Mükərrəmoğlu M.

 

Bakıda 468 yaşlı dünya şöhrətli “Şeyx Səfi” xalısının eynisinin toxunmasına başlandı

 

Azər-İlmə” Məhdud Məsuliyyətli Çəmiyyətində dünya xalçaçılıq sənətinin zirvəsi sayılan “Şeyx Səfi” xalçasının toxunmasına başlanmışdır. Müəssisənin rəhbəri, xalça sənətinin tanınmış bilicisi və taciri Vidadi Muradov deyir ki, “Şeyx Səfi” xalısı dünyanın səkkizinci möcüzəsi sayılır. 468 ildən sonra bu xalının eynisinin toxunmasına başlanması mənim uzun illərdən bəri ən böyük arzum olmuşdur, çox sevinirəm ki, nəhayət, bu işin reallaşmasına başladıq.
Xalı Azərbaycan tarixində Səfəvilər hakimiyyəti dövrünün qoyduğu parlaq iz, günümüzədək gəlib çatmış nadir inci, bütün dövrlərin kamil sənət nümunəsidir. 1843-cü ildə Ərdəbildə olmuş səyyah V.R. Holms vətəninə döndükdən sonra yazdığı “Xəzər sahilləri haqqında hekayətlər” kitabında qeyri-adi dəyərə malik bu xalı haqqında heyrətini belə bildirmişdir: “Səfəvilərin məscid-türbəsinin yerinə döşənmiş bu xalının oxşarı yer üzündə hələ görünməmişdir”.
Xalının “Şeyx Səfi” türbəsinin tavanının bədii tərtibatına uyğun eyni kompozisiya quruluşunda və eyni naxışlarda olması sübut edir ki, məscid-türbənin tikilməsi ilə xalının toxunması eyni vaxta təsadüf etmiş və bir nəfər tərəfindən idarə olunmuşdur.
Məlumatlardan bəlli olduğu kimi, xalının toxunmasına bu ideyanın müəllifi Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasib şəxsən rəhbərlik etmişdir. Onun bu xalının yaradılmasında məqsədi ulu babası Şeyx Əbu İshaq Ərdəbilinin adını tarixin yaddaşına əbədi həkk etdirmək olmuşdur.
Şeyx Səfi məqbərəsi özü sufi məsləkli şiələrin toplandığı ən nüfuzlu dini mərkəz, ibadətxana, məscid, böyük binalar, hamam, bağ, qəbiristanlıq və çoxlu məqbərələr olan kiçik şəhərcik idi. Bu kompleks gümüş qapıların, qızıl-gümüş qəndillərin və nəfis xalı-xalçaların toplandığı bər-bəzəkli otaqlara, zəngin xəzinəyə malik olmuşdur. Ona görə də “Şeyx Səfi” məqbərəsinin genişlənməsi ilə də Şah İsmayılın vaxtsız ölümündən sonra onun oğlu Şah Təhmasib özü ciddi məşğul olmuşdur.
Məşhur “Şeyx Səfi” xalısını peşəkar təbrizli ustalar toxusalar da, Şah Təhmasibin əmri ilə karxana sahibi Maqsud Kaşaninin bu işlərə rəhbərlik etdiyi ehtimal olunur. Xalının toxunmasına 3 il yarım vaxt sərf edilmiş, xalı 946-hicri, 1539-cu il miladi təqvimində başa çatmışdır. Xalının yuxarı hissəsində ustad Hafiz Şirazinin “Sənin astanandan başqa sığınacaq yerim yoxdur. Mənim başımı bu qapıdan başqa tapşıracaq məkanım yoxdur.” misraları yerləşdirilmiş, bu sətirlərin altında isə ustanın öz adı toxunmuşdur: “müqəddəs yerin qulu Maqsud Kaşaninin işi, 946".
Məşhur “Şeyx Səfi” xalısı 1888-ci ildə bir il davam edən qiymət danışıqlarından sonra Ərdəbil türbəsindən satın alınıb İngiltərəyə aparılmış, Londonda “İran xalıları” sərgisində nümayiş olunmuş, xalı ilə bağlı “Tayms” qəzetində “Fövqəladə xalı”, Mançestrdəki “Quardyan” qəzetində isə “Dərvişlərin şərhi olan ən incə xalı” adlı geniş məqalələr nəşr edilmişdir.
1892-ci ildə isə Londonda keçirilən hərracda “Şeyx Şəfi” xalısına o dövrə qədər heç bir xalıya təyin edilməyən ən yüksək dəyər 2500 funt sterlinq qiymət qoyulmuşdur.
“Viktoriya və Albert” muzeyi ingilis ictimaiyyətinə xalının alınıb xaricə aparılmaması üçün yardım göstərmələri məqsədilə müraciət etmişdir. İngilislər bu məsələdə muzeylə həmrəy olduqlarını nümayiş etdirərək tələb olunan vəsaitin yığılmasında fəal iştirak etmiş, xalının Almaniyaya aparılmasına imkan verməmişlər. Beləliklə bütün ingilis xalqının yardımı ilə “Şeyx Səfi” xalısı “Viktoriya və Albert” muzeyinin əmlakına çevrilmişdir.
