Arifə

 

Bakıda Birinci Beynəlxalq Uşaq Kinosu Festivalı keçirildi

 

Sentyabrın 8-də Bakıda ilk dəfə Beynəlxalq Uşaq Kinosu Festivalı gerçəkləşdi. Azərbaycan, Gürcüstan Rusiyanın uşaq kinematoqrafçılarının qatıldığı festivalda bədii sənədli janrda çəkilən 17 film nümayiş olundu. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycanda Dünya Kinosunun 100 illiyi Dövlət Film fondlarının təşkilatçılığı ilə gerçəkləşən festival "Şərq-Qərb" layihəsi çərçivəsində baş tutub. Mərasimi giriş sözü ilə festivalın direktoru Cəmil Quliyev açaraq Bakıda ilk dəfə Beynəlxalq Uşaq Kinosu Festivalının keçirilməsində dünya şöhərtli kinodramaturqumuz Rüstəm İbrahimbəyovun rolunu xüsusi vurğuladı. R.İbrahimbəyovun iki il bundan öncə yaratdığı Uşaq Kino Məktəbinin I Bakı Beynəlxalq Uşaq Kinosu Festivalının yaranmasına təkan verdiyini diqqətə çatdırdı. Bakı Avropa Litseyinin direktoru Zülfiyyə Veysova nümayiş olunan ekran işlərində uşaqların yaradıcılığı ilə yanaşı, onların düşüncələrinin, hisslərinin bədii yolla öz ifadəsini tapdığını bildirdi. İştirakçılara Açıq Cəmiyyət İnstitutu, Azərbaycan Beynəlxalq Bankı Xəzər Universitetinin həvəsləndirici mükafatları təqdim edildi. Rübabə Mirfeyzullayevanın "Sehrli qələm" bədii filmi ən çox səs toplayaraq "Tamaşaçı rəğbəti" nominasiyası üzrə mükafata layiq görüldü. Əsas qaliblər isə uşaqlardan ibarət münsiflər heyətinin qərarına əsasən mükafatlandırıldı. "Ümid" nominasiyası üzrə G.Kobaliyanın "Günəş çiçəklər ölkəsi", "Təbəssüm" nominasiyası üzrə Fərhad Rəhimlinin "Duel" filmləri qalib seçildi. "Qran pri"ni isə "Qızıl balıq" bədii filminə görə Gürcüstanın "Pionerfilm" studiyası qazandı.

 

525-ci qəzet.-2007.-11 sentyabr.-S.7.