Məhərrəmova T.

 

Xoşbəxtlik mürəkkəb anlayışdır

 

Xalq artisti Nuriyyə Əhmədova isə bu məqamı yaşayıb-yaşamadığını ya bilmir, ya da sadəcə, etiraf etməkdən çəkinir

 

Milli Kino Günü münasibətilə fəxri adlarla təltif olunan aktyorlar arasında Nuriyyə Əhmədovanın da adının olması kino ictimaiyyəti ilə yanaşı tamaşaçıları da çox sevindirdi. "Düzü, Xalq artisti adını alacağımı gözləmirdim" - deyən aktrisa bu təltifi yaradıcılıq taleyinə çox böyük hədiyyə hesab edir:

 

- Məni təbrik edənlərin hamısı eyni sözü deyirdi: "Axır ki, sən də rəsmi surətdə fəxri ad aldın". Doğrudan da, sevincimin həddi-hüdudu yoxdur. Xalqın məhəbbəti ilə yanaşı dövlətin qayğısını görəndə sənətkar ikiqat sevinir və işləməyə ruhlanır.

- Kinoaktyorların çoxu filmlərin çəkilməməsindən, rolların olmamasından narazılıq etdikləri halda, sizin bəxtiniz deyəsən, bu sarıdan pis gətirmir?

- Çünki heç kəslə pul söhbəti eləmirəm. Bəzi aktyorlar "rol xırdadır, mənlik deyil" - deyə öz iddialarından əl çəkmirlər. Ancaq məndə belə xüsusiyyətlər yoxdur. Azad sənətkaram. Bir də ki, indi sənətkarlar çox az qalıb. Hamısı maddi işıq gələn tərəfə qaçırlar. Elə bilirsiniz, mənim pula ehtiyacım yoxdur? Ehtiyacım ola-ola içimdəki eneryini sərf etməkdən ötrü gedirəm. Mən artıq bu yolu seçmişəm. Bunu hamı bilir, ona görə də məni çağırırlar.

- Hər hansı film və ya teletamaşada istənilən rolu oynamağa dərhal razılıq verməyinizin yeganə səbəbi maddi təminatı ödəmək qayğısıdır? Rollardan imtina etdiyiniz hallar olmurmu?

- Mən ilk növbədə öz saatımı nəzərə alıram. Məsələn, əgər işə Vaqif Mustafayevlə başlamışamsa, demək, hər bir yerdən imtina edirəm. Çünki Vaqif Mustafayev çox ciddi, özünəməxsus iş metodu olan bir reyissordur. Mən özüm də elə bir aktrisayam ki, bir neçə işi eyni zamanda görməyə fiziki cəhətdən gücüm çatmaz. Yəqin ki, bir əldə iki qarpız tutmağın nəticəsinin necə olduğunu özünüz də bilirsiniz. Filmə çəkilməyə başladımsa özgə bir aləmin adamı oluram. Hətta öz ailəm, uşağım yadımdan çıxır. Çünki incəsənət aləmi belədir. Sənətə ciddi yanaşırsansa, belə olmalısan, yoxsa ora-bura qaçmaq adamın işində məsuliyyətsizlik yaradır. Bizim ehtiyacda olan vaxtımız çox olub. O ehtiyacı haradasa qazanc əldə etməklə ödəməyə imkan da olur. Amma mən onu heç vaxt eləməmişəm. Ümumiyyətlə, mənə elə gəlir ki, işini sevən, ona ciddi yanaşan sənətkarlar belə olmalıdır.

- Son zamanlar hansı filmlərə dəvət almısınız?

- Vaqif Mustafayevin "Yoxlama" filmindən sonra Emin Mirabdullayevin "Haram pullar" adlı filminə çəkildim. Filmin montay prosesi qurtarıb. Deyilənə görə, sentyabr ayında ekrana çıxacaq. Eləcə də İmir Məmmədlinin "Balqabaq" novellasının əsasında çəkilən televiziya filmində mənə baş rol verildi. Filmin reyissoru Yusif Əkbərovla ilk işim olsa da, yaxşı alındı.

- Konkret iş yerinizin olmaması, əmək kitabçanızdakı illərin boş getməsi sizi haradasa etmirmi?

- Çox narahat edir. Həm də tək məni yox... Həmkarlarımın çoxu işsiz oturub və əmək kitabçaları kənarda qalıb. Düzdür bir çoxlarına baxanda, mən da əmək kitabçasının yazılıb-yazılmamasından asılı olmayaraq, heç vaxt fəaliyyətimi dayandırmamışam. Artıq 40 ilə yaxındır ki, sənətdəyəm. Əmək veteranıyam. Mənə heç stay lazım deyil. Əmək kitabçası gələcəkdə təqaüd almaq üçün lazım olur. Şükür Allaha, bunlar hamısı öz yerindədir. Amma hansı yöndən baxırsan bax, konkret iş yerinin olması yaxşıdır. Bu, sənətkara mənəvi dəstəkdir.

