Mehdixanlı T.
Aslan Mahmud
oğlu Rüstəmovu tanıyanlar, xətrini əziz tutanlar
çoxdur. O, xeyli müddət Azərbaycan Dövlət Memarlıq və İnşaat Mühəndisləri
Universitetində təsviri
sənətdən və
heykəltəraşlıqdan dərs deyib. Ömrünün əlli ilini tarixi şəxsiyyətlərin
obrazlarını daş,
mərmər, mis, ağac üzərində
yaratmağa, yaşatmağa sərf edib.
Nümunəvi ailə
başçısı, müəllim,
incə zövqlü tişə ustası kimi şöhrət qazanıb. Onu hər yerdə ehtiramla qarşılayırlar.
Yaxın günlərdə
isə ölkə başçısı cənab
İlham Əliyev pedaqoji fəaliyyətinə,
yaradıcılıq xidmətlərinə
görə ona Prezident təqaüdü verilməsi barədə fərman imzalayıb.
A.Rüstəmov orta məktəbi bitirəndən
sonra Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Məşhur sənətkarlar P.Sabsaydan,
E.Balaşovdan heykəltəraşlığın
incəliklərini öyrənib.
Moskva Ali Rəssamlıq-Sənaye İnstitutunda təhsil alıb. Tələbəlik
illərində müxtəlif
müsabiqələrdə iştirak
edib, əl işləri çoxlu mükafata layiq görülüb. İlk yaradıcılıq nümunələrindən
biri unudulmaz Səməd Vurğunun portret-büstüdür. Abidə hazırda
şairin ev muzeyini bəzəyən, zövq oxşayan eksponatlardan biridir.
Ədəbiyyata qədərsiz
sevgisi olan tişə ustasının
yaratdığı büst-portretlər orijinal formalarına görə diqqət çəkir. Şamaxıda Seyid Əzim Şirvaninin məzarı üstündə
ucaldılan abidə möhtəşəmliyinə, sifət cizgilərinə görə yadda qalır, söz ustadını xatirələrdə canlandırır.
Onun məşhur əsərlərindən biri
də müğənni,
professor Bülbülün
büst-portretidir. Tamaşaçıya
elə gəlir ki, bənzərsiz ifa qabiliyyətinə malik müğənni sanki bir anlığa
susub, oxuyacağı hansısa mahnı barədə düşünür.
Mərhum sənətkarın
oğlu, xalq artisti Polad Bülbüloğlu
atasının büstünü
yaradan Aslan Rüstəmova minnətdarlığını
bildirərək demişdir:
"Atamın büstü
önündə hər
dəfə baş əyirəm, canlıymış
kimi salam verirəm. Heykəltəraş
Aslan Rüstəmovun xidmətini unutmaram".
Sənətkarın yaradıcılığında
tarixi şəxsiyyətlərin
portretləri xüsusi
yer tutur. Onlardan biri də
görkəmli yazıçı,
publisist, dövlət
xadimi, Azərbaycanı
varlığı qədər
sevmiş Nəriman Nərimanovdur. Tişə
ustası mətbuata verdiyi müsahibəsində
demişdir: "Bəzən
Nərimanovun idarəçiliyində,
təşkilatçılığında
(yaradıcılığında yox!) qəbahət axtaranlar tapılır. Belə fikrə düşənlər onun
dövrünün yox,
sonrakı nəsillərin
nümayəndələridir. Biz nə qədər
tərəqqi tapsaq da, keçmişimizi unutmamalıyıq. N.Nərimanov
böyük şəxsiyyət
olub..." Bu istəkdən də ictimai-siyasi xadimin portretini mis üzərində məhəbbətlə
işləyib. Həmin əsər
sonralar Almaniyanın Trir şəhərindəki
K.Marksın ev muzeyinə, ikinci nüsxəsi isə Ulyanovsk şəhər qalereyasına hədiyyə
edilib.
Əl işləri maraqla qarşılanan sənətkarın Hüseyn
Cavidin, Sabit Rəhmanın, neftçi
Qurbanın, Sarı Aşığın və
başqalarının xatirələrinə yaratdığı
portret-büstlər görənlərdə xoş
təəssürat oyadır.
Obrazların ifadəli
gözləri, təbəssümləri,
sifətlərinin cizgiləri,
onların xarakterini göz önündə canlandırır. Aslan müəllim eyni zamanda, medallar tərtibatçısı kimi
də tanınmışdır.
Ayrı-ayrı ziyalıların yubileyləri
münasibətiylə hazırladığı
medallar yüksək səviyyədə qarşılanıb.
Onun bu sahədə
xidməti 30 il əvvəl Macarıstanda
keçirilən beynəlxalq
medallar simpozium sərgisində ən yüksək mükafata layiq görülüb.
A.Rüstəmov sevib-seçdiyi peşədə
neçə-neçə
taleləri yaşadıb,
ömürləri canlandırıb.
Əvəzində nüfuz-hörmət qazanıb, təltiflərə, təbriklərə
layiq görülüb.
Şərəfli yaradıcılıq
yolu keçərək
ömrünün ixtiyar
çağına - 75 yaşına
çatıb. Ona sənət uğurları, can sağlığı arzulayırıq.
Azərbaycan.- 2007.- 30 sentyabr.- S.8.