Mükərrəmoğlu M.

Festivalın mükafatçıları mə­lum oldu

 

Cavid ömrü” ilk dəfə festivalda nümayiş etdirildi
Sentyabrın 9 və 10-u “Şərq-Qərb” festivalı öz işini davam etdirdi. Böyük Cavidin yubileyinə həsr olunmuş “Cavid ömrü” filminin “İbrus” teatrının kino zalında sentyabrın 9-da keçirilən nümayişinə Azərbaycan ziyalıları, filmin yaradıcı heyəti toplaşmışdı. Böyük müvəffəqiyyətlə keçən nümayiş bir daha Cavid irsinə hörmət və məhəbbətin rəmzinə çevrildi.
İkiseriyalı bu filmdə təkcə Cavidin həyat və yaradıcılıq yolu deyil, dövrün ab-havası, ictimai-siyasi problemlər, yaradıcı insanın cəmiyyətdəki mövqeyi məsələləri də diqqətdən yayınmamışdır.
Filmə teatr və kino rejissoru Ramiz Mirzəyev (Həsənoğlu) quruluş vermişdir. Ramiz Mirzəyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş, sonra Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir. 1966-cı ildən Azərbaycan Dövlət Televiziyasında çalışır. 50-dən artıq bədii film və tamaşalara, həmçinin bir sıra sənədli filmlərə quruluş vermişdir. Azərbaycan Respublikasının xalq artisti, “Sabah” Yaradıcılıq Birliyinin rəhbəridir. Onun “Qatarda”, “Evləri köndələn yar”, “Topal Teymur”, “Yaşıl eynəkli adam”, “Ac həriflər” televiziya və ”Ailə” (R.İbrahimbəyovla birgə) bədii filmləri tamaşaçıların böyük marağına səbəb olmuşdur. Rejissorun xalq yazıçısı Anarın ssenarisi əsasında yenicə tamamladığı ikiseriyalı “Cavid ömrü” filminin də uğurlu ekran taleyi olacağı şəksizdir.
Baş rolda xalq artisti Rasim Balayevi çəkilmişdir. Bundan başqa, Dilarə Əliyeva, Məmməd Səfa, Vüsal Murtuzəliyev, Nurəddin Mehdixanlı, Ramiz Novruz da əsas rolların ifaçılarıdır. Filmin istehsalçıları “Azvideo” Prodüser Mərkəzi (“Yeni dalğa”) və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyidir.
Sentyabrın 9-da festival proqramı çərçivəsində “Azərbaycan” kinoteatrında “Şəxsi heç nə” və Fransa kinematoqrafçılarının “Flandriya” filmləri nümayiş etdirildi.
“Şəxsi heç nə” (Rusiya) filminin rejissoru Larisa Sadilovadır. Bu, çox maraqlı süjetə malik film “Arsi-film” studiyasında Rusiya Federasiyasının Mədəniyyət və Kinematoqrafiya üzrə Federal Agentliyinin dəstəyi ilə çəkilmişdir.
Baş rollarda Valeri Barinov, Zoya Kaydanovskaya çəkilmişlər.
Fransız kinematoqrafçılarının “Flandriya” hərbi dramı sivil insanların müharibədə necə qatil və qaniçənlərə çevrilməsi haqqındadır. Müəlliflər belə bir problem qoyurlar: sevgi insanı bu cür vəziyyətlərdən xilas edə bilərmi? Filmin rejissoru Bruno Dümondur.
Dünən isə festival “Azərbaycan” kinotetrında öz işini başa çatdırdı. Bu kinoteatrda əvvəlcə “Manqurt” türkmən, “Ağlayan söyüd” İran filmləri nümayiş etdirildi.
Mükafatların təqdimatından sonra Azərbaycan, Rusiya və Almaniyanın birgə istehsalı olan “Üç qız” filmi göstərildi. Bununla da festival öz işini yekunlaşdırdı.

Xalq qəzeti.-2007.-12 sentyabr.-S.3.