Orucov E.
Elbəy
Rzaquliyevin sənət dünyası
Xalq
rəssamı, Dövlət mükafatı laureatı, milli
rəngkarlıq sənətimizin görkəmli
nümayəndəsi Elbəy Mirzə Həsən oğlu
Rzaquliyev uzun və məhsuldar bir yaradıcılıq yolu
keçmişdir. O, Bakıda doğulmuşdu. Bu
torpağın, bu dənizin, bu səmanın rəngləri
onun körpə hafizəsinə elə hopmuşdu ki, sonradan
o, nə sənət seçəndə, nə də
yaradıcılıq yolunda elə bir cilddi
çətinliklə üzləşdi. 1946-cı ildə
Ə. Əzimzadə adına Rəssamlıq
Məktəbinə sənəd verəndə
müəllimlər bu gənc rəssamın istedadına
heyran qalmışdılar. Elə bil imtahana təqdim etdiyi əsərlərə
öz gənc qəlbinin hərarətini
köçürmüşdü. Deyirdi ki, mənim
gəncliyimdə yaratdığım əsərlərin
ruhunda da gənclik mövzusu dururdu. İndi də mən
həmin əsərlərimi böyük
məhəbbətlə sevirəm.
Elbəy Rzaquliyevin təhsil aldığı dövr
müharibədən sonrakı illərə düşür.
Amma uşaqlığı müharibə illərinə
təsadüf etdiyindən sonrakı
yaradıcılığında da bu mövzuya
dönə-dönə müraciət etdi.
Rəssamlıq çox şərəfli sənətdir. Bu,
rənglərin dili ilə danışmaq sənətidir. Ona
görə də rəssam olmaq üçün gərək
rənglərin dilini yaxşıca biləsən. Yoxsa öz
rəngində olmayan bu dünyanın gözəlliyini və
yaxud qəribə təzadlarını hardan duya
bilərsən?
Xoşbəxtlik də onda idi ki, Elbəy müəllim bu dili
gözəl bilirdi, hətta onların musiqisini də duyurdu.
Onun “Abşeron” tablosuna tamaşa etmisinizmi? Əgər
görməmisinizsə sərgilərdən birində, yaxud
muzeylərdə axtarıb tapın və diqqətlə bu
tablonu seyr edin. Elə bil rəssam bütün sevgisini bu
tabloya toplayıb. Bəlkə də, bu yerləri
tanıdığından, onun hər qarışını
gəzib dolaşdığından əsər belə
canlı alınıb.
Abşeronda gözəllik axtarmaq, əslində, çox
çətindir. Çünki burada nə yaşıl
meşələr, nə uca dağlar, nə buz bulaqlar var. Bura
neft buruqlarının səpələndiyi, bəzən
susuzluqdan cadar-cadar olmuş şoran torpaqlardır. Amma
gərək rəssam olasan ki, bu torpaqların
gözəlliyini duyasan, onu öz istedadının
süzgəcindən keçirib, tamaşaçı ruhuna
uyğun nəsə yarada biləsən. Elbəy Rzaquliyev bu
gözəlliyin elə nümunələrini yaradıb ki,
istər-istəməz bu istedadın böyük rəssama
məxsus olduğuna şübhə etmirsən.
Elbəy Rzaquliyev hansı mövzuya müraciət edirdisə,
onu dərindən öyrənirdi,
özününküləşdirməyə
çalışırdı. “Neft mədənlərində”
əsərinin yaranması da belə olmuşdu. O,
günlərlə bu mədənlərdə olur, insanların
buradakı həyat şəraitini, problemlərini
öyrənir, sonra da molbert arxasına keçirdi. Açıq
havada rənglər dünyasından lazım olanları
əsərinə köçürürdü. Rəssamın
rəng palitrasının zənginliyi və böyük
ümumiləşdirmə gücü ilə
səciyyələnən tabloları nikbin ruh, yüksək
humanizm və bəşəri duyğular aşılayan
gözəl sənət əsərləridir. Onun
xalqımızın tanınmış
şəxsiyyətlərini və əmək adamlarını
tərənnüm edən tabloları bu gün
muzeylərimizin ən nadir eksponatları
sırasındadır. Elbəy Rzaquliyev öz xalqını
sevən, onun mental düşüncəsinə böyük
hörmətlə yanaşan sənətçilərdən
idi. Məhz ona görə də bu böyük
sənətkarın yaradıcılığında milli ruh
həmişə üstünlük təşkil edir. Bu
əsərlərdə Azərbaycanın adət-ənənələri,
tarixi yaşantıları öz dolğun əksini tapıb.
“Şirvanşahlar sarayı”, “İçəri
şəhər”, “Bakı kəndində”, “İnşaatda”,
“Təmirçilər”, “Neftçinin portreti”, “Mirzə
Ələkbər Sabir”, “Üzeyir Hacıbəyovun
dünyası” və s. onlarla rəsm əsəri öz
orijinallığı, yüksək bədii məziyyətləri
ilə diqqəti cəlb edir.
Azərbaycanda kino rəssamlığı sahəsində
qazanılmış uğurlarda Elbəy Rzaquliyevin xüsusi
xidmətləri var. 1953-cü ildə Ümumittifaq
Dövlət Kinematoqrafiya İnstitutunun kino
rəssamlığı fakültəsini bitirdikdən sonra
“Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə
başlayan gənc rəssam quruluşçu rəssam kimi
neçə-neçə filmdə
çalışmışdır. 1955-ci ildə kinorejissor
Tofiq Tağızadənin “Görüş” filmində ilk
dəfə rəssam kimi sərbəst işini yaratdı. Bu
film ağ-qara plyonkada çəkilsə də rəssam
işi, həqiqətən, diqqətdən yayınmır.
