Mehdixanlı T.

 

Cavid ömrünün ekran həyatı

 

Ötən əsrin 30-cu illərində törədilən qanlı repressiya söz, sənət xadimlərinə, işıqlı təfəkkür sahiblərinə qənim kəsilmişdi. Repressiya qurbanlarından biri dramaturq, pedaqoq, görkəmli şair Hüseyn Cavid olmuşdur. Bu günlərdə təqdimatı keçirilən "Cavid ömrü" bədii filmi unudulmaz şəxsiyyətin ömrünün, taleyinin, iztirablarının, cəfalarının təsviri kimi baxıldı.
Filmdə kadrlar, təsvirlər, hadisələr inandırıcı şəkildə lentə alınıb. Tamaşaçılar 70 il əvvəl baş verən qanlı olaylara qüssəli, kədərli, amma həyat həqiqəti təki baxır, ulu şairin düçar olduğu dərdə mənən, ruhən şərik çıxırlar. Ekran əsərinin quruluşçu rejissoru, xalq artisti Ramiz Həsənoğlunun ürək sözləri:
- Teatr sənətinə, səhnəyə ürəkdən, qəlbən bağlı olan ailədə dünyaya göz açmışam. Söz anlayandan atamdan, anamdan qüdrətli şairimiz Hüseyn Cavidin adını məhəbbətlə, ehtiramla eşitmişəm. Uzun illər bu mövzuda film çəkmək istəmişdim. Təəssüf ki, məqsədimə çatmamışdım. Xalq yazıçısı Anarın "Cavid ömrü" filminin ssenarisini dönə-dönə oxudum. Faciələrlə dolu illəri, günahsız insanların sürgün edilmələrini, onların insafsızcasına qətlə yetirilmələrini, doğmalarının fəryadlarını, zillət çəkmələrini, göz yaşlarını xəyalımda canlandırdım. Gərgin əməyimizin, axtarışlarımızın bəhrəsi artıq ortadadır. Çox götür-qoy etdim ki, Cavid dahiliyini, talesizliyini, çəkdiyi zülmü inandırıcı, incə nüanslarla, ştrixlərlə kim yarada bilər. Gərgin axtarışlarımdan sonra xalq artisti, peşəkar kino aktyoru Rasim Balayevin üzərində dayandım. O, ilk sınaqdan uğurla keçdi. Mircəfər Bağırov rolunu oynamağı xalq artisti Ramiz Novruzova verdik. Ən əsas obrazın - Mişkinaz xanımın - Hüseyn Cavidin sədaqətli ömür-gün yoldaşının obrazını yaradacaq aktrisanı seçmək üçün həftələrlə vaxt sərf etdik. Onun həsrətini, qəm-qüssəsini ekranda kim oynaya bilərdi? Axır ki, axtardığımızı tapdıq. Aktrisa Dilarə Əliyevanın dərin mənalı ifası həm mənim, həm ssenari müəllifinin, həm aktyor ansamblının ürəyincə oldu. İnanıram ki, onun yaratdığı Mişkinaz xanımın obrazı tamaşaçıların da rəğbətini qazanacaq.
Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının da ürək sözlərini, təəssüratını dinlədik:
- "Mənim Tanrım gözəllikdir, sevgidir" etiqadı ilə yaşayıb-yaradan Hüseyn Cavidin, onun qələm dostlarının - Əhməd Cavadın, Mikayıl Müşfiqin, Abbas Mirzə Şərifzadənin, Salman Mümtazın başqalarının başları üstündə Damokl qılıncı kimi asılan sərt rejim haqlı olaraq tamaşaçılar tərəfindən nifrətlə qarşılanır. Tarixi həqiqətlərə uyğun çəkilmiş bu ekran əsərində tamaşaçı Hüseyn Cavidi ağır, dözülməz vəziyyətdə müdrik, dərin düşüncəli, dözümlü görür. Zamanın iztibarlarına, məşəqqətlərinə tab gətirmiş, əyilməmiş, sınmamış Mişkinaz xanımın, Ərtoğrolun, Turan xanımın ən çətin məqamlarda belə qürurlu olmaları diqqət çəkir, yadda qalır. Film "İblisəmi uymuşdu bəşəriyyət?" - sualına tam, dolğun, əhatəli cavab verir. Neçə-neçə yaddaqalımlı televiziya filmlərinin, verilişlərinin quruluşçu rejissoru Ramiz Həsənoğlunun, ssenari müəllifi Anarın birgə yaradıcılıqları uğurlu bəhrə vermişdir.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimlinin fikri isə qısa oldu: "Bu ekran əsəri əbədi iblislik haqqında acı, amma real bir elegiyadı".

Azərbaycan.-2007.- 6 sentyabr.-S. 6.