Mehdixanlı T.
Hər dəfə
İzzət Orucova haqqında söz düşəndə onun iki xidməti - görkəmli elm xadimi olması, bir də milli kino
sənətimizdə fəaliyyəti
ehtiramla xatırlanır. Onu hansı qüvvə vadar etmişdir ki, kamera qarşısında çətin anlar yaşasın, obrazlır yaratsın, sonra da sevinmək əvəzinə təzyiqlərə
məruz qalsın? Ömrünü, taleyini incəsənətə və
elmə bağlayan mərhum İzzət xanım bu suala
cavab kimi təxminən 50 il əvvəl yazıb: "Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Bəzən
fikrə dalıram: görəsən bu düzdürmü? Doğrudanmı
mən aktrisa olmuşam? Axı, mən oynamamışam, sadəcə olaraq kamera qarşısında iki qadın taleyini yaşamışam.
Onlar mənim müasirlərim, özüm
kimi zəmanədən
gileyli olan həmyaşıdlarımdır..."
İ.Orucova dünyaya göz
açanda ölkə
ağrılı dövrünü
yaşayırdı. Sakinlərinin
bir gözü gülürdü, digəri
ağlayırdı. Haqsızlıq,
ədalətsizlik baş
alıb gedir, insanın insan tərəfindən zülmü
ərşə çıxmışdı.
Onun yeniyetmə, gənclik illərində gördüyü, duyduğu, eşitdiyi müsibətlər neçə-neçə bədii filmlərin mövzusu ola bilərdi.
Belə bir ərəfədə - ötən
əsrin ikinci onilliyin sonlarında azərbaycanlı qızın
təhsil alması, sayılıb-seçilən
kimyaçı, mühəndis
olması nəinki Bakıda, hətta Şərq dünyasında
görünməmiş hadisə
idi. Hələ bu az imiş kimi sarsıntıları, sıxıntıları
hər an şüurunda, varlığında
hiss edən 20 yaşlı gəncin, tələbənin filmə
çəkilməsi, özü
də baş rolda oynaması əsl möcüzə, həyat reallığından
daha çox əfsanə kimi qarşılanmış, tariximizə
yazılmışdır.
Tarixi mənbələrə,
xüsusən İzzət
xanımın xatirələrinə
müraciət edirik.
O yazıb: "Sevil"
filminin həm ssenarii müəllifi, həm də quruluşçu rejissoru görkəmli dramaturq Cəfər Cabbarlı idi. Onun adını
eşitmişdim, üzünü
görməmişdim. Günlərin
birində o mənə yaxınlaşdı,
məqsədini bildirdi.
Amma nə "hə", nə də "yox" dedim. Qarşıya çıxan qismətdən
qaçmaq olmazE Rəhmətlik Cəfər
müəllim çox
tələbkar idi. Bəyənmədiyi kino kadrların dəfələrlə,
yenidən çəkilməsini
israr edərdi. Dünən olubmuş kimi xatırlayıram: Sevilin çarşabı başından atması epizodu bir neçə
dəfə təkrar çəkildi. Lakin bu səhnə - azərbaycanlı qızının
tərəqqiyə can
atması mənzərəsi
işıqlı təfəkkür
sahibi Cəfər müəllimin xoşuna gəlmədi. O, hər dəfə yumşaq tonda, ancaq hiss
edirdim ki, hirsini gizlədib deyərdi: - yox, İzzət olmadı. Çarşabı başından
atmağın çox
süni çıxır,
qondarma görünür.
Unutma, əsərin kulminasiya nöqtəsi də elə burdadır. Sən müdhiş, qorxunc çarşabı başından
elə atmalısan ki, bu səhnə
tamaşaçıda cəhalətin
və mövhumatın
qara pərdəsi olan çarşaba nifrət, qəzəb oyatsın".
İzzət xanım peşəkar aktrisa deyildi. Lakin ürəyini ağrıdan
olayların şahidi çox olmuşdu. Hansısa bir nailiyyətdən fərəhlənmək
istəyəndə gözəgörünməz
qüvvə onun sevincini ürəyində
boğmuşdu. O yazıb:
"Bəlkə də
dünyada bənzəri
olmayan günləri, anları yaşamışam.
"Sevil" bədii
filmi ekranda göstərilən gün
anamı da kluba aparmışdım. Qohum-əqrəbalarımız
da gəlmişdi. Tamaşaçıların çoxunun biletini
Cəfər Cabbarlı
almışdı. Həmin
gün birinci anam, sonra neçə-neçə tamaşaçı
çarşabı başından
açıb atdı.
Ancaq yenidən qara örpəyə, çarşaba büründülər.
Çünki dünyanın
ən dəhşətli
zülmü - repressiya
başlamışdı. İncə
duyumlu, zərif qəlbli, kövrək ürəkli
şair Mikayıl Müşfiqin sanki ərşə çəkilməsi
rəhmətlik Cəfər
Cabbarlıya da qənim kəsildi".
Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət
xadimi Cəmil Quliyevin dedikləri:
- Bəxti mərhum İzzət
xanımın üzünə
gülmüşdü. Bütün
sarsıntılara, sıxıntılara
baxmayaraq o, ömrünün ən bəxtəvər çağlarını
yaşayırdı. 20-22 yaşında
gənc qız oynadığı Sevil roluna görə dövrün populyar şəxsiyyəti, ifaçısı kimi tanınmışdı.
"Sevil" filmindən
sonra Cəfər Cabbarlı onu özünün ssenarisi əsasında quruluş verəcəyi "Almaz"
filmində yenə baş rola - Almaz obrazını yaratmağa dəvət etmişdi. Amma dramaturqun arzusu ürəyində qalır.
O, zamanın amansızlığına
dözüm gətirə
bilmir, dünyasını
dəyişir. Ancaq İzzət xanım Almaz roluna çəkilir.
Ekran tamaşaçılarının
rəğbətini qazanır.
Onun hər iki filmdə oynadığı rolları
bu gün də örnək kimi qəbul edir, nümunə göstərirlər.
İzzət xanım kino aktrisası kimi məşhurlaşsa da əsas məqsədindən
- elmə sevgisindən
ayrılmayıb. Uzun illər Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda müxtəlif
vəzifələrdə işləmişdi.
Elmi dərəcələr almışdı.
İzzət Orucova milli kinomuzda iki məşhur rol oynadığını
nəzər-diqqətə
çatdırmırdı. Bəlkə ona görə ki, ötən illərin ürək ağrıdan müsibətlərini yenidən
yaşamaq istəməmişdi?
Amma bəzən Sevillərin, Almazların çadralarını atmalarına,
arzularına çatmalarına
sevinərdi. Elm xadimi kimi tanındıqca,
ucaldıqca, müxtəlif
fəxri adlar, dövlət mükafatları
alanda, istər-istəməz ötən günlərin xatırlamış,
fərəh, qürur
hissi duymuşdu. Bu yazının üzərində işləyərkən
onunla uzun illər birgə elmi sahədə çalışan Həqiqət
Cəbiyeva ilə görüşdük. O dedi:
- 24 ildir ki, İzzət xanım haqq dünyasına qovuşub. Amma mən buna hələ
də inanmıram. Həmişə, hər vaxt elə bilirəm
ki, indicə qapımız açılacaq,
həmişəki kimi
şən ovqatla əhvalımızı, nəyə
ehtiyacımızın olmasını
soruşacaq. Onun simasında qadın şərəfinin, ləyaqətinin
ucalığını görmüşəm.
Portretini böyüdüb
evimdən asmışam.
Hər dəfə televiziya ekranlarında onun ifasında Sevili, Almazı görəndə kövrəlirəm.
İzzət xanım son dərəcə həssas duyumlu insan idi. Şükürlər
olsun ki, o, unudulmur. Çünki
xatirələrdə özünə
əbədi yer qazanıb.
İ.Orucova 1962-ci ildə texnika
elmləri doktoru, professor elmi dərəcəsi, iki il sonra əməkdar
elm və texnika xadimi fəxri adını almış, dövlət
mükafatına layiq görülmüş, respublika
Elmlər Akademiyasının
akademiki seçilmişdi.
"Şərəf nişanı",
"Qırmızı əmək
bayrağı", "Lenin"
və "Oktyabr
inqilabı" ordenləri
ilə təltif olunmuşdur. Qayğıkeş
insan, istiqanlı ana, səmimi iş yoldaşı, daim axtarışda olan elm xadimi
kimi tanınmış,
sevilmişdi.
Bu günlərdə Dövlət Film Fondunda İzzət xanım Orucovanın yaradıcılığına həsr
olunmuş fotosərginin
açılışında tanınan kinoşünas,
əməkdar incəsənət
xadimi Aydın Kazımzadə dedi:
- Nə qədər ki, milli mədəniyyətimiz,
incəsənətimiz var,
İzzət xanım da yaşayacaq, gələcək nəsillərə
örnək olacaqdır.
Sərgidə nümayiş
etdirilən fotoları
ünvanımıza göndərən,
hazırda ABŞ-da yaşayan aktrisanın nəvəsi Elxan İsmayılzadəyə minnətdarlığımızı
bildiririk.
ENağıla bənzər,
amma həyat həqiqəti olan, mənalı ömür yaşayan İzzət Orucova dünyasını dəyişsə də unudulmayıb. Xidmətləri,
elmi fəaliyyəti, xüsusən milli kinomuzun inkişafındakı
əməyi hər vaxt ehtiramla xatırlanır.
Azərbaycan.- 2007.- 29 sentyabr.- S.8.