Ələddinqızı N.

 

50 ölkəni kamança ilə dolaşan sənətkar

 

Saxtakarlıq və oğurluqla sənət yaratmağa çalışanların canlı ifa ilə qarşımıza çıxmağa istedadı və tutarlı dəlili yoxdur

 

Milli musiqi alətləri sırasında kamançanın müstəsna yeri, məxsusi havası, ahəngi vardır. Bu avaz milyonlarla dinləyiciyə əsrlərdən boylanan milli-mənəvi, əxlaqi dəyərlər əxz edərək, qan yaddaşına sirayət edir. Kamança alətinin sənət tarixində fərdi dəsti-xətti ilə seçilən ifaçıları olmuş, müasir dövrümüzdə də onların yolunu davam və inkişaf etdirən ustad sənətkarlar nəsli fəaliyyətdədir. Respublikanın xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın dosenti Fəxrəddin Dadaşov da sənət tariximizdə ifaçılıq yolunda fərdi üslubu ilə seçilir və tanınır. XXI əsrin ilk illərində milli musiqi sənətimizə dövlət tərəfindən göstərilən qayğı və diqqət ifaçılıq sənəti ilə məşğul olan şəxslərin sənətinə verilən qiymət onların daha ruh yüksəkliyi ilə çalışmasına və klassik musiqi nümunələrinin dünyanın müxtəlif ölkələrində təbliğ etməsinə mənəvi güc vermişdir. Dövlət tərəfindən klassik musiqi ifaçılarımızın - mənəvi sərvətimizin xalqa təqdim olunması Azərbaycan milli sənətinin inkişafına xüsusi bir təkan vermişdir. Kamança ustası Fəxrəddin Dadaşovla da müsahibəmiz elə milli musiqi sənətinin inkişaf prosesi və milli dəyərlərimizə olan münasibət üzərində quruldu. Özü də sənətkar üçün əlamətdar olan bir tarixdə. Belə ki, bu gün - 26 sentyabr Fəxrəddin Dadaşovun doğum günüdür. - Fəxrəddin müəllim, musiqi sənətinə gəldiyiniz illərdən zaman ötmüş, bu gün professional sənətkar kimi şöhrətlənmisiniz. İllər yaddaşınızda necə səhifələnir?
   
   - Mən ilk musiqi təhsilimi orta ixtisas musiqi məktəbində almışam. Buranı bitirdikdən sonra Bülbül adına orta ixtisas məktəbində kamança ixtisasına yiyələnmişəm. Bu sənətin ecazkarlığı kamançanın mənim üçün qaranlıq qalan tərəflərini öyrənməyə vadar etdi ki, ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum. Burada xalq çalğı alətləri şöbəsində Ramiz Mirişlinin sinfində təhsil almışam. Kamança sənəti ilə erkən vaxtlarda məşğul olmuş, 1966-cı ildən bu günə qədər professional səhnədə çıxış etmişəm. Bu mənada ki, həmin tarixdən Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında çalışmışam ki, hazırda həmin musiqi kollektivinin konsertmeysteriyəm. 1973-cü ildə isə görkəmli tarizən Həbib Bayramovun təkidi ilə Azərbaycan Dövlət Filarmoniyasına solist kimi qəbul olunmuşam. Azərbaycan sənət tarixinin çox görkəmli sənətkarlarını müşayiət etmişəm. Belə ki, respublikanın xalq artistləri Şövkət Ələkbərova, Xan Şuşinski, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, İslam Rzayev, Əlibala Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova kimi sənətkarlarla çalışmışam.
   
   - Fəxrəddin müəllim, bildiyimiz kimi, siz müşayiətçi kimi tanınmış və qeyd etdiyimiz kimi, böyük sənətkarları kamançanızla müşayiət etmisiniz. Solo ifaçılığa münasibətiniz necədir?
   
   - Mənim yaradıcılığımda həm müşayiət, həm də solo ifaçılığ yer almışdır. Deyim ki, ifaçının solo fəaliyyəti daha asandı, nəinki müşayiətçi kimi çıxış etməsi. Solo ifaçı öz ruhuna uyğun olaraq, kamançanı dinləndirir, onun öz ahənginə sala bilir. Müşayiətçi kimi çıxış etmək çətindir. Bu mənada ki, o, xanəndənin ruhuna, oxuma üslubuna daxil olmalı, reysdən kənara çıxmamalıdır.
   
   - Bəs öz ruhunuzu necə, kamançanın dili ilə ifadə edə bilirsinizmi? Bəzən dil ilə ifadə oluna bilməyən fikirlər yaradıcı şəxslərdə sənətə köçür.
   
