Behbudqızı S.   

 

Qadın kinosu erası

 

IX "Şərq-Qərb" məhz belə səciyyələnir

 

"...Müdaxilələrdən ən çox müdafiə olunan kinematoqrafın büsbütün kişi peşəsi hesab edilən rejissor sənətində qadınlar mühüm mövqelərə daha mütəşəkkil tərzdə sahib çıxmaqdadırlar..."
   
   IX "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalının proqramını əks etdirən kataloqda festivalın prezidenti Rüstəm İbrahimbəyovun yerləşdirilmiş müraciətində bu fikir xüsusilə vurğulanıb. Paytaxtımızın 1996- ildən, qısa fasilələrlə olsa da, ev sahibliyi etdiyi növbəti kino bayramına bu gün "Yaşıl teatr" Konsert Kompleksində start verilir. Təntənəli açılış mərasimindən bir neçə saat öncə isə "Azərbaycan" kinoteatrında bolqar rejissoru Anri Kulyevin "Oktyabrda sərçələr" bədii filmi nümayişlənəcək. Qadın rejissorların intensivlik təşkil etməsinə gəlincə isə IX "Şərq-Qərb" başda Mehriban Ələkbərzadənin "Məhkumlar" kino işi ilə olmaqla, Rusiyadan Vera Storojeva "Ev heyvanları ilə səyahət", Ukraynadan Yeva Neyman "Çay kənarında", Larisa Sadilova "Şəxsi heç " filmləri ilə kinosevərləri sevindirəcəklər. Hər 3 film sırf insanlar arasında anlaşma, insanpərvərlik problemlərindən bəhs edir. Festivalın açılışında təqdim ediləcək "Məhkumlar" filmimiz barəsində geniş məlumat vermişik. "Ev heyvanları ilə səyahət", "Çay kənarında", "Şəxsi heç " ekran işlərinin birincisində sevmədiyi insanla 19 illik, belə demək mümkündürsə, ailə həyatı yaşayan gənc qadının öz "mən"ini xoşbəxtlik anlayışını tapmaq şansından istifadə etmək bacarığından, ikincisində ana ilə qızın münasibətlərindən, həyata, bir-birinin duyğularına baxışlarından, üçüncüsündə isə şəxsi detektivlə müşahidə obyekti arasındakı əlaqədən söhbət gedir.
   IX "Şərq-Qərb"in proqramı rəngarəng günümüzün ruhuna köklənməklə yanaşı, müəllif kinosu ənənələrinə sadiqlik cəhəti ilə seçilir. Təəssüf doğuran yeganə məqam proqramda sənədli filmlərin olmamasıdır. Kinofestival çərçivəsində haqqında danışdığımız filmlərdən savayı, Azərbaycan rejissorları Murad İbrahimbəyovun "Üç qız", Ramiz Həsənoğlunun "Cavid ömrü", Bruno Dümonun (Fransa) "Flandriya", Aleko Tsabadzenin (Gürcüstan) "Rus üçbucağı", Məcid Məcidinin (İran) "Məcnun söyüd", Janabey Jetiurovun (Qazaxıstan) "Yol gözətçisinin qeydləri", Aleksey Popoqrebskinin (Rusiya) "Sadə şeylər", Yüksəl Aksunun (Türkiyə) "Dondurmam-qaymaq" ekran əsərləri, habelə "Gürcü filmləri retrospektivi"ndə Eldar Şengelayanın "Qeyri-adi sərgi", Georgi Şengelayanın " qatar gedirdi", Georgi Xaindravanın "Xəyallar məzarlığı" filmləri, "Xüsusi nümayiş" bölümündə Xocaqulu Narliyevin (Türkmənistan) "Manqurt" ekran əsərləri təqdim ediləcək. Bunlardan savayı, IX "Şərq-Qərb" çərçivəsində Uşaq Filmləri Festivalı da keçiriləcək. Festival proqramına daxil edilmiş filmlər "Azərbaycan" kinoteatrında "İbRus" teatrının kinozalında nümayişlənəcək. Festival ərzində kino mütəxəssislərinin iştirakı ilə "Milli kinematoqraf - böyük ekrana yol" mövzusunda "dəyirmi masa" təşkil ediləcək. Hər dəfə olduğu kimi, festivalın təşkilatçıları 4 nominasiyanın - "Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz", "Bəşəriyyətə ən humanist göndəriş", "Dünya kinosunun inkişafındakı xidmətlərinə görə" - qaliblərini müəyyənləşdirəcəklər. Festival iştirakçılarına həmçinin "Bakıda gəzinti" fototarixçəsi təqdim ediləcək.
   Ənənəyə uyğun olaraq "Şərq-Qərb" festivalının proqramına mükafatçı da olmasa, uğurlu ekran taleyinə malik filmlər daxil edilir. Festival sentyabrın 10-da M.İbrahimbəyovun "Üç qız" filmi ilə "Azərbaycan" kinoteatrında yekunlaşacaq.
   Festivalın işini yerli KİV-lərdən savayı, ORT, "MİR", "Moskovskiye novosti" kimi Rusiya informasiya vasitələri işıqlandıracaq.

   P.S. Teleməkanımızın barmaqla sayılacaq qədər az sayda peşəkarlarından biri olan, tamaşaçılarını baxımlı televiziya tamaşaları ilə illərdən bəri sevindirən, "Azdrama"nın səhnəsində böyük müstəqil işi ilə uğurlu debütə imza atan, indi isə meydana ilk böyük müstəqil ekran əsərini çıxaran rejissor Ramiz Həsənoğlunun teletamaşalarını bədii telefilm kimi təqdim etmək suallar doğurur. Məsələn, məgər R.Həsənoğlu kimi peşəkar belə "təqdimatlar"sız nəsə itirə bilər?

 

Həftə içi.-2007.-5 sentyabr.-S.8.