Əsədov B.
Bu
günlərdə "Səbuhi
AMD" Məhdud Məsuliyyətli
Cəmiyyətində Azərbaycanın
əməkdar artisti, tarzən Həmid Vəkilovun "Tarda dünya musiqisi" kompakt-diski işıq üzü görüb. Dinləyicilərə təqdim
olunan 12 əsərdən
dördü xarici bəstəkarlara - S.Coplinə
("Rektaym"), V.Montiyə
("Çardaş"), A.Zekuinhaya
("Tiko-Tiko") və
P.Sarasateyə ("Qaraçı
təranələri") məxsusdur.
Kompakt-diskə Azərbaycan bəstəkarlarından Niyazinin
"Arzu", Cahangir Cahangirovun "Rondo", Vasif Adıgözəlovun
"Bakı", Nazim
Əliverdibəyovun "Elegiya",
Tofiq Quliyevin "Qaytağıı" əsərləri,
Hacı Xanməmmədovun
"Tar və simfonik orkestr üçün 2 nömrəli
konsert"i, habelə "Şahnaz"
və "Orta mahur" muğamları da daxil edilib.
Həmid Vəkilovun
"Pyeslər" məcmuəsi
də çapdan təzə çıxıb.
Məcmuə N.Əliverdibəyovun
"Vals skertso", P.Çaykovskinin "Sentimental
vals", T.Quliyevin
"Qaytağı" əsərlərini
əhatə edir. Bu əsərlərin hamısını, habelə
Niyazinin "Arzu"sunu tar ilə
fortepiano üçün
ilk dəfə Həmid işləyib, N.Əliverdibəyovun "Elegiyası"nı tarda ilk
dəfə o, çalıb. Qarşıda
"ilk dəfə"
ifadəsinə hələ
çox müraciət
etməli olacağıq.
EUşaq
yaşlarından tar dərnəyinə gedən
Həmid sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxudu, Azərbaycan Dövlət Konservatoriyasının
(indiki Milli Konservatoriyanın) ifaçılıq
fakültəsində solist-konsert
ifaçısı, müəllim
və xalq çalğı alətləri
orkestrinin dirijoru ixtisaslarına yiyələndi. On beş yaşından konsert salonlarında musiqi kollektivlərinin tərkibində, habelə
solist kimi çıxış etməyə
başlayıb. Hələ o
vaxt tardakı imkanların yetərincə
olmadığını və
texniki çatışmazlıqları
görür, bunları
aradan qaldırmaq üçün düşünüb
yollar axtarırdı.
Zaman keçdikcə tarda bir sıra
dəyişikliklər etdi,
onu təkmilləşdirdi
və ulu Sadıqcandan sonra tara yenilik gətirmiş
ikinci musiqiçi kimi tanındı.
Həmid Vəkilov nəşrini Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "İncəsənət
və Musiqişünaslıq"
bölməsinin məsləhət
gördüyü "Azərbaycan
tarı və onun ifaçılıq problemləri haqqında təkliflər (metodik vəsait)" kitabında
yazır: "Azərbaycan
tarının inkişafı
əsasən ustad tarzən Mirzə Sadıq Əsəd oğlunun və dahi bəstəkarımız
Üzeyir Hacıbəyovun
adı ilə bağlıdır. Tarixən
çox gözəl tarzənlərimiz olmuşdur
və şükür
ki, indi də var. Ancaq
onlar tarda texniki imkanlar sahəsində yeniliklər
etməmişlər. Nə
üçün? Çünki
buna ehtiyac duymamışlar. Nədən ehtiyac
duymamışlar? Çünki
ya sələflərinin
çaldıqlarını (muğamlar, rənglər,
diringələr və
sair), ya tar üçün xüsusi yazılmış
əsərləri çalıblar,
ya da tarın
mövcud imkanlarına
əsaslanaraq Azərbaycan
və xarici ölkə bəstəkarlarının
əsərlərini tara
uyğunlaşdırıblar. "Mövcud" sözünü
təsadüfən vurğulamadım.
