Cavidin uğurlu ekran ömrü
Bu günlərdə xalq yazıçısı
Anarın ssenarisi əsasında rejissor Ramiz Həsənoğlunun
çəkdiyi "Cavid
ömrü" filminin
ilk nümayişi keçirildi. Mənim fikrimcə, filmin yaratdığı ilkin qənaət belə oldu ki, Anar
bununla Cəlil Məmmədquluzadə, Üzeyir
Hacıbəyov ömrünə
caladığı ekran
həyatına daha birini - Hüseyn Cavid ömrünü əlavə etdi. Anar bir daha
sübuta yetirdi ki, o, bütün
varlığı ilə
yaradıcı insandır
və onu Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin taleyi,
problemləri hər zaman düşündürməkdədir.
Anarın uğuruna şərait
yaradan əsas cəhətlərdən biri
bundan ibarətdir ki, o, mövzunu
dərindən bilir. Çünki filmdə baş verən hadisələr onun da ailəsindən, doğmalarından yan keçməyib. 1937-ci ilin
"qara yeli" onun ailəsinin başı üzərindən
hələ 20-ci illərdən əsməyə başlayıb. 1920-ci ilin may ayında babası Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından
biri kimi bolşevik-daşnaklar tərəfindən
güllələnib. Anası
Nigar xanım Rəfibəyli "Müsavatçı
qızı" adı
ilə və Müsavatın gizli "Gənc Azər" təşkilatının üzvü
kimi daima təqib olunub. Atası Rəsul Rza isə "yenilikçi" şeirlərinə
görə sovet tənqidinin daimi hədəflərindən birinə
çevrilib. Bütün
bunlar imkan verib ki, Anar
ssenaridə stalinizmin,
o qəddar rejimin mahiyyətinin açılması, konkret
faktlar və görüntülərlə tamaşaçıya
çatdırılması üçün təsirli
məqamlar seçə
bilsin. Təbii ki, filmin uğurlu
alınmasının əsas
yükü həm də rejissor R.Həsənoğlunun üzərinə
düşüb. Böyük
istedada malik olan R.Həsənoğlu həm sənədlərdən,
həm də arxiv görüntülərindən
istifadə edərək,
yüksək səviyyəli
bir bədii film yaradıb. Qərb kinolarına məxsus olan, lakin orijinal məqamları buraya əlavə etsək, filmin çox maraqlı, baxımlı alındığını cəsarətlə
söyləyə bilərik.
Filmdə İblisin müəyyən anlarda görünməsi filmə
fantasmaqorik bir çalar da verir, tamaşaçını
həyəcanlandırır. Rejissor H.Cavidin həbsini, istintaqını,
aktyor Abbas Mirzə Şərifzadənin
həbsxanada döyülmə
səhnələrini çox
təsirli görüntülərdə
göstərməyi bacarıb.
R.Həsənoğlunun bir
rejissor kimi müvəffəqiyyət qazanmasına
maraqlı aktyor ansamblı seçməsi
də kömək edib. İstedadlı rejissor sanki bununla demək istəyib ki, Azərbaycan kinosunun və teatrının bacarıqlı aktyorları
çoxdur. Sadəcə,
yaxşı ssenarilər
yazılmalı və
onlara imkanlar verilməlidir ki, istedadlarını üzə
çıxarsınlar. H.Cavid
rolunu tanınmış
aktyor Rasim Balayev oynayır. Kinomuzda təkrarsız obrazlar yaratmış R.Balayevin bu rolu da təsirli
və yaddaqalandır.
Xaraktercə sakit və azdanışan, təmkinli Cavidin daxili həyəcanını,
çırpıntılarını, yaşadığı dövrdən
narazılığını R.Balayev yüksək istedadla nümayiş etdirir. Cavidin həyat yoldaşı Müşgünaz xanımın
rolunu aktrisa Dilarə Əliyeva ifa edir. Bu
aktrisanı biz daha çox komik rollardan və televiziyada apardığı "Çal-çağır" verilişindən
tanıyırıq. Belə
demək mümkündür
ki, Dilarə xanım bu film
üçün bir tapıntıdır. Bu film istedadlı aktrisanın yeni imkanlarını üzə
çıxarıb və
onun həm də ciddi dramatik,
ağır psixoloji yüklü obrazlar yaratmaq bacarığını
təsdiqləyib. Mən
bu sözləri yazarkən rəhmətlik
aktyorumuz Hamlet Xanızadənin 1982-ci ildə
Mehdi Məmmədovun quruluşunda H.Cavidin "İblis" əsərində
İblis obrazını
yaratdıqdan sonra dediyi sözləri xatırlayıram. "Mənə
elə gəlir ki, hələ indi aktyorluğa başlayıram. Aktyor kimi özümün bu tamaşadan sonra yeni imkanlarımın
açıldığını gördüm". Məncə,
Dilarə xanımın
da səhnə həyatında Müşgünaz
xanım obrazı belə əhəmiyyətli
və yaddaqalandır.
Burada kiçik bir haşiyə çıxmaq istəyirəm
ki, aktyoru aktyor edən güclü səhnə əsərləridir, maraqlı
ssenarilərdir. Zəif
və sönük əsərlərdə aktyor
parlaq obraz yarada bilməz. Azərbaycanda isə belə aktyorlar nəsli daim olub. Lakin bəziləri
öz imkanlarını
açıb göstərməyi
bacarmayıblar. Bir çoxlarının isə
böyük obrazlar yaratmaq arzusu reallaşmayıb, onlar dünyamızı tərk
ediblər. Həyatda olan aktyorlarımızın
bir çoxunun hələ də böyük obrazları yaratmaq istəyi öz içərisində
boğulub qalmaqdadır.
Bu mənada istedadlı aktrisa Dilarə Əliyevanın hələ səhnəmizdə,
xüsusən kinomuzda
yeni, təkrarsız obrazlar yaradacağına inanıram. Filmdə şair Əhməd Cavadın, Mikayıl Müşfiqin rolları da aktyorlar tərəfindən
uğurla oynanılıb.
Mircəfər Bağırovun
və müstəntiqin
də rolları təbii alınıb. Sonda qeyd etmək
istərdim ki, belə filmlər çox çəkilməli
və təkrar-təkrar nümayiş olunmalıdır. Sovet rejiminin çürüklüyünü,
insanlıq üçün
təhlükəliliyini məhz
belə filmlərlə
indiki və gələcək nəslə
göstərmək mümkündür.
Bütün bunlar həm də qanlı bir tarixdən ibrət dərsi götürmək
vasitəsidir.
525-ci qəzet.- 2007.- 22 sentyabr.- S.24.