Kinomuzun dirçələcəyi
gün uzaq deyil
Həmyerlimiz,
tanınmış kinorejissor, "Şən və
hazırcavablar klubu" (KVN) hərəkatının
təşəbbüsçülərindən biri,
özü də çox şən və hazırcavab bir
insan olan, bu yaxınlarda başa çatmış IX Bakı
Beynəlxalq "Şərq-Qərb" kinofestivalının
qonağı Yuli Qusman belə hesab edir.
Müxbirimizin "Sizin
fikrinizcə, Azərbaycanda və Azərbaycan kinosunda nə
dəyişikliklər olmuşdur?" sualını
məşhur həmyerlimiz belə
cavablandırmışdır: "İllər keçsə
də, əncirin, şanı üzümünün dadı,
qonaqpərvər azərbaycanlıların mehriban xarakteri
dəyişmir. Hətta siyasi kataklizmlər, sosial narahatlıqlar,
müharibə və qaçqınlar da bu
məziyyətlərə xələl gətirə
bilməmişdir".
- Amma gəlin əsas
mövzuya - Azərbaycan kinosuna qayıdaq, - deyə Yuli
Solomonoviç sözünə davam etmişdir. Vaxtilə Azərbaycan kinosu büdcədən maliyyələşdirilirdi. Sonra hər
şey alt-üst oldu, keçmiş böyük ölkə dağıldı, kinoprokat
da keçmişdə
qaldı. Cəmi
bir neçə il bundan
əvvəl "Azərbaycanfilm"
kinostudiyasını görəndə
adamın ürəyi
ağrıyırdı - pavilyonlarda
boşluq və cansıxıcı bir sükut hökm sürürdü. İndi isə
mən əminəm ki, kinomuzun dirçələcəyi
günü görəcəyik.
Artıq bu gün yeni
Azərbaycan kinosunun təşəkkülünün birinci mərhələsi barədə danışmağa
əsas var. "Azərbaycanfilm"də
yeni filmlər çəkilir, burada, necə deyərlər, ikinci nəfəs duyulur. Kinostudiyada, "Nizami"
kinoteatrında, Heydər
Əliyev adına
sarayda təmir işləri aparılır
və tezliklə onlar ən yeni
avadanlıqla təchiz
olunacaqdır.
Azərbaycanda istedadlı
kinematoqrafçılar əvvəl
də vardı, indi də var. Əlbəttə, bir şeyi başa düşməliyik ki, Azərbaycan filmləri təkcə Azərbaycan üçün çəkilə
bilməz, onlar elə səviyyədə
olmalıdır ki, respublikanın hüdudlarından
kənarda da onlara maraqla baxılsın. Bir məsələ də var ki,
kinoprokat təkcə respublikanın 8 milyonluq əhalisi üçün
nəzərdə tutulsa,
o, heç öz xərcini çıxara bilməz.
Y.Qusmanın fikrincə, Avrasiya məkanı bizdən ötrü böyük üstünlükdür. Düzdür, Sovet İttifaqı daha yoxdur, lakin
o dövrdə yaranmış
mənəvi əlaqələr
qalır.
Müsahibim sözünə
davam edir:
- Mən nikbin adamam və
mənə elə gəlir ki, vəziyyətdə aydınlıq
yaranmağa başlamışdır.
Çünki biz postsovet məkanında
fikir ayrılığından,
əmlak bölgüsündən
qarşılıqlı razılığa
və mehriban qonşuluğa doğru irəliləyirik. Rüstəm İbrahimbəyovun təşəbbüsü
ilə təşkil edilən festival bu məsələdə böyük
rol oynayacaqdır.
12 il bundan
əvvəl bu söhbət fantastika təsiri bağışlayırdı,
çünki o vaxt bütün postsovet məkanı bərbad vəziyyətdə idi və sadəcə olaraq, kino ilə
məşğul olmaq
vaxtı deyildi. Lakin festival təsis olundu, yaşamağa başladı,
indi o inkişaf edir və daha
da inkişaf edəcəkdir. Paralel olaraq
"İbrus", "Azərbaycan"
kinoteatrları, uşaq
kino məktəbi və uşaq kinofestivalı yaranmışdır.
- Sehrli günəş, sehrli meyvələr və sehrli insanlar - bütün bunlar kino ilə birləşsə,
əla olar! - rejissor Yuli
Qusman əsl Şərq şairi kimi xəyala dalır, - Bu gün mən təkcə kinonun yox, bütövlükdə
bu bənzərsiz diyarın dirçəlməsinin
şahidiyəm. Yeni
estakadalar, yeni evlər ucaldılır. Neft təkcə 2-3 nəfər biznesmenə yox, bütün xalqa mənfəət gətirir. Ümidvaram ki, haqqında söhbət gedən planlar həyata keçiriləcəkdir. O ki
qaldı bizim festivala, burada çox maraqlı hadisələrin şahidi
oldum. Uşaq kinosu proqramı çox xoşuma gəldi. Azərbaycan kinematoqrafçılarının
filmləri də çox maraqlıdır. Əlbəttə, bu gün Azərbaycan kinosunda coşğun inkişaf, sıçrayış,
güclü tərəqqi
barədə danışmaq
hələ tezdir, lakin qəti deyə bilərik ki, bu sahədə
böhran artıq arxada qalmışdır və necə deyərlər, xəstə sağalmağa
başlamışdır.
Respublika.- 2007.- 12 sentyabr.- S. 5.