Aynur

 

Bir mahnın izi ilə...

 

"Sənə qalmaz" mahnısının Rusiyada "Erməni rəqsi" adı ilə təqdim olunmasının kökü ABŞ-a gedib çıxır

 

Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısının ORT kanalının "Buzlaq dövrü" proqramında "Erməni rəqsi" adı altında təqdim olunmasının kökü ABŞ-a gedib çıxır. Bunu Azərbaycanın Rusiyadakı səfıri Polad Bülbüloğlunun apardığı araşdırmalar göstərib. Səfirliyin yaydığı məlumatda deyilir ki, Polad Bülbüloğlu "Sənə də qalmaz" mahnısının melodiyasının "Erməni rəqsi" adı altında təqdim edilməsi faktına görə layihənin baş məşqçisi, əməkdar idman ustası, fiqurlu konkisürmə üzrə Avropa və dünya çempionu Aleksandr Julinlə əlaqə saxlayıb və ona etirazını bildirib. A.Julin bunu xoşagəlməz anlaşılmazlıq adlandıraraq təəssüfləndiyini söyləyib və deyib ki, rəqsin melodiyası 1999-cu ildə Amerikada buraxılan diskdən götürülüb. Səfirliyin məlumatında qeyd olunur ki, həqiqətən "Ani" diskinin üz tərəfində erməni bəstəkarı, dirijoru və ifaçısı Ara Gevorkyanın adı yazılıb. Diskə yazılmış 10 melodiyadan beşincisi "Arsax" adlanır. Julinin sözlərinə görə, rəqs üçün məhz bu melodiyadan istifadə edilib. Diskin üz qapağında 1999-cu ildə ABŞ-ın "Eye Records" şirkətində buraxıldığı bildirilir. Azərbaycanın Rusiyadakı səfirliyi hesab edir ki, bu fakt Azərbaycan Respublikasının rəsmi orqanlarının və Tofıq Quliyevin varislərinin müəlliflik hüquqlarını pozan "Eye Records" şirkətinə və diskin prodüserləri Ara Gevorkyan və Sarkis Berberyana qarşı iddia qaldırmasına hüquqi əsas verir. Xatırladaq ki, "Sənə də qalmaz"ın melodiyasının "Erməni rəqsi" adı altında təqdim olunması faktı sentyabrın 15-də baş verib. Həmin gün Rusiyanın ORT kanalının "Buzlaq dövrü" proqramında fiquristlər Saşa Savelyeva və Aleksandr Saxnovskinin ifasında rəqsin musiqi müşayiəti üçün "Erməni rəqsi" adı altında "Sənə də qalmaz" mahnısının melodiyasından istifadə edilib. Azərbaycanın Rusiyadakı səfirliyi bildirir ki, bu, Azərbaycan ictimaiyyətində haqlı qəzəb doğurub və verilişdən dərhal sonra səfirliyə çoxlu məktub və zənglər daxil olub.

 

Xalq cəbhəsi.- 2007.- 22 sentyabr.- S. 10.