Əfrasiyab Bədəlbəylinin saytı açıldı

 

Azərbaycan baletinin yaradıcısı, görkəmli bəstəkar dirijor Əfrasiyab Bədəlbəylinin memorial saytının bu gün təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, veb-sayt «Musiqi Dünyası» jurnalının elektron nəşrlər mərkəzi tərəfindən bəstəkan 100 illiyi münasibəti ilə hazırlanıb. Burada bəstəkarın əsərlərinin video, audioyazıları, çıxışlarının səsyazıları, fotoşəkilləri, məqalələri, notları toplanıb. İlk dəfə olaraq İnternetdə bəstəkarın şəxsi arxivi - əlyazmaları və epistolyar irsi - məktubları nümayiş olunur. Saytda Ə.Bədəlbəylinin həyat yolu və elmi irsi haqqında geniş məlumatlarla yanaşı, görkəmli mədəniyyət xadimlərinin ürək sözləri, çıxışları da yerləşdirilib. Veb-saytın təqdimat mərasimində Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, millət vəkili Rafael Hüseynov çıxış edərək, bu məlumatların İnternet istifadəçiləri üçün gərəkli olduğunu bildiriblər.

 

Mərkəz.- 2007.- 18 sentyabr.- S. 15.