Amanov R.
Balakəndə musiqi bayramı
Özünün yeni çiçəklənmə dövrünü yaşayan milli musiqimizin bugünkü uğuru, xalq musiqisini klassik səviyyəyə qaldıran dahi Üzeyir Hacıbəyov irsinə olan böyük hörmət və ehtiram, qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük qayğısı sayəsində Azərbaycan muğamına yeni həyat, nəfəs gətirilməsi, onun qədim köklərdərı qaynaqlanan şöhrətinin dünya səviyyəsində nümayiş etdirilməsi də bunu aydın göstərir. Balakəndə də bu gün yüksək işgüzarlıqla aparılan tikinti, quruculuq, abadlıq işləri balakənlilərə milli-mənəvi dəyərləri, o cümlədən mədəniyyət və incəsənəti, onun çox sanballı qolu olan milli musiqimizi daha da rövnəqləndirməyə geniş imkanlar yaradır. Balakən bu gün həm tikinti-quruculuq, həm də insanların mənalı istirahət ünvanıdır. Şəhərin küçələri, park və meydanları hər gün musiqi sədalarına bələnir. Onlardan birinin şəhərin Heydər Əliyev parkı istiqamətində açıq havada keçirilən "Milli musiqi bayramı"nın iştirakçısı olduq. Bayram şənliyi uşaq incəsənət məktəbinin xətti ilə təşkil olunmuşdu.
Məktəbin müəllim və şagird kollektivinin, mədəniyyət işçilərinin, valideynlərin iştirakı ilə keçirilən musiqi bayramını müəllim Əlövsət Məmmədov giriş sözü ilə açdı. O, bayram iştirakçılarına "Milli musiqi bayramı"nın yaranma tarixindən, dahi Üzeyir Hacıbəyov yaradıcılığından, onun bir bəstəkar kimi Azərbaycan musiqisinin inkişafında göstərdiyi misilsiz xidmətlərindən, bu irsin öyrənilməsi sahəsində incəsənət məktəbində görülən işlərdən ətraflı məlumat verdi. Məktəbin özfəaliyyət kollektivinin çıxışı musiqi bayramına xüsusi təravət gətirdi. Xalq çalğı alətləri orkestrinin ifasında Ü.Hacıbəyovun "Koroğlu" operasından "Üvertüra" səsləndi. Şagirdlərdən Ofelya Şabanovanın ifasında "Sənsiz" romansı, Firudin İbrahimovun oxuduğu "Qara göz" mahnısı, İntizam Şindiyevin ifa etdiyi "Əsgərin ariyası" bayram iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Xor qrupunun çıxışı Üzeyir yaradıcılığında Füzuli dünyasının böyük ustalıqla təcəssüm olunduğunu nümayiş etdirdi. Rəqs qrupunun ifasında "Çobanlar" rəqsi, həmçinin Aksana Eminovanın, Kamil Əliqayevin oxuduqları mahnılar, Rəfail Atayevin oynadığı "Dağlı rəqsi" hamının ürəyincə oldu.
"Milli musiqi bayramı"
axşamdan xeyli keçənədək davam
etdi. Məktəbin direktoru Arifə Tağıyeva tədbirdən
sonra bizimlə söhbətində onu da qeyd etdi
ki, bu tədbir
həm də məktəbimizin fəaliyyətinə,
müəllimlərimizin əməyinə
baxış oldu. Daha səmərəli çalışmaqla rayonumuzda
və respublikamızda
mədəniyyətin, incəsənətin
inkişafına bundan
sonra da yeni töhfələr bəxş etməyə səy göstərəcəyik.
Respublika.- 2007.- 23 sentyabr.- S. 3.