Əliyev Z.
Sənətə sevgim daha da artdı
Uşaqlıq çağlarımdan nakam şairimiz Mikayıl Müşfiqin "Oxu tar, səni kim unutar?" şeirini xatırlayanda kövrəlirəm. Tale elə gətirdi ki, mənim də qismətimə tar ifaçılığı çıxdı. Onu sinəmə sıxıb sevinc-fərəhimi simlərə, pərdələrə caladım. Respublikamızın bütün bölgələrində olmuşam. Neçə-neçə xarici ölkəyə qastrol səfərlərinə getmişəm.
Özüm sevdiyim qədər tarı əcnəbi dinləyicilərə də sevdirmişəm. Qurban Pirimovun, Əhsən Dadaşovun, Baba Salahovun və bir çox başqalarının bu çalğı alətinə sonsuz məhəbbətini, ənənələrini yaşatmışam və zaman keçdikcə onların davamçıları kimi tanınmışam. Qürur hissi keçirirəm ki, tar mənim "çörək ağacım" olub. Hazırda mənim ifamda müxtəlif muğamlar, xalq mahnıları ayrı-ayrı videotekalarda, fonotekalarda saxlanılır.
Muğam şənətimizin canlı klassikləri Zeynəb Xanlarovanı, Əlibaba Məmmədovu, Arif Babayevi, İslam Rzayevi, Yaqut Abdullayevanı və bir çox başqalarını tarda müşayiət etmişəm. Neçə-neçə gənc ifaçılara qayğı göstərmişəm. İstər səhnədə, istərsə də kamera qarşısında proqramlar sona çatanda alnımın təri ilə öyünmüşəm. Çünki tarixi, şanlı ənənəni yaşadanlardan biri də mən olmuşam. Gərgin əməyim, sənət uğrunda çəkdiyim zəhmət də vaxtaşırı qiymətləndirilib. Xarici qastrol səfərlərində olarkən alqışlarla qarşılanmağım, respublikamızda təltiflər, mükafatlar, əməkdar artist fəxri ad almağım məni sevdiyim, seçdiyim sənətə daha da həvəsləndirmişdi. Bu günlərdə dövlətimizin başçısı, möhtərəm Prezident İlham Əliyevin fərmanı ilə xalq artisti fəxri ada layiq görülməyim barədə xoş xəbər eşidəndə ömrümü sərf etdiyim tara rəğbətim daha da artdı. Onu sinəmə basıb öyündüm.
Çox sağ olsun, cənab Prezident! Tar mənim amalım, idealımdır. Dövlət başçısının qayğısı mənim
bu sənətə sevgimi daha da
artırdı. Ömrüm boyu
bu qayğını unutmayacağam.
Azərbaycan.- 2007.- 20 sentyabr.- S. 1.