Mirzəbəyli İ.
Füzuli ruhu,
Cahangir Cahangirov musiqisi və Azərbaycan qadınının
əyilməz obrazı
Dünən
“İBRUS” teatrında keçirilən təqdimatda bu
sözlər dönə-dönə səsləndi
Mədəniyyət və incəsənət aləmində
elə yaradıcılıq nümunələri olur ki, bu
əsərlər sahə mütəxəssisləri
tərəfindən bir hadisə kimi qəbul edilir. Hər
gün az qala onlarla klip çəkilən Azərbaycanda
isə klip təqdimatının hadisəyə
çevrilməsi tək-tək olur. Dünən “İBRUS” teatrına
toplaşan tamaşaçılar sözün həqiqi
mənasında əsl sənətin təntənəsinin
şahidi oldular.
Ölməz bəstəkarımız Cahangir Cahangirovun ulu
Füzuli yaradıcılığına müraciət
edərək yazdığı kantatalardan biri (“Etməzmidir?”)
əsasında çəkilmiş klip sözün həqiqi mənasında
paytaxtın mədəniyyət ictimaiyyətinin və
çoxsaylı kütləvi informasiya vasitələri
təmsilçilərinin böyük marağına
səbəb oldu. Adətən klip təqdimatında
özünə lazım olan məqamı qeyd edəndən
sonra məclisi yarımçıq tərk edən
jurnalistlər bu ekran əsərinin üç dəfə
təkrar nümayiş etdirilməsinə nail oldular.
Opera və Balet Teatrının solisti, respublikanın
əməkdar artisti Gülüstan Əliyevanın yeddinci
klipində heç bir kompyuter effektindən istifadə
edilməmiş, sırf təbii çəkiliş
materialları əsas götürülmüşdü. Tanınmış
rejissor əməkdar incəsənət xadimi
Ələkbər Muradovun, istedadlı operator Mətləb
Yaqubovun, aktyorlardan Ənvər Vəliyev, Xalidə Quliyeva
və balaca Aytacın zəhməti ilə ərsəyə
gələn və İçərişəhərdə
lentə alınmış məqamlar bilavasitə Füzuli
dövrünün ab-havasını yaradırdı. Cahangir
Cahangirovun möhtəşəm kantata ruhu isə
gözəl, məlahətli səsə malik istedadlı
müğənni Gülüstan Əliyevanın ifasında
klipi mükəmməl bir ekran əsərinə
çevirmişdi.
Maraqlı məqamlardan biri o idi ki, 4 dəqiqəlik bu ekran
işinin ilk titrində “Qəhrəman Azərbaycan
qadınına həsr olunur” ifadəsi yazılmış,
əsas ideya kimi əzablara, işgəncələrə,
məhrumiyyətlərə məruz qalan Azərbaycan
qadınının əyilməzliyi, mübarizə əzmi,
zirvəyə ucalmaq qüdrəti
götürülmüşdür. Yaradıcı heyətin bu
istəyə yetərincə nail olduğu
dönə-dönə vurğulandı. Final kadrlarında
dağdakı kahalardan, oyuqlardan (qorxu, təlaş və
vahimə rəmzidir) balaca Aytac əynində kəfən,
ayaqyalın, daşların, qaratikanların arası ilə
dağın ən hündür nöqtəsinə doğru
qaçır. Ora isə zirvədir. Aytacın zirvəyə
çatdığı məqamda isə Tomris kimi dəmir
döyüşçü libasında olan Gülüstan
Əliyeva ekranda görünür. Müxtəlif effektlər,
tarixi səhnələrdə görünən obrazların
qəzəb, kin, aman, mərhəmət və
əyilməzlik hisslərinin ifası yüksək
sənətkarlıq nümunəsindən xəbər verirdi.
Respublikanın xalq artistləri Yaşar Nuri, Azər Zeynalov,
Mənsum İbrahimov, Dövlət Opera və Balet
Teatrının baş rejissoru, əməkdar
incəsənət xadimi Hafiz Quliyev, Milli Mədəniyyəti
Təbliğ Mərkəzinin sədri Arif Mədətov, filmin
(bu klipə film deyənlər çox idi)
yaradıcılarından Gülüstan Əliyeva,
Ələkbər Muradov, Ənvər Vəliyev və digər
çıxış edənlər yeni ekran əsərinin
uğurundan, bədii məziyyətlərindən söz
açmaqla yanaşı Məhəmməd Füzuli və
Cahangir Cahangirov dünyasına göstərilən ehtiramı
xüsusi qeyd etdilər. Bir təqdimatda üçüncü
dəfə səsləndirilən klip ulu Füzulinin
“Vətənimdir, Vətənimdir, Vətənim!”
sözləri ilə tamamlanırdı. Müharibə
şəraitində yaşayan, torpaqlarının 20 faizi
işğal edilmiş Azərbaycanda isə bu ruhda
yazılmış musiqi və ekran əsərlərinə
hələ çox ehtiyac vardır. Klip mədəniyyət
aləmində mühüm hadisə kimi qiymətləndirildi.
Xalq qəzeti.- 2007.- 30 sentyabr.-
S. 6.