   - Bəli, belə hallar olur. Etiraf edim ki, Qarabağ hadisələri baş verdikdən sonra uzun illər, hətta bu gün də o el-oba baş verən tarixi faciələr ifam zamanı məni tərk etmir. Bu musiqinin dili ilə xalqa çatdırılır. Mən uzun illər Qarabağda el şənliklərində, konsert proqramlarında çıxış etmişəm. Odur ki, oranın gözəlliyini heç cür unuda bilmirəm.
   
   - Azərbaycan musiqisi bu gün dünyanın, demək olar ki, bütün qitələrində səsləndirilir, dinindən, irqindən asılı olmayaraq dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır. Bu musiqini eldən-elə çatdıran sənətkarlardan biri də sizsiniz.
   
   - Təvazökarlıqdan kənar olsa da, deyim ki, dünyanın 50 ölkəsində kamança ilə birgə olmuş, milli musiqisini imkan və istedadım daxilində təqdim etmişəm. Amerika, Afrika qitələrində Şərqdə və Qərbdə, Avropa ölkələrində olmuş, klassik musiqilərimizi ifa etmişəm. Azərbaycan muğamlarını, xalq sənətini ifa etdikcə qeyri-ixtiyari olaraq bizi dinləyən şəxslər bu musiqilərin hansı xalqa, millətə məxsus olduğunu soruşurlar. Əlbəttə ki, Azərbaycanın dünya dövlətlərində tanınmasında musiqiçilərimizin də əvəzsiz xidməti vardır. Sovet məkanında yaşadığımız illərdə bir çox dünya ölkələrində hələ Azərbaycanı lazımi qədər tanımırdılar və biz məcbur olurduq ki, fərdi xəritə tərtib edib, orada Azərbaycanın coğrafi ərazisini, yerləşdiyi məkanı göstərək. YUNESKO-nun xətti ilə 1991-ci ildə Fransada mənim rəhbərlik etdiyim üçlüyün diski çıxdı. Həmin diskə "Mahur hindi", "Heyratı", "Simayi-şəms" muğam dəsgahları, eləcə də, xalq mahnıları daxil edilmişdir. Tarda respublikanın xalq artisti Möhlət Müslümov, kamançada mən xanəndə Zahid Quliyevi müşayiət etmişdik. Dünyanın elə ölkəsi var ki, orada on dəfə belə çıxış etmişəm. Məsələn, Fransada, Hollandiyada, Belçikada və digər dövlətlərdə dəfələrlə olmuşam. İlk xarici dövlətə səfərim isə 1969-cu ildə Portuqaliyaya olub. 1967-ci ildə isə Moskvada Qurultaylar Sarayında çıxış etmişəm. Dünya dövlətlərinin dinləyiciləri ifaçıdan sırf canlı musiqini tələb edirlər. Orada səhnədə heç bir səsgücləndiricidən istifadə olunmur. Alətdən çıxan təbii səs onlar üçün çox önəmlidir. Azərbaycan milli musiqisini ifa etdikcə, hiss edirik ki, milli nümunələrimiz onları dünyanın başqa aləminə aparıb, cismani dünyadan ayırır. Təbii ki, onların da özünəməxsus musiqi alətləri var. Amma qətiyyətlə deyə bilərəm ki, yeganə musiqi aləti və ifaçılıq məktəbi olmayan ermənilərdir. Onlar musiqi alətlərimizi bizdən oğurlayıb, öz adlarına çıxsalar da, müəyyən xırdalıqları etmək üçün boğazlarında o səs imkanları yoxdur. Konsert salonlarında Azərbaycan musiqisinə verilən maddi və mənəvi qiyməti gördükdən sonra ermənilər pul qazanmaq xatirinə Azərbaycan musiqi alətlərindən istifadə etməyə başlamışdılar. Bu, onların yalnız maddi tələbatından irəli gədmişdir. Saxtakarlıq və oğurluq üzərində sənət yaratmağa çalışsalar da, canlı ifa ilə bizi qarşımıza çıxmağa qüdrətləri yoxdur. Hələ 1993-cü ildə Hollandiyada səfərdə olduğum zaman bizim səsimizi yazmaq üçün studiyaya dəvət etmişdilər. Həmin anda mən otaqda stolun üstündə erməni xalq rəqsi yazılmış bir plastinka və diskə rast gəldim. Bu, mən çox qəzəbləndirdi və sübut etmək üçün diskə daxil edilən həmin rəqsləri professional bir şəkildə səsləndirdim və studiyanın rəhbəri həmin nümunələri mənim ifamda diskə yazdı. Diskin üzərində Azərbaycanın qədim tarixini əks etdirən xəritə yerləşdirildi. Bu hərəkətimin müqabilində "erməni musiqiçisi" mənə yanaşaraq, "siz siyasətlə məşğul olmağa gəlmisiniz yoxsa, musiqi ifa etməyə" sualı ilə mənə müraciət etdi. Mən isə cavabımda bildirdim ki, siz daşnaqlar bizi siyasətlə məşğul olmağa vadar etmisiniz.
   