“Şeyx Səfi” xalısının mürəkkəb çeşnisi orta əsrlər ornament sənətinin qanunauyğunluqlarına dərindən bələd olan, peşəkar rəssam tərəfindən çəkilmişdir. K.Erdman bu rəssamın Sultan Məhəmməd, A.Poup isə Behzad olduğunu ehtimal edirlər. “Şeyx Səfi” xalçasının bədii quruluşu Təbriz xalça məktəbinə məxsus “Ləçək turunc” kompozisiyasındadır. Ara sahədə xalıya xüsusi dəbdəbəli yaraşıq verən 16 guşəli turunc (göl) elementini, onun hər guşəsindən oval formalı çıxıntı şəklində günəşdən şölələnən şüalara bənzər qubpalar tamamlayır. Bu turuncun dörddə bir hissəsi xalının hər küncündə ləçək şəklində yerləşdirilmişdir. Xalının baş və ətək hissəsində vaxtilə Şeyx Səfi türbəsini bəzəyən qəndillərin təsviri də toxunmuşdur.
İlk baxımdan xalının sürməyi rəngli yerliyini pərakəndə şəkildə bəzəyən nəbati elementlər əslində XII əsrdən başlayaraq ornament sənətimizdə geniş yayılmış dürüst ölçülərə əsaslanan spiral sistemlər üzərində yerləşdirilmişdir. Səfəvi dövrünün xalılarında bu mürəkkəb spiral sistemli xalıların toxunması ənənə halını almışdır. Bu spiral formalı quruluş sistemini təkcə ideal gözəllik deyil, həmçinin də orta əsrlərin mistik-fəlsəfi baxışlarının təcəssümü adlandırmaq olar. “Şeyx Səfi” xalısı eyni zamanda astronomik mahiyyətli sirli informasiyanın daşıyıcısıdır. Əgər xalının dörd hissəsində yerləşdirilmiş ləçəklərdən çıxan üç tam qubpaları planetlərə, yarımçıq qubpaları isə hərəkətə, dinamikliyə işarə kimi qəbul etsək, xalının mərkəzində olan turuncu işıq saçan günəşin simvolu adlandırmaq olar. Xalı üzərində səpələnmiş qırmızı və şəkəri çiçəklər isə ulduzlara işarədir.
“Şeyx Səfi” xalısını bəzəyən dörd haşiyə zolağından biri, ana haşiyə zolağı daha enli olub daxilindəki bir-birini əvəzləyən kətəbə və dairələr ahəngdar şəkildə növbələşir. Digər üç haşiyə zolağında nəbati elementlər və “çin buludu ”adlanan bəzək elementi xalının ümumi ahənginə uyğun zərifliklə toxunlmuşdur.
Səfəvi saray mədəniyyətinin bədii ənənələrini özündə yaşadan və bütün dünyada dillər əzbəri olmuş “Şeyx Səfi” xalısının surətinin yaradılması bu günədək dünyada bir çox xalça ustalarının arzusu olmuşdur. Lakin obyektiv və subyektiv səbəblərdən bu xalının toxunulması heç kimə müyəssər olmamışdır. XVI əsr intibah dövrü Azərbaycan sənətkarlarının yaratdıqları bu xalının mənəvi dəyərini yüksək qiymətləndirən və bu şərəfli missiyanın məsuliyyətini başa düşən “Azər-İlmə” MMC bu işi öz üzərinə götürmüşdür.
Xalı toxuma sənətinin ən müasir nailiyyətlərindən, milli kolorit və ənənələrindən indiyədək ustalıq və bacarıqla yararlanmış, xalıları dünyanın ən nüfuzlu sərgilərində uğurla nümayiş etdirilərək, bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Azər-İlmə” MMC-də bir neçə gün əvvəl “Şeyx Səfi” xalısının toxunulması işinə başlanılmışdır. İlk öncə xalıda istifadə ediləcək 12 rəng yun iplik marena, indiqo, nar və qoz qabığı, yovşan və s. təbii boya maddələri ilə boyanmışdır.
Eyni zamanda “Azər-İlmə”nin baş rəssamı Neva Ağaliyeva bu mürəkkəb xalının çeşnisini kağız üzərində zərgər dəqiqliyi ilə çəkmişdir. Erkək və dişi formalı mürəkkəb spirallar, “bulud”, “islimi”, sonsuz formada çiçəklər, yarpaqlar, qönçələr və s.elementlərin improvizasiyası xalçanın əsli nüsxəsilə tam eynidir. Bu xalını altı peşəkar toxucu – Naibə Kərimova, Xəyalə Əliyeva, Aygün Məmmədova, Züleyxa Əliyeva, Gülər Zalova, Kifayət Bəşirova ərsəyə gətirəcəklər. Onlar indiyədək öz yüksək toxuculuq qabiliyyətlərini sübut etmişlər. Xalının yaradılmasının elmi məsləhətçisi sənətşünas Xədicə Əsədovadır .
“Şeyx Səfi” xalısının ölçüləri: 730x510 sm, ümumi sahəsi 37 kvadratmetr, sıxlığı 50x50, xalça üzərində vurulacaq ilmələrin ümumi sayı 9 milyon 250 min nəzərdə tutulmuşdur. Bu xalıya istifadə ediləcək üz ipi 120 kiloqram yun, ərişi 27 kiloqram pambıq, arğacı isə 10,5 kiloqram pambıq olacaqdır. Xalının toxunma prosesinin ən azı 18 ay davam edəcəyi nəzərdə tutulmuşdur.,


Xalq qəzeti.-2007.-1 sentyabr.-S.4.