Fərəcov S.
Ad, xalq qarşısındakı
xidmətə verilir
Muğam musiqimiz qərinələr,
əsrlər boyu xalqımızın geniş sinəsində
və iti zəkasında bəslənmiş, cilalanmış
bu günkü həyatımızın
tərənnümçüsü olmuşdur. İndi
uşaqdan tutmuş ağsaqqal kişiyədək hamı bir
gününü musiqisiz keçirmir. Az-az adam olar ki,
öz-özünə oxumasın, zümzümə
etməsin. Toy və bayram şənliklərində
əyləşib saatlarla musiqi dinləməsin.
Bu, xalqımızın
yüksək, nəcib zövqünə, digər
tərəfdən musiqimizin geniş diapazona,
zənginliyinə, melodikliyinə, bir sözlə
ürəkləri fəth etmək iqtidarına dəlalət
edir...
Qeyd edim ki, XX əsrdə
musiqi, xüsusilə muğam sənətimizin inkişafında
öz böyük sənətləri, zəngin səsləri
və intəhasız zəhmətləri ilə məşhur
olan Hacı Hüsü, Segah İslam, Seyid Şuşinski,
Bülbül, Xan Şuşinski və Rəşid Behbudov
söz yox ki, musiqi incəsənətimizin böyük
bahadırlarıdır. XX əsrin ikinci yarısı və
XXI əsrin birinci onilliyində muğam sənətimizi
yaşadan, nəsillərdən-nəsillərə təqdim
edən, ona yeni-yeni guşələr, xallar əlavə edib
zənginləşdirən sənət fədailərindən
biri əməkdar artist, prezident təqaüdçüsü
Sabir Mirzəyev redaksiyamızın qonağıdır.
- Hörmətli Sabir
müəllim, XXI əsrin birinci onilliyində milli
musiqimizə qayğını və onun inkişaf tempini
necə qiymətləndirirsiniz?
- Xüsusilə qeyd edim ki, ötən
əsrin 1990-1998-ci illər arasında milli musiqimiz bir
durğunluq dövrü yaşadı. Əlbəttə, bu təbii
idi. Ancaq sonrakı illərdə muğama diqqət və
qayğı yavaş-yavaş artmağa başladı. İndi hiss edirsən ki, tanrıya
şükür etmək olar ki,
sözə,
sənətə və
sənətkara qiymət verilən ölkədə
yaşayırıq. YUNESKO-nun
respublikamızdakı
xoş məramlı səfiri, Heydər Əliyev
Fondunun Prezidenti və
millət vəkili Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
muğam sənətimizin qorunması, gənc
ifaçıların seçilməsi üçün
ardıcıl müsabiqələrin keçirilməsi
bütün bu dediklərimə parlaq misaldı. Bu gün Mehriban
xanım Əliyevanın təşəbbüsü
xalqımızın qədirbilən insanları,
tanınmış və görkəmli
sənətçiləri tərəfindən
alqışlanır...
- Eşidib bildiyimə görə, Sizin də sənətə gəlməyiniz Seyid Şuşinski ilə bağlıdır. Səsinizi eşidir və bəyənir. Nəticədə də təklif edir ki, onun məktəbinə gələsiniz.
- 1960-cı il idi. Sov.
İKP MK-nın Baş
katibi N.S.Xruşşov
Bakıya gəlirdi. Həmin ərəfədə "Çiçəklənən Azərbaycan" festivalı
keçirilirdi. Festivalda mən də
iştirak
edirdim.
Orada Seyid
Şuşinski məni dinlədi və səsimi bəyəndi.
Sonra bildirdi ki, gələn il sənədlərini qaydaya salar
və yanıma gələrsən. Mən də iki ildən
sonra gəldim. Sənədlərimi
Asəf Zeynallı adına texnikuma
verdim... Bir şeyi də
qeyd etmək istərdim. Düzdü,
məktəb A.Zeynallı
adına idi. Amma hamı oranı
S.Şuşinski məktəbi
kimi tanıyırdı.
Orada oxuyan tələbələrin
hansından soruşsaydın
ki, harada oxuyursan? O, dərhal cavab verərdi: - Seyid Şuşinskinin məktəbində oxuyuram.
Bu hadisənin eynən oxşarına Gürcüstanın paytaxtı
- Sabir müəllim, xeyli vaxtdı respublikamızın
ictimai-mədəni həyatında
görkəmli muğam
ustası kimi çıxış edirsiniz.
Hökumətimiz də, xalqımız
da Sizi təcrübəli,
muğam sənətinin
kamil bilicisi kimi tanıyır. Belə olan halda, niyə
respublikamızın musiqi-elm
ocaqlarından biri ilə əlaqə qurmursunuz?
- Sualı çox düzgün qoydunuz. Bu təşəbbüsüm olub. Hələ xeyli vaxt əvvəl
Asəf Zeynallı adına məktəbin
rəhbərliyinə bu
məqsədlə müraciət
etdim. Müraciətimə cavab olaraq bildirdilər ki, bəs yer yoxdur.