   - Fəxrəddin müəllim, ermənilər nə qədər Azərbaycan musiqisini öz adlarına çıxsalar da, heç bir nəzəriyyəyə əsaslanmaq üçün faktları yoxdur. Musiqi sənəti tarixini əks etdirən heç bir not yazılarına istinad etməyə belə hüquqları çatmır.
   
   - Əlbəttə, bizim musiqi tariximizin mənbələrini aşkar edən dəlillərimiz kifayət qədərdir. Heç bir erməni musiqiçisi bizim muğamlarımızı dəsgah şəklində ifa etmək qabiliyyətinə malik deyillər. Tacikistanda simpoziumda iştirak etdiyim zaman təsadüfən tərtib olunmuş proqramda onların ifasında səsləndiriləcək "Bayatı-şiraz" muğamına rast gəldim və orada dəsgahın ermənilər tərəfindən beş dəqiqə ifası nəzərdə tutulmuşdur. Biz isə "Rast" muğamını ifa edəcəkdik. Musiqişünas Rafiq İmrani ilə məsləhətləşdik və belə qərara gəldik ki, "Bayatı-şiraz"ı dəsgah şəklində ifa edək. Siz təsəvvür edin ki, 50 dəqiqə bu muğamı səsləndirdik. Azərbaycan musiqiçilərinin ifasından sonra, səmimi deyirəm, heç bir iştirakçı salonda qalmadı. Çünki bu ecazkar musiqidən sonra başqa musiqi dinləmək istəmirdilər. Bizim belə gücümüz, qüvvəmiz olduğu halda, ermənilər Azərbaycan musiqisini öz adlarına çıxmaqla adlarını bir qədər də cılızlaşdırırlar. Biz bir vətəndaş olaraq, hər birimiz Azərbaycan musiqisini qorumalı, ona yad elementlərin daxil edilməsinə yol verməməliyik. Milli musiqi sənətimizə bu gün dövlət tərəfindən xüsusi diqqət və qayğı vardır. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, Mehriban xanım Əliyevanın hazırladığı layihələr əsasında milli musiqimiz dünya dövlətlərinə tam sərbəst şəkildə yol açmışdır. Onun dəstəyi ilə dünyasını dəyişmiş Azərbaycan xanəndələrinin diskinin nəfis tərtibatla buraxılması və bir çox tədbirlərin keçirilməsi Azərbaycan musiqiçilərinin fəaliyyətinin inkişaf etdirilməsinə bir stimul vermiş, onlarda böyük bir həvəs oyatmışdır. Mehriban xanıma bir çox titul və adlar verilmişdir. Mən isə deyərdim ki, Mehriban Əliyeva Azərbaycan muğamının şahzadəsidir. O, muğam sənətinin müasir dövrümüzdə inkişafına bir istiqamət verdi. Onun sağlam düşüncəsi, vətənpərvərliyi nəticəsində böyük işlər görüldü. Sanki xəstəliyə düçar olmuş bir şəxsi yenidən həyata qaytardı. Arzu edərdim ki, bu gün Azərbaycan teleməkanında yer almış bayağı musiqilərin qarşısında bir sədd çəkilsin və onlara qarşı ciddi tədbirlər görülsün. Onların efirdə səsləndirilməsinə qadağa qoyulsun. Musiqi sənətimizdə yaranmış boşluğu görən ermənilər bundan sui-istifadə etməyə çalışacaqlar. Qeyri sahənin mütəxəssislərinin musiqi sənəti ilə məşğul olmasına imkan verilməsin.
   
   - Müasir dövrümüzdə klassik musiqi əsərlərinin oranjimanına tez-tez təsadüf olunur. Sizcə, bu, qəbul olunandırmı?
   