- "Həyatda o qədər şeylər itirmişəm!" - bu sizin sözlərinizdir. Ən çox nəyin təəssüfünü çəkirsiniz ki?

- Biz sənətkarlar heç vaxt deyə bilmərik ki, bu illər ərzində işıqlı həyat, gözəl, xoşbəxt günlər yaşamışıq. Sənət adamlarının həyatı həmişə enişli-yoxuşlu, qarlı-boranlı olur. Bahara çatmaq üçün biz nələrdən keçməmişik. Mən çox əziyyət çəkmişəm. Hələ də inanmıram ki, bu qədər işləmişəm. Özümə sual verirəm: axı mən nə eləmişəm? Mən hələ istədiyimi eləməmişəm. İlləri itirə-itirə gəlib bu yaşa çatdıq. Bəli, həyatda o qədər şeylər itirmişəm! Ancaq nə olur-olsun, hələ də Allaha yalvarıram ki, mənə bir az da dözüm, inam versin. Bax, bunlar sənətkarı elə bil yaşadır, istədiyinə nail olmağa ruhlandırır. Düzdür, bir ara məndə inamsızlıq yaranmışdı, bədbinləşmişdim. Yenə də sənət köməyimə çatdı. Hamı bilir ki, mən faciə yaşadım. Yəqin bunlar hamısı olmalıymış. Tanrı bütün bunları sənətkarın həyatına yazırmış ki, bu yollardan keçməli, bunları görməli və dözməlisən. Mən də dözərək yaşadım.

- Bəs arzuladığınız bahara çatdınızmı?

- Hələ yox... Çatmamışam... O qədər çalışıram, o tərəf-bu tərəfə qaçıram ki... Hamı da görəndə deyir ki, Nuriyyə xanım yenə qaçhaqaçdadır. İnanıram ki, o bahara çatmağa ömrüm çatar. Allahdan bir az ömür, cansağlığı istəyirəm. Bəzən deyirəm ki, xoşbəxtlik var... Bu, çox mürəkkəb anlayışdır. Xoşbəxtlik bəzən insanın həyatında çox az anlarda ola bilər. Bəlkə bu, mənim də həyatımda olub. Elə bil ki, mən həmişə qorxuram: görən mən o bahara çatacağammı? Bilmirəm, bəlkə də o bahara çatmışam. Bəlkə də çatmaq üzrəyəm. Amma bunu etiraf etməyə qorxuram.

- Bəs bu qaçhaqaçda heç olmasa, əliniz nəyəsə çatıbmı?

- Allah mənə güc verəndə, bəzən əlim çox şeyə çatır. Gücsüz olanda isə heç nə əldə edə bilmirəm. Onu da deyim ki mən həmişə tək olmuram. Əlləşirəm, vuruşuram, axırda görürəm ki, yenə də tək qaldım. İnsan var ki, nəyisə arzu edir və elə bil ki, bir anlığa, o arzu həyat keçir. Həyatda belə insan çoxdur. Ancaq bu, Nuriyyə üçün deyil. Hansısa arzularım, ümidlərim varsa da, hələ ki, onlara çatmıram. Əgər hardasa onlara nail oluramsa, tez də itirirəm.

- Buna görə bəxtinizi qınayırsınız?

- Qınamıram... Bəxtimi qınayıb neyləyəcəyəm? Yəqin bu alın yazısıdır. Ondan qaça bilmərəm. Əgər bu sualı mənə 20 il bundan qabaq versəydiniz, başqa cür cavab verərdim. Onda özümçün başqa çıxış yolu tapardım. İndi bu mümkün deyil. İnsan yaşlandıqca həyatın isti-soyuğunu, yaxşı-pisini görür. Biz ümidlərimizi, arzularımızı nəyləsə doğrultmağa çalışırıq. Amma doğrulda bilmirik. Doğrultsaq da, çox gec, həm də çox çətinliklə başa gəlir. Onda mən deyirəm ki, yəqin bu, Allahın yazısıdır. Allah bunu yazıbsa, dözməlisən. Görürsünüz də, ölüm-itim dünyasıdır. Tez-tez deyirik ki, fani dünyadır. Bir yandan da deyirik ki, dünyadır da, Allah bizi yaradıb, yaşamalıyıq. Bu cür təzadlı fikirlərlə ömür sürürük.

- Belə çətin məqamlarda çəkildiyiniz filmlər, oynadığınız rollarla özünüzə təskinlik verirsiniz?

