Aslanov R.
Sərhədləri ortadan
qaldıran festival
Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev
deyir ki, insanları ayıran amillər çoxdur. Lakin
incəsənətin qüdrəti bütün bu amillərin
üstündən xətt çəkib, milliyyətindən,
yaşadığı qitədən, dövlətdən.
dilindən və dinindən asılı olmayaraq,
insanları
birləşdirməyə qadirdir. Sentyabrın 4-dən
başlayaraq bir həftə ərzində keçirilən
"Şərq-Qərb" festivalının da ümdə
vəzifələrindən biri bu idi. Artıq səkkizinci
dəfə keçirilən bu festivalda təyin olunmuş
mükafat nominasiyalarına nəzər salmaq kifayətdir ki,
tədbirin dözümlülük, anlaşma ruhunu ifadə
etdiyini görək. Bu baxımdan, festivalın ayrı-ayrı
ölkələr arasında sərhədləri ortadan
qaldırdığını, insanları birliyə
səslədiyini cəsarətlə söyləyə
bilərik. Festival qalibləri
"Bəşəriyyətə ən humanist göndəriş"
və "Dünya kinosunun inkişafındakı
xidmətlərinə görə" nominasiyaları
üzrə təltif olunublar. "Qadınlıq rəmzini
tərənnüm edən ən yaxşı obraz" və
"Kişilik rəmzini tərənnüm edən ən
yaxşı obraz" nominasiyaları
da festivalda nümayiş
etdirilən seçmə filmlərin payına
düşüb.
"Şərq-Qərb"
festivalı keçirilməyə başlandığı
illərdə 5-6 ölkənin nümayəndələrini
təmsil edirdisə, artıq 12 ölkədən 82 kino xadimi
bu tədbirin işinə qatılıb. Bu
nümayəndələr arasında rejissorlar, aktyorlar,
prodüserlər vardı. 29 fılmə baxış
keçirilib və həmin filmlər arasında Rusiya,
İran, Ukrayna, Qazaxıstan, Gürcüstan, eləcə
də digər ölkələrin
kinematoqrafçılarının ekran işləri olub.
Azərbaycan kinosunu bu festivalda
Murad İbrahimbəyovun "Üç qız", Mehriban
Ələkbərzadənin "Məhkumlar", Ramiz
Həsənoğlunun "Cavid ömrü" filmləri
təmsil edib.
Festival
günlərində "Milli kino-Böyük ekrana yol"
mövzusunda dəyirmi masa ətrafında müzakirələr
aparılıb. İctimaiyyətin kinematoqrafçılarla
görüşlərinə və uşaq filmlərinin
nümayişinə də geniş yer verilib. Ayrıca,
gürcü filmlərinin retrospektivi keçirilib. Həmin
retrospektiv baxışda rejissor Eldar Şengelayanın, Georgi
Xaindravanın "Xəyallar məzarlığı"
və Georgi Şengelayanın "Qatar gedirdi" filmləri
nümayiş etdirilib.
Mərhum rejissor Rasim Ocaqovun
filmlərinin retrospektiv nümayişi də bu festivalın
əhəmiyyətli məqamlarından biri kimi yadda qalıb.
"Baltikyanı ölkələrdə
və keçmiş SSRİ məkanında yaranmış
dövlətlərdə müştərək film istehsalının
təşkilatı və hüquqi problemləri" geniş
araşdırma mövzusu kimi nəzərdən keçirilib.
525-ci qəzet.- 2007.- 11 sentyabr.- S. 7.