Tar üçün köçürmələri həyata
keçirən musiqiçilər
və ya bəstəkarlar əsərləri
tara uyğunlaşdırmışlar.
Amma tarı əsərin orijinalına,
bədii- estetik gözəlliyinə və
fəlsəfi mənasına
müvafiq dəyişməyə
(kiçicik də olsa) cəhd göstərməmişlər... Müxtəlif dövrlərdə bəzi sənətkarlar tarda dəyişikliklər
etsələr də, bu dəyişikliklər ifaçılıq həyatında
yer ala bilməmişdirE
Bu səbəbdən də həmin yeniliklər həyati dəyər daşımayaraq
musiqişünaslar tərəfindən
təcrübi çalışmalar kimi qiymətləndirilmişdir".
Həmid
konservatoriyada oxuduğu
illərdə Azərbaycan
və sovet bəstəkarlarının skripka
konsertlərini ilk dəfə orijinalda olduğu kimi çaldı. İfa zamanı qarşıya çıxan passajların
və mürəkkəb
ştrixlərin lazımi
səviyyədə icrası
tar ifaçılığı
tarixində yeni səhifələr açdı.
O, uşaq musiqi
məktəbində, Bülbül
adına Orta İxtisas Musiqi Məktəbində, konservatoriyada
müəllimliklə yanaşı
ifaçılıq fəaliyyətini,
tar üzərində
axtarışlarını davam
etdirir, tar üçün əsərlər
işləyirdi. 1979-cu ildə
Leninqradda keçirilən
estrada artistlərinin
VI Ümumittifaq müsabiqəsində
münsiflər heyətinin sədri, SSRİ
xalq artisti Arkadi Raykin laureatlar
sırasında onun da adını çəkdi. Məşhur
sovet bəstəkarı
Mark Fradkin münsiflər heyətinin
rəyini ümumiləşdirərək
dedi: "Biz çox şadıq ki, Azərbaycan müsabiqədə bir nəfərlə təmsil
olunsa da əsl mahir ifaçı göndərilmişdir".
Həmid isə minnətdarlıq edərək
bildirdi: "Bu, mənim yox, tarın qələbəsidir".
Artıq tarda əsaslı islahatlar aparmağın vaxtı çatmışdı və
Həmid Vəkilov həvəslə bu işə girişdi. O, kəllə hissəsini təkmilləşdirməklə tarı ifaçının
güvənə biləcəyi
daha mükəmməl
alətə çevirdi.
Zənc simlərin müxtəlif variantlarla köklənməsi isə
muğam ifaçılığında
yeni-yeni koloritlərin
meydana gəlməsinə
səbəb oldu. Həmid 1981-ci ildə bu və digər
yenilikləri özündə
əks etdirən müasir professional tar sifariş elədi. Özünün
bilavasitə iştirakı
və nəzarəti altında usta həmin tarı altı aya düzəldə
bildi. Eyni tardan tələbələri
üçün də
hazırlatdı.
Həmid Vəkilovun tarında səslənən
Avropa musiqisi orijinaldan qətiyyən fərqlənmir. Məsələn,
V.Montinin "Çardaş"ındakı flojaleti, yəni fit səsini
almaq üçün
o, tarda yeni üsul icad etmiş, tarın diapazonunu 2,5 oktavadan dördə çatdıraraq P.Sarasatenin
"Qaraçı təranələri"nin orijinaldakı kimi səslənməsinə
nail olmuşdur. ABŞ-ın Ankaradakı
səfirliyində kimsəsiz
uşaqlar üçün
xeyriyyə konsertinə
dəvət almış
Həmid sürpriz olaraq Amerika bəstəkarı Skott Coplinin "Rektaym" klassik caz musiqisini
tarda ifa etmiş və bununla da Azərbaycan
xalq çalğı
alətlərində cazın
ifasının təməlini
qoymuşdur. O, Azərbaycan
xalq çalğı
alətini postsovet məkanından kənarda
simfonik orkestrin müşayiəti ilə
səsləndirən ilk
sənətçimizdir. Ankarada Türkiyə
Cümhur Başkanlığı
simfonik orkestrinin müşayiəti ilə
Hacı Xanməmmədovun
"Tar ilə orkestr üçün 2 nömrəli konsert"ini ifa etdikdən
sonra orkestrin dirijoru, görkəmli rumın musiqiçisi İonesku Qalatin "bravo, heyran qaldım"
deyə Həmidi bağrına basıb.
