyabr.- S. 10.