Tələbə azdır... və
ilaxır. Mən də
sakitcə gəlib oturdum yerimdə. Fikirləşdim ki, Asəf Zeynallı adına məktəbdə
yenə cavab verdilər, Konservatoriyada yəqin ki, heç... Bir də ki, bizim ölkənin yazılmamış
qanunları var. "Dəvət
olunmuş yerə ar eləmə, dəvət edilməmiş
yeri dar eləmə". Məni də
həmin musiqi-elm ocaqlarının birinə
dəvət etmədilər. İndi isə Mədəniyyət
və Turizm Nazirliyi yeni "Muğam Mərkəzi" təsis etdi. Məktəb "Yaşıl
Teatr"ın nəzdində
yaradıldı. İndi həmin
muğam məktəbindəyəm.
- On dörd ildir respublikamız müharibə vəziyyətindədir.
Bir milyondan çox vətəndaşımız yurd-yuvasından
köçkün düşdü.
Xeyli vaxt "Çadır şəhərcik"lərində, "Fin evləri"ndə yaşadı.
Xalqımız çox
əziyyət çəkdi...
Həmin
məcburi köçkün
düşərgələrində xeyriyyə konsertiniz olubdurmu?
- Əlbəttə,
olubdur. 2002-ci ilədək
hər ay, iki ayda bir dəfə
belə xeyriyyə konsertlərim olurdu. Ancaq
2003-cü ildə ümummilli
liderimiz, respublika prezidenti, mərhum Heydər Əliyevin 80 illik yubileyi olacaqdı. Bu münasibətlə
söz verdim ki, məcburi köçkün bacı-qardaşlarımız
qarşısında 100 xeyriyyə
konserti verəcəm:
Qeyd edim ki, Sabirabad rayonu
"Qalaqayın çadır şəhərciyində", Saatlı rayonu "Krasnoselski" çadır şəhərciyində, Biləsuvar, İmişli, Bərdə rayonları ərazisindəki
çadırda və
fin evlərində, vaqonlarda
məskunlaşmış bacı-qardaşlarımız
önündə 47, döyüş
bölgəsində qulluq
edən əsgərlərimiz
önündə 13, cəzaçəkmə
müəssisələrində 8 xeyriyyə konserti vermişəm.
Söz verdiyim 100 xeyriyyə konsertindən cəmi 68-ni
verə bildim. Ulu öndərimiz
2003-cü ilin sonunda vəfat etdi. Bu xeyriyyə işim
də yarımçıq
qaldı. Onu da deyim ki,
xeyriyyə konserti verdiyim bir neçə
hərbi hissələrin
komandanlığı tərəfindən
"Fəxri fərman"
da almışam...
- Yəqin yadınızdadır, möhtərəm
prezident İlham Əliyev XIX-XX əsrdə
yaşamış muğam
sənətimizin banisi
Cabbar Qaryağdıoğlunun
xatirəsinin əbədiləşdirilməsi
üçün sərəncam
imzaladı...?
- Sərəncamı qəzetdə
oxudum. Bu doğrudan
da, çox lazım idi. Ürəkdən alqışladım. Onu da deyim ki,
bizim nəsil Cabbar Qaryağdıoğlunu
görməyib. O, səhv
etmirəmsə 1944-cü il tarixdə vəfat edibdir. Rəhmətlik Seyid Şuşinski
Cabbar haqqında maraqlı söhbət edərdi. Deyərdi ki, o, bizim müəllimimiz olubdur.
Həyat
ondan bir də yetirməz. O, Şərqin,
Qərbin musiqi korifeyi idi... Onun xalqımızın musiqi tarixindəki xidmətlərini
saymaqla qurtarmaz. Təsəvvür edirsiniz,
onun 300-dən çox
əsəri var. Daha sonra deyirdi: - "Başqa sənət dostlarım kimi, mən də ustadım Cabbar Qaryağdıoğlundan çox
şey öyrənmişəm.
Onun gözəl oxumalarını,
coşğun zəngulələrini
çox dinləmişəm.
Başqa
bir zövqlə oxuduğu "Heyratı",
"Mahur", "Mənsuriyyə"
muğamlarına qulaq
asanda ürəyim titrəyərdi. Mən
fəxr edirəm ki, böyük Cabbarın tələbəsiyəm..."
- Respublika
Prezidenti cənab İlham Əliyev sərəncam imzaladı. Bir çox
sənət adamlarına fəxri
adlar verildi. Siz də "Əməkdar
artist" adı aldınız.
Bu sərəncamı gözləyirdinizmi?
- Gözləyirdiniz deyəndə,
belə bir sərəncamdan xəbərim
yox idi. Ancaq bu fəxri ad məlumdur ki, adətən xalq qarşısında
az-çox
xidmətləri olan
şəxslərə - sənət
adamlarına verilir.
Mənim
də xalq qarşısında xidmətlərim
hamıya məlumdur.
İnanırdım ki, belə bir sərəncam olacaq. Ola bilməz ki,
zəhmət çəkəsən,
dəyər verməsinlər.
Əski sovetlər dövründə bu ola bilərdi.
İndi isə Azərbaycan müstəqil dövlətdir.
Əlinin üstündə əl yoxdur. Elə hesab edirəm ki, milli, müstəqil
hökumətimiz vətəndaşlarının
zəhmətinin hədər
getməsinə biganə
qalmaz. Bu mənada,
belə bir sərəncamın olacağına
inanırdım və
gözləyirdim...
Mədəniyyət.- 2007.- 28 sentyabr.-
S. 7.