- Bəli, bunlar mənə təsəllidir. Əgər sənətim olmasaydı, bəlkə də çoxdan məhv olmuşdum. Yaradıcı insan dünyaya gəlirsə, o, gərək mütləq çalışsın. Mən əgər çalışıramsa, bu məni başqa aləmə aparır. Əgər biz başqa aləmdə yaşayırıqsa, demək, yaşayırıq və yaşamalıyıq. Belə olmasaydı, təsəvvür edin ki, həyatımız necə olardı? Çoxları yaradıcı adama ailə və iş haqqında suallar verir. Ailə hamıda var və olmalıdır. Biri yaxşı, biri pis, kimisi xoşbəxt, kimisi bədbəxt olur. Amma yaradıcı insan öz ailəsini saxlamaqla bərabər başqa bir ailənin həyatını yaşayır. Bu, artıq Allahın vergisidir.

- Başqalarının taleyini yaşamaq asandırmı?

- Hər hansı başqa həyatı yaşayırıqsa, mütləq orda bir damla öz həyatımız var. Həmişə deyirəm ki, insanın daxilində 7 məni var. Yaradıcı insanın daxilindəki o mənləri yaşamağa, damla-damla paylamağa çox vaxt ömür də çatmır. Mən heç vaxt demirəm ki, obraz yaradıram. Yox, bu daxildən özü gəlir. Bu Allahın vergisidir, hər adama nəsib olmur. Əgər xarici və daxili plastikan varsa və bu sənin hansısa məninə toxunubsa, deməli, o mənindən çıxış etməlisən. Ona görə də yaradıcı insan adi insandan mütləq seçilir. Kiminin qabına yaradıcılıq qabiliyyəti bir az çox, başqa birinə isə az düşür. Biri ondan tez istifadə edir, biri istifadə etməyi bacarmır, biri isə imkanlarını düz istiqamətləndirə bilmir. Hərədə bir cür alınır. Ona görə də sənətkarlarda çox vaxt sənət təsəlli rolunu oynayır.

- Ağlıma ilk gələn filmlərinizdən biri - "Həm ziyarət, həm ticarət"dən həyatınıza düşən damla nədir? Orda hansı məniniz var?

- Əvvəla, filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov və reyissor Rasim Ocaqova təşəkkür edirəm. Bu, onların mənə olan sürprizi idi. Mən ona qədər də Rasim Ocaqovla işləmiş, bir-iki filmində baş rollar oynamışdım. Onunla hər işim məndə Rasim Ocaqov stilini formalaşdırırdı. Mən 7 mənimdən birini onun filmlərində istifadə elədim. Həm Rasim Ocaqovu yaşatdım, həm də Nuriyyə özünü o filmlərdə göstərdi. Rüstəm İbrahimbəyov həmin damlanı hiss edərək o rolu mənimçün yaratdı və adımı orda saxladı. Amma "Həm ziyarət, həm ticarət" filmindəki rol həyatdakı Nuriyyənin daxili "mən"lərindən yalnız biridir. Mən fikirləşmirəm ki, orda obraz yaratdım. Həyatdır, hər bir insanın başına gələn işdir. İçəridə o qədər potensial var ki, 38 il ərzində rol yaradarkən qəti korluq çəkmirəm. Hələ elə bir obraz yoxdur ki, mən onun qarşısında aciz qalım. Hələ içimdə o qədər eneryi var ki... Bu filmdən qabaq "Sahilsiz gecə" filmində rolum olub. Şahmar Ələkbərov həmin filmdə mənim üçün erməni qadınının obrazını yaratmışdı. Buna görə həmişə ona minnətdar olmuşam. O obraz bütün həyatımda dəyişiklik elədi. Daxilimdəki bütün mənləri çevirdi, onları daha qabarıq göstərdi. Ona qədər Nuriyyə nə oynayırdı ki? Xırda, abır-həyalı, bir az həyasız və s. rollar. Birdən-birə gözləmədiyim bir rol həyatımda təlatüm yaratdı. Deməli, bu, hər insanın daxilində var. O vaxt bu filmə baxış keçirərkən demişdilər ki, o film əsil mənada sənət əsəridir. Çünki orada bütün Azərbaycan qadınlarının obrazını yaratmışdıq, onların xarakterini göstərmişdik.

- Nuriyyə xanım, ev probleminizi necə, həll edə bildinizmi?

- İnşallah, o da həll olunar. Prezident təqaüdünün maddi ehtiyaclarımı ödəmək üçün mənə çox böyük köməyi oldu. İnanıram ki, ev problemim də həll olunacaq.

 

Kaspi.-2007.- 5 sentyabr.-S.16.