Filmin ilk görüntülərini yaradan rəssamın
işi rejissoru elə ilk tanışlıqdan razı
salmışdı. Film komik üslubda çəkildiyindən
rəssam obrazların qrimində üslubu saxlamağa
çalışmışdı. Geyim eskizləri filmin
gələcək obrazlarını tamamlayırdı və
onların hadisələrə daha uyğun görkəmdə
verilməsinə imkan yaradırdı. Filmdə Azərbaycan
pambıqçıları ilə yarışa gələn
özbəklərin də geyim eskizlərinin yaradılması
vacib idi. Rəssam filmin həm natura, həm dekorasiya
çəkilişləri üçün çox maraqlı
eskizlər yaratmışdı və bu filmin
çəkilişini xeyli asanlaşdırdı. Amma rəssam
bütün eskizlərində milli elementləri
saxlamışdı. “Ögey ana” filmi də ağ-qara plyonkada
çəkilmişdi. Amma burada seçilmiş
mənzərələr, obrazların daxili dünyasına
uyğun olan geyim eskizləri, kənd yerinin ümumi ahəngi
rəssamın artıq peşəkar kino rəssamı
olduğunu təsdiq etdi.
Elbəy Rzaquliyev rəngli filmlərdə daha
həvəslə işləyirdi. Çünki bu filmlər
rəssam təxəyyülünün improvizasiya etmək
imkanlarını daha da artırırdı. Ona görə
də rəssam rəngli filmlərdə
işləməyə daha çox üstünlük verirdi.
“Arşın mal alan” filmində quruluşçu rəssam kimi
işləmişdi. Bu onun ilk rəngli filmi idi. Tofiq
Tağızadənin quruluşunda bu filmin II variantı idi.
Ancaq rejissor rənglərin köməyi ilə obrazlara yeni
görkəm verə bilmişdi. Hadisələrin
bütövlüyündə rənglərin seçilməsi
əhəmiyyətli rol oynayır. Elbəy müəllim
Üzeyir musiqisini, ruhunu bir növ rənglərin
köməyi ilə tamamlamışdı.
Sonra “Sevil”, “Arxadan vurulan zərbə” filmlərində
işləyən rəssam Azərbaycan kino
rəssamlığının yeni nümunələrini
yaratdı. Onun filmlərində rəng seçimi
həmişə uğurlu olmuşdur. “İstintaq davam edir”,
“Dənizə çıxmaq qorxuludur”, “Vulkana doğru
gedirəm”, “Torpaq. Dəniz. Od. Səma” və s.
filmlərdə bu çox aydın sezilir.
Elbəy Rzaquliyevin rejissor Arif Babayevlə yaradıcılıq
əməkdaşlığı həmişə uğurlu
filmlərin yaranması ilə nəticələnmişdir.
“Uşaqlığın son gecəsi” filmini bu
cəhətdən xüsusi olaraq qeyd etmək lazımdır.
Rəssamın rejissorlardan Şamil Mahmudbəyov, Şahmar
Ələkbərov və başqaları ilə birgə
işini də xüsusi olaraq qeyd etmək lazımdır.
“Qəzəlxan” filmi təsvir həlli olduqca çətin
kinolentlərimizdəndir. Ancaq Elbəy Rzaquliyev bunun
üçün çox maraqlı tərtibat qura bilmiş
və filmin bütöv alınmasında böyük əməyi
olmuşdu. Elbəy Rzaquliyev kinonu çox sevirdi. Kino
xadimlərinin bütün tədbirlərində iştirak
edir, öz məsləhətlərini verirdi.
Rəssam dəfələrlə xarici ölkələrdə
yaradıcılıq ezamiyyətində olmuşdu. Meksika,
İtaliya, Rumıniya, Çexoslovakiya, ABŞ, Yaponiya və
Hindistana, Yaxın və Orta Şərq
ölkələrinə səfərlərindən sonra bu
xalqların həyatını, məişətini,
adət-ənənələrini əks etdirən silsilə
əsərlər yaratmışdı. Xüsusilə, “Meksika”
silsiləsindən çəkdiyi əsərlər bir
neçə sərgidə uğurla nümayiş etdirilmişdi.
Rəssam özü bu barədə yazırdı: “Mən
səyahət etməyi çox sevirəm. Rəssam
üçün bunu çox vacib və əhəmiyyətli
hesab edirəm”.
Rəssam ömrünün son günlərinə qədər
molbert arxasından ayrılmamışdı. Yaxşı
bilirdi ki, yaratdığı əsərlər bu xalqın
mənəvi sərvəti kimi tarixdə qalacaq. O deyirdi:
“İncəsənətdə əsas olan özün kimi olmaq,
ürəklə yaratmaqdır”. Doğrudan da, o heç
kəsə bənzəmirdi.
Elbəy Rzaquliyevin yaradıcılığı
dövlətimiz tərəfindən yüksək
qiymətləndirilmiş, o, xalq rəssamı kimi
yüksək fəxri ada layiq görülmüşdü.
1998-ci ildə bu böyük sənətkar ümummilli lider
Heydər Əliyevin sərəncamı ilə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli fırça ustası, istedadlı
sənətkar Elbəy Rzaquliyevin işıqlı xatirəsi
onun sənətini sevənlərin qəlbində əbədi
yaşayacaqdır.
Xalq qəzeti.-2007.- 21 sentyabr.-S.5.