Solo konsertləri ilə dünyanı gəzən
H.Vəkilov Azərbaycan
xalq çalğı
alətləri ifaçılığı
tarixində ilk dəfə dünya musiqisinin bir çox incisini, o cümlədən F.Mendersonun skripka konsertini, P.Sarasatenin "Əndəlüs" romansını,
F.Şopenin, D.Şostakoviçin
əsərlərini tar
üçün işləmiş və ifa edərək repertuarını zənginləşdirmişdir.
Tarzən ispan bəstəkarı
və gitaraçısı
F.Tarreqanın "Alhambra
xatirələri" əsərini
də tar üçün işləyib
və melodiyasını
malik olduğu hormonik səslərlə,
eyni zamanda müşayiət etmək
özəlliyini itirmədən
bu əsəri tarda ilk dəfə
polifonik ifa üsulu ilə çalıb.
Ustad tarzənlərimizi
bir-birindən həmişə özlərinə
məxsus ifaçılıq
xüsusiyyətləri fərqləndirib.
Lakin təfsirləri not yazısında tam dolğunluğu ilə əksini tapa bilmədiyindən tarixi baxımdan sənədləşməyib. Buna
səbəb ştrix,
üsul və üslubları yazıda təcəssüm etdirən
işarələrin, adların
müəyyən edilməməsi
olub. Həmid tara məxsus
musiqi əsərlərinin
təfsirini (interpretasiyasını)
gələcək nəsillərə
çatdırmaq üçün
bunların bəzilərini
müəyyənləşdirib və yeni işarələri
bildirən kəlmələrdən
bir termin kimi istifadə olunmasını tövsiyə
edib.
Həmid Vəkilov
1992-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasında
dosent vəzifəsinə
layiq görülüb.
Elə həmin ildən qardaş Türkiyədə Kültür
Bakanlığının dəvəti
ilə "Güzəl
sanatlar" idarəsi
nəzdində solist tarzən kimi çalışır. Qardaş
ölkədə uzman
sənətkar təki
ad çıxarıb,
hörmətini əziz
tutur, hər yerdə şükranla, təşəkkürlə qarşılayırlar.
Mərhum bəstəkarımız
Zakir Bağırov tar və simfonik
orkestr üçün
konsertini Həmidə
ithaf edib. Bu möhtəşəm əsər 1985-ci ildə özünün ifasında
SSRİ xalq artisti Nikolay Nekrasovun rəhbərliyi ilə Ümumittifaq Televiziya və Radiosunun akademik rus xalq
çalğı alətləri
orkestrinin müşayiəti
ilə lentə yazılıb və qızıl fonda daxil edilib. "Azərbaycan Televiziyası
və Radio Verilişləri" Qapalı
Səhmdar Cəmiyyətinin
qızıl fondunda da onun ifasında
çoxlu iri və kiçik həcmli lent yazısı var.
Xalq musiqimizin və milli mədəniyyətimizin
inkişafı naminə
əlindən gələni
əsirgəməyən novator
tarzən, virtuoz sənətkar Həmid Vəkilova tarı yeniləşdirməkdə və
dünya musiqisini tarda səsləndirməkdə
yeni uğurlar arzulayırıq.
Azərbaycan.-2007.- 27 sentyabr.-S.8.