Nüfuzlu kino ustaları bu
sənətin problemlərini müzakirə ediblər
"Şərq-Qərb"
Kinofestivalının proqramına daxil olan "Milli kino -
böyük ekrana yol" mövzulu görüş-seminar
sentyabrın 9-da gerçəkləşdi. Dünya kino sənətini təmsil edən nüfuzlu qonaqların bir araya gəldiyi
tədbirdə bu sahədəki problemlər
müzakirə obyektinə
çevrildi. "Şərq-Qərb"in prezidenti Rüstəm İbrahimbəyov, kinorejissor
Tofiq İsmayılov,
"Kinoforum" jurnalının
baş redaktoru Konstantin Şerbakov (Rusiya), ssenariçi Georgi Branev (Bolqarıstan), kinoşünas
Andrey İvanov (Rusiya), kinorejissor Yuli Qusman, Pavel
Çuxray (Rusiya), Xocaqulu Narliyev (Türkmənistan) və digər mütəxəssislərin
gəldikləri qənaətə
görə, bu sənətin inkişafı
üçün bütün
qüvvələr səfərbər
edilməlidir. Bu istiqamətdəki problemlərin
aradan qaldırılması
üçün heç
kəs öz istedadını, bacarığını,
əsirgəməməlidir. Tədbiri giriş sözü ilə açan R.İbrahimbəyov
Sovet quruluşu dağıldıqdan sonra kino sahəsində bir çox problemlərin üzə çıxdığını bildirdi. Onun fikrincə, bu problemlər kino sahəsində maliyyə sıxıntılarının yaranmasına,
yeni filmlərin gec-gec ərsəyə gəlməsinə səbəb
olur. R.İbrahimbəyov
həmçinin son illərdə çəkilmiş
filmlərin pirat yolu ilə yayımlanmasına
və bu yolla şəxsi mənfəət xatirinə
kino adına xələl gətirənlərin
qarşısının alınmasının
vacibliyini vurğuladı.
O, qeyd etdi ki, belə hadisələr
filmi ərsəyə
gətirənlərin
mənfəət baxımından
kənarda qalmasına
rəvac verir. Tofiq İsmayılov Azərbaycan kinosunun xaricdə təbliği məsələlərinə diqqət
yönəltdi. Rejissor
bildirdi ki, İstanbulda Azərbaycan kinosu haqqında təsəvvür yox dərəcəsindədir: "Biz azərbaycanlıların
film çəkməyi
onlara təəccüblü
gəlir. Bu cür arzuolunmaz rəyi aradan qaldırmaq üçün
kinomuzda və onun təbliği sahəsində ciddi irəliləyiş əldə
etməliyik". İranlı
qonaq, kinorejissor Eyyub Danişvərin fikirləri də tədbir iştirakçıları
tərəfindən maraqla
qarşılandı: "Bizim
bir ata-baba məsəli var, deyirlər ki, ac adama balıq
vermə, balıq tutmağı öyrət!
Bu mənada mənə elə gəlir ki, dövlətin kinoya köməyi çox da vacib deyil.
Əsas odur ki, dövlətin yaratdığı qanun çərçivəsində kino özü öz inkişafına təkan versin". Bu prosesin İranda
təcrübədən keçdiyini
rejissor vurğuladı
ki, onun ölkəsində kino çəkilişini dövlət
maliyyələşdirmir: "Biz öz sərmayəmizlə
kinonu çəkirik,
amma dövlət bizə filmlərimizi kinozallarda nümayiş etdirmək imkanı yaradır". İranlı
sənətkar kinoya marağın azalmasından,
insanların bu sənətə biganəliyindən
də danışdı.
O, reklamın bu istiqamətdə mühüm
rol oynaya biləcəyini qeyd etdi: "Deyirlər
ki, kino bərbad vəziyyətdədir,
kinozallar boşdur, insanlar bilet alıb kinoya tamaşa etməyə getmirlər. Əgər kino bu vəziyyətdədirsə,
bəs niyə Hollivudun, Hindistanın filmləri bütün dünyada geniş yayılır?! Ötən
il İranda "Qovulmuş insanlar" adlı bir film
çəkildi. Bu
film təkcə İran daxilindəki kinofestivallardan 100 milyon gəlir gətirdi. Sözsüz ki, burada reklamın rolu danılmazdır".
İran rejissoru bildirdi ki, inanların
kinonu kinozallardan daha çox, öz evlərində oturub rahatca izləməyə üstünlük
verməsi də bu sahədə problemlər yaradır. Onun qənaətinə görə, insanları məcburən kinozallara aparmaq olmaz. Bu vəziyyətdən çıxış yolu kinonu "evlərə daşımaq"dır.
525-ci qəzet.-2007.-11 sentyabr.-S.7.