Çiçək B.
Prodüserin marağı filmi
satmaq olmalıdır
“Yeni Dalğa” Prodüser Mərkəzinin səlahiyyətlisi
söyləyir ki, filmlərin çəkilişlərinə
dövlət vəsait
ayırsa da, sponsorların köməyinə
ehtiyac duyulur
Məlum olduğu kimi, Azərbaycanda prodüser mərkəzlərinin sayı
olduqca azdır. Fəaliyyət
göstərən mərkəzlərin
əksəriyyəti də
əcnəbi müğənnilərin
Bakının konsert salonlarında konsertlərini
təşkil etməkdən
ibarətdir. Əlbəttə,
bu çox gəlirli sahədir. Lakin məsələ ondadır ki, prodüser mərkəzlərinin
bu istiqamətdə fəaliyyət göstərməsi
onların işi haqqında yanlış təsəvvür yaradır.
Heç kimə sirr deyil ki,
digər dövlətlərdə
prodüser mərkəzləri
səhnəyə yeni
çıxan müğənnilərin
tanıdılması, teatr
tamaşalarının hazırlanması,
yeni filmlərin çəkilməsi ilə
məşğul olurlar.
Azərbaycanda isə
"yeni film çəkilir" ifadəsi
işlədiləndə yada
düşən Cəfər
Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyası
olur. Amma deyəsən, son vaxtlar stereotiplər qırılmağa başlayır.
"Yeni dalğa"
Prodüser Mərkəzi
bu çətin sahədə uğurlu layihələrə imza atır. Mərkəzin çəkdiyi filmlərin
beynəlxalq festival və müsabiqələrdə
nümayiş edilməsi
bunu bir daha təsdiqləyir. Düzdür, filmlərin hamısı mükafatla geri dönmür. Ancaq sevindirici haldır ki, Azərbaycanda festivalda nümayiş edilməyə
layiq filmləri çəkməyə qadir
prodüser mərkəzi
var.
Beş ildən bəri fəaliyyət göstərən "Yeni
dalğa" Prodüser
Mərkəzi gənclərlə
işləməyə üstünlük
verir. Burada çalışanlar kinomuzun
əvvəlki şöhrətini
qaytarmağın mümkünlüyünə
inanırlar. Məlumat
üçün bildirək
ki, mərkəzin bədii rəhbəri kinorejissor Yavər Rzayev, baş prodüseri isə Rasim Həsənovdur.
R.Həsənovun dediyinə
görə, prodüserin
vəzifəsi ideya və ssenarinin aktuallığını nəzərə
almaq, filmin istehsalını başa çatdırmaq və satmaqdan ibarətdir. O deyir ki, sovet
hakimiyyəti dağılandan
sonra bir çox prodüser mərkəzləri yaranıb.
Amma buna baxmayaraq, 3-5 il öncə Azərbaycanda prodüser mərkəzinin
nə demək olduğunu bilmirmişlər.
Prodüser mərkəzlərinin
çətinliklərindən söhbət açan R.Həsənov söyləyir
ki, maliyyə çatışmazlığı problemin kökündə dayanır: "Düzdür,
dövlət filmin çəkilişləri üçün
vəsait ayırır.
Ancaq sponsorların da köməyinə ehtiyac duyulur. Bununla yanaşı bu sahədə prodüser kinosunu inkişaf etdirən adamlar çalışmalıdırlar.
Rejissorun, ssenaristin öz maraqları var. Film müəyyən
tamaşaçı auditoriyasının
maraqlarına hesablanmalıdır
və bu marağı da təmin etmək prodüserin üzərinə
düşür. Bir sözlə, prodüserin marağı filmi satmaq olmalıdır".
Yeri gəlmişkən,
"Yeni dalğa"
Mədəniyyət və
Turizm Nazirliyinin film çəkmək sifarişi aldığı
çox az sayda prodüser mərkəzlərindən biridir.
Baş prodüserlə
söhbət əsnasında
öyrəndik ki, Mədəniyyət və
Turizm Nazirliyi Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən "Cavid" ömrü filminin çəkilişlərini
sözügedən mərkəzə
həvalə edib. Qeyd edək ki, Sankt-Peterburqda yazılan ssenari əsasında çəkilişlər
və montaj prosesi İranda aparılıb. R.Həsənov
deyir ki, filmin müxtəlif ölkələrdə ərsəyə
gəlməsi çətinliklər
yaradır. Buna baxmayaraq, yaradıcı heyət filmin keyfiyyətli alınması
üçün dözürlər.
Onu da qeyd
edək ki, nazirlik filmin çəkilişlərinə 660 min manat vəsait
ayırsa da, bu yetərli olmayıb. Sponsorlardan dəstək ala bilməyən mərkəz
əlavə xərcləri
öz üzərinə
götürüb.
R.Həsənov söyləyir
ki, film çəkmək və ən əsası uğur qazanmaq maliyyə ilə bağlı məsələdir.
Onun sözlərinə
görə, mərkəzin
həyata keçirmək
istədiyi layihələr
maliyyə çətinliyi
ucbatından gerçəkləşmir.
O deyir ki, "Həcc" ssenarisi da bu layihələrdən
biridir. Dediyinə görə, layihə Mədəniyyət və
Turizm Nazirliyinə təqdim edilib. Eyni zamanda, digər
mənbələr vasitəsilə
də çəkilişlərin
başlaması üçün
maliyyə axtarılır.
Belə ki, layihə Fransa ilə yanaşı bir neçə ölkənin xarici fondlarına təqdim edilib.
Onu da qeyd
edək ki, "Yeni dalğa"nın əksər filmləri beynəlxalq festivallara, müsabiqələrə
çox dəvət alır. Buna baxmayaraq, prodüser etiraf edir ki,
hazırda filmləri satmaq çətinləşib:
"Lakin bu o demək deyil
ki, filmlər festivallara göndərilməməlidir.
Filmlərin istehsalı
zamanı qarşımıza
qoyduğumuz əsas məqsəd də odur ki, heç
olmasa, filmlər müsabiqə və festivallarda nümayiş olunsunlar".
Söhbət əsasında öyrəndik
ki, İsveçrənin
Xarici İşlər
Nazirliyi, İnkişaf
və Dəstək Təşkilatı, İsveçrə
Kinematoqrafiya Dəstək
Fondu "Yeni dalğa" Prodüser Mərkəzinə müasir
və keyfiyyətli səsyazma studiyası almağa köməklik edib. 50 min dollar
qiyməti olan studiyanın pulunu mərkəz mərhələ-mərhələ ödəyəcək.
Bundan sonra Azərbaycanda çəkilən
filmlərin səsləndirilməsi
üçün xaricə
aparılmasına ehtiyac
olmayacaq. Belə bir səsyazma studiyasına malik olmaq prodüsermərkəzi
üçün böyük
nailiyyətdir. Öyrəndik
ki, studiyada artıq Şamil Nəcəfzadənin çəkdiyi
"Qala" filminin səsyazma prosesi gedir. Bunun ardınca
isə "Nərimanfilm"in çəkdiyi film studiyada yazılacaq
Ayna.-2007.-1
sentyabr.-S.20.