Təranə

 

 

İncəsənətlə və elmlə bağlı insan - İzzət Orucova

 

yaxud Cəfər Cabbarlının tapıntısı

 

"Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. mən bəzən fikrə dalıram: görəsən, bu, düzgündürmü? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam... Yox, mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Bunlar mənim müasirlərim, demək olar ki, yaşıdlarım idi..." Bu sözləri vaxtilə "Sevil" (1929) "Almaz" (1936) bədii filmlərində baş rolları ifa edən Azərbaycanın ilk milli kino aktrisası, görkəmli kimyaçı alim, akademik İzzət Orucova söyləyib.

Dünən Dövlət Film Fondunda həyat yolu insan taleyinin iki ən mühüm sahəsi ilə - incəsənətlə elmlə bağlı olan İzzət Orucovanın xatirəsinə həsr olunan fotosərgi bu bağlılığın əsl tərənnümünə çevrildi. Fotosərgi tərcümeyi-halı haqqında çox az bilgiyə malik olduğumuz İ.Orucovanın bütün ömür yoluna sözün əsl mənasında bələdçilik etdi: "İzzət Orucova 1909-cu ildə Bakıda dünyaya göz açıb. İzzət xanımın sonrakı həyatının özü bir kino olub. Cəhalətin hökm sürdüyü keçən əsrin 20-ci illərində azərbaycanlı qızın təhsil alması, oxuyub mühəndis olması Şərq mühitində görünməmiş hadisə olmaqla, üstəlik, tələbə qızın filmə çəkilməsi, baş rolda oynaması əsl möcüzə idi".

Arxiv materialları əsasında məlum olur ki, İ.Orucovanı kino üçün böyük axtarışlardan sonra görkəmli dramaturq Cəfər Cabbarlı kəşf edib. İzzət xanım xatirələrində bu barədə belə yazır: "Filmin reyissorları A.Beknazarov Cəfər Cabbarlı idi. O, Sevil rolunun ifasını Nora Arzumanova adlı bir qıza tapşırmaq istəyirdi. Lakin Cəfər Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərin baş rolunda azərbaycanlı qızı çəkilməlidir". Beləliklə, İ.Orucova "Sevil" filmində baş rola çəkilir böyük uğur qazanır. Bundan ruhlanan dramaturq özünün eyniadlı pyesi əsasında "Almaz" kinossenarisini yazaraq kinostudiyanın rəhbərliyinə filmə özünün quruluş verəcəyini bildirir. O, baş rola - Almaz roluna yenə İzzət Orucovanı təsdiq edir. Lakin Cəfər Cabbarlının vaxtsız ölümü ona bu arzusunu həyata keçirməyə imkan vermir. Görkəmli dramaturqun bu arzusunu həmkarları həyata keçirir. İzzət xanım Almaz obrazını ekranda müvəffəqiyyətlə yaradır. Bundan sonra gənc aktrisa kinodan uzaqlaşır həyatını bütünlüklə Azərbaycan elminin inkişafına sərf edir.

Qeyd edək ki, tədbirdə İzzət Orucovanın ABŞ-da yaşayan nəvəsi tərəfindən Dövlət Film Fonduna təqdim edilən foto arxiv sənədləri ilk dəfə nümayiş olundu.

 

Kaspi.-2007.- 20 sentyabr.-S.17.