   - Mən özüm bu yaxınlarda Polşada və İsveçrədə olmuşam və caz festivalında iştirak etmişəm. Caz ilə muğamın sintezindən yaranan gözəl musiqi nömrələrini səsləndirmişəm. Amma müəyyən ölçüləri gözləmək şərti ilə. Vaxtilə bəstəkarın yazdığı notu kimin nə ixtiyarı var ki, yenidən işləyib, təqdim etsin. Sovet məkanında yaşadığımız zaman belə saxtakarlığa yol verən insanlara qarşı xüsusi cəza tədbirləri görülürdü. Oranjimanı yalnız müəllif öz əsəri üzərində edə bilər. Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev kimi böyük sənətkarların əsərlərinin oranjiman edilməsinə bir ehtiyac vardırmı? Bütün bunlar üzərinə ciddi nəzarət qoyulmalıdır. Sənətə sənət prizmasından yanaşmaq lazımdır. SMS yolu ilə istedadlı şəxsi müəyyənləşdirmək mümkün deyil. Münsiflər heyətinin rəyi və verilən qiyməti nəticəsində müsabiqənin qalibləri seçilməlidir. Bizim bu cür gözəl musiqi dəyərlərimiz və musiqimizə dövlət tərəfindən qayğı olduğu bir zamanda bu xırdalıqların sənətimizə kölgə salmasına ehtiyac varmı? Dünya dövlətlərinin dinləyiciləri Azərbaycan musiqisi qarşısında baş əyirlər. YUNESKO-nun 60 illiyində təşkil olunmuş tədbirdə Firəngiz Əlizadənin əsəri səsləndiriləcəkdi. Təşkilatda çalışan nümayəndələrdən biri erməni olduğundan həmin əsərin Azərbaycan ifaçıları tərəfindən səsləndirilməməsinə qərar verilmişdir. Bunu eşitdiyimiz zaman Azərbaycanla əlaqə saxladıq və Mehriban xanım Əliyevanın təşəbbüsü və qətiyyəti ilə Azərbaycandan gələn musiqiçilərin tar, kamança, kanon, ney, qoşa nağara, eləcə də simfonik orkestrin müşayiəti ilə əsər səsləndirildi. İştirakçılar ifamız qarşısında baş ədilər və təkidlə musiqi nömrəsinin ikinci dəfə səsləndirilməsinə nail oldular. Görün, bizim musiqimiz nəyə qadirdir?! Belə musiqisi olan xalqın qeyri-professional sənətə və sənətçilərə ehtiyacı yoxdur!
   
   - Fəxrəddin müəllim, uzun illərdir ki, bu sənətlə məşğul olmusunuz. İfa prosesində nəyə nail olmusunuz?
   
   - Mən hər zaman klassik üsluba üstünlük vermişəm. Böyük sənətkarlar görmüş, onların yaradıcılığından bəhrələnmişəm. Habil Əliyev kimi bir sənətkarın sənət dünyasına yaxından bələd olmuşam. Bu sənət aləmində yeniliyim ondan ibarət olub ki, ifa etdiyim zaman üçlükdə harmoniyanı verə bilmişəm. Bu harmoniyanın arxasında musiqi mədəniyyəti dayanır. Müasir dövrümüzdə kamançanı çoxları viola yolu ilə çalırlar. Bu yol məni qətiyyən qane etmir. Kamançanın öz səsi olmalıdır. Düzdür, şirinlik üçün müəyyən əlavələr etmək olar, amma çox qısa bir şəkildə. Mənim tələbələrim İsmayıl Həmidov, Rauf İslamov, Mehri Əsədullayeva ümidvericidirlər. Sənətdə kamança ifaçısı kimi tanınmaq üçün 25 il vaxt lazımdır. Ötən əsrin 50-ci illərində Şəfiqə Eyvazova, Ədalət Vəzirov və mən sənətdə özümüzə yer qazana bildik. Bu sənətdə 25-30 ildən bir ifaçılar nəsli yetişir.
   
   - Ailənizdə bu sənətin daşıyıcısı varmı?
   
   - Etiraf edim ki, bu sənət olduqca məsuliyyətli və çətindir. Odur ki, heç vaxt razı olmamışam ki, övladlarım mənim yolum ilə getsinlər. Amma nəvəm Fəxrəddinin musiqiçi kimi yetişməsinə çalışacağam. Bu sənət mənim həyatının bir parçasıdır. Həyatda nə qazanmışamsa, kamança ilə buna nail olmuşam. Düzdür, bir qədər ev şəraitim yaxşı olmasa da, yaradıcılıq planlarımı hər zaman həyata keçirmişəm.
   
   - Nə vaxtsa kamançanı təhvil vermək zamanı yetişsə, onu kimə həvalə edərdiniz?
   
   - Mən bu aləti heç vaxt konkret bir şəxsə vermərəm. Ancaq muzeyə təqdim edə bilərəm. Bu alət 1961-ci ildən mənimlədir. Bu alətin 100 ildən artıq yaşı var. Kamançam 1903-cü ildə yaradılmışdır. Onunla dünyanı gəzmişəm. Bu alət olmasaydı, mənim dünyaya səyahətim də olmazdı.
   
Səs.- 2007.- 26 sentyabr.- S. 12.