I Bakı Beynəlxalq Uşaq Kinofestivalının qalibləri məlumdur

 

Sentyabrın 8-də IX Bakı "Şərq-Qərb" kinofestivalı çərçivəsində keçirilən, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinosunun 100 illiyi Fondu və Azərbaycan Dövlət Film Fondu tərəfindən təşkil edilmiş I Bakı Beynəlxalq uşaq kinofestivalı açılmışdır.

Festivalın açılışında çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev toplaşanları bu əlamətdar hadisə münasibətilə təbrik etmiş və uşaqlardan ibarət olan münsiflər heyətinin tərkibini elan etmişdir: Osman Əyyublu, Sara Salayeva, Ucal Qorçu, Sənan Mirzəyev, Metyu Haudetti (İsveçrə) və Hidayət Rzayev.

Uşaqlar böyüklərin marağına səbəb olan filmlər yarada bilərmi? Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun uşaq kinofestivalının iştirakçılarına müraciətində deyilir ki, bu suala müsbət cavab vermək üçün müsabiqəyə təqdim olunmuş bir neçə lentə baxmaq kifayətdir. Onun fıkrincə, musiqi, təsviri sənət və ya incəsənətin hər hansı başqa növü kimi, kinematoqrafiyaya da uşaqları erkən yaşlarından cəlb etmək lazımdır.

Münsiflər heyətinin işi çox olacaq - gənc kinematoqrafçılan təqdim etdiyi 17 ən yaxşı lenti (11 bədii və 6 sənədli lent) seçmək lazımdır. Bu işlərin müəllifləri Rüstəm İbrahimbəyovun Uşaq Kino Məktəbinin, Bakı Avropa Liseyinin, Bakıdakı orta məktəblərin şagirdləri, eləcə də onların Rusiyadan, Gürcüstandan və İsveçrədən olan yaşıdladır.

Lentlərə baxış Rübabə Mirfeyzullayevanın "Sehrli qələm" adlı qısametrajlı bədii filmindən başlanmışdır.

Elə həmin gün festivala yekun vurulmuşdur.

Festivalın baş mükafatı - Qran-pri Gürcüstanın "Pionerfilm" studiyasında çəkilmiş "Qızıl balıq" bədii filminə verilmişdir.

Fərhad Rəhimlinin (Azərbaycan) "Duel" filmi ikinci, Georgi Kobaliyanın (Gürcüstan) "Günəş və çiçəklər aləmində" filmi isə üçüncü yeri tutmuşdur.

Bakı Avropa Liseyinin 4-cü sinif şagirdi Alp Əliyevin "Balaca dostlar" filmi Xəzər Universitetinin prizini almışdır.

Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi Rübabə Mirfeyzullayevanın "Sehrli qələm" filmi "Tamaşaçı rəğbəti" mükafatına layiq görülmüşdür.

Kinofestivalın qalan iştirakçılarının hər birinə həvəsləndirici mükafat verilmişdir.

 

Respublika.- 2007.- 9 sentyabr